Milli Prioritetlər Qarabağın dirçəliş prosesini daha da sürətləndirəcək

0
21

İşğaldan azad edilmiş rayonlarımızdan çəkilmiş foto və videomateriallardan aydın görünür ki, erməni vandalları həmin ərazilərdə daşı daş üstündə qoymayıblar. Bütün infrastruktur yerlə-yeksan edilib, evlər dağıdılıb, tarixi və dini abidələr məhv olunub. Eyni zamanda, erməni vəhşiləri hər tərəfi minalayaraq həyat üçün təhlükə mənbəyinə çeviriblər.

Prezident İlham  Əliyev işğaldan azad edilən torpaqlarımızı qarış-qarış gəzir, uzun illər Ermənistan rəhbərliyi və onun havadarlarının gizlətdikləri vəhşilikləri və buna göz yuman beynəlxalq təşkilatları tutarlı faktlarla ifşa edir. Fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər edən dövlətimizin başçısı bu rayonların erməni vəhşiləri tərəfindən viran edilmiş yaşayış məntəqələrini – Həkəri, Giləbird, Yusifbəyli, Muradxanlı, Xəndək, Bala Soltanlı və digər kəndləri göstərərək onları erməni faşizminin əməlləri kimi dəyərləndirib.

Dövlətimizin başçısı bildirib ki, artıq kəndlərin də bərpasına  başlanılır. Həmin ilk kənd isə bir neçə aydan sonra yenidən qurulması prosesinə start veriləcək və “Ağıllı kənd” konsepsiyası əsasında qurulması nəzərdə tutulan  Zəngilan rayonunun dağıdılmış İkinci Ağalı kəndidir: “Bu, bərpa ediləcək birinci kənd olacaq.” “Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik” deyən Prezident İlham Əliyevin iştirakı ilə Laçının Güləbird kəndində qısa müddətdə bərpa  edilən və açılışı keçirilən 8 meqavatlıq Güləbird Su Elektrik Stansiyasının açılışını işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılmasının ilkin qaranquşu adlandırmaq olar. Cənab Prezidentin bildirdiyi kimi, bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var: “Əgər biz nəzərdə tutduğumuz digər layihələrə də nəzər salsaq görərik ki, bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensialı var. Onların arasında ən böyük potensiala “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları malik olacaqdır. Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni, biz bir neçə ildən sonra 120 meqavat “Xudafərin” və “Qız qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq.”.  Yeri gəlmişkən qeyd edək ki, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb.

Qarabağın bərpası dövlətimizin başçısının fevralın 2-də imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamı ilə də müəyyənləşdirilən əsas hədəflər sırasında xüsusi yer alıb. Həmin sənəddə deyilir ki, işğaldan azad edilən ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalı, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. İqtisadçıların fikrincə, Milli Prioritetlər Qarabağın dirçəliş prosesini  daha da sürətləndirəcək və Qarabağımız ən yaxın illərdə gülüstana çevriləcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”