“Milli” nigarançılıq

484

Son günlər hamı Xoşqədəmi axtarır. O da nədənsə üzə çıxmır ki, çıxmır. Heç görünüb bir açıqlama-filan da vermir e… Elə bil baş verənlərin ona heç bir aidiyyəti yoxdur. Elə bil bütün bunlar onun ürəyincədir. Kim bilir, bu bəlkə belə deyil, sadəcə, mən biçarənin bundan xəbəri yoxdur. Güman edirəm ki, bu təxmini fikirlərimə görə məni qınayan olmayacaq.
Mən elə bu düşüncələrim əsasında bu yazını davam etdirirdim ki, bir tanışım yanıma söhbətə gəldi. Tanışım başladı ki, bəs xəbərin var da xəbərdən, “Xoşqədəmlə axtarıram səni” də bağladılar, indən belə bu camaat nəyə baxacaq?
Bu sözləri deyəndən sonra tanışım rəyimi soruşdu. Mən cavab verdim ki, hələ sözünü qurtar, axırda cavab verərəm. Tanışım davam etdi:
– İnsafən, maraqlı bir veriliş idi. İnandırım səni, həmin verilişə baxanda anam elə kövrəlirdi, elə kövrəlirdi ki… göz yaşlarını silməyə dəsmal çatdıra bilmirdik. Artıq neçə gündür ki, anam o dəsmallara baxıb ağlayır. O, dəsmalları həmin verilişdə nümayiş etdirmək fikrində idi. Görünür, qismət deyilmiş. Hərdən də deyir ki, istəyirəm Xoşqədəmin hüquqlarını müdafiə edən bir komitədən-filandan təşkil edim. Səncə, belə bir işin qulpundan yapışsa, bir nəticə hasil olar?
Tanışım bu sualı ilə yenə mənim rəyimi bilmək istədi. Dedim:
– Hələ sözünü qurtar, mən axırda birdən cavab verərəm.
Tanışım davam etdi:
– Mən hələ həyat yoldaşımı demirəm… O veriliş başlayan kimi zalım qızı özünü unudurdu e… Hə, yaxşı yadıma düşdü: elə səninlə söhbətə gələndə də rayonda yaşayan bir dostum zəng edib, Xoşqədəmlə maraqlandı. Elə bil bu millətin bu gün bundan vacib bir problemi yoxdur. Dedim, a kişi, başını aşağı sal, təsərrüfatınla məşğul ol. Digər problemlərini çöz… Nə cavab versə yaxşıdır? Dedi ki, gözümü açandan mən kənddə yaşayıram. İndiyədək dəfələrlə suyumuz da kəsilib, işığımız da… Lakin heç bir zaman bütün bunlardan Xoşqədəmin “veto” qoyulmuş verilişi qədər danışılmayıb. Gör e… Xoşqədəm bu verilişi ilə camaatın ürəyinə necə yol tapıb? İşdi-şayəd, onu şəhərdə görsən, mənim nigarançılığımı ona çatdır. Bəlkə, bu işdə mənə kömək edəsən?
Tanışım yenə dinmədiyimi görüb:
– Hə, yadıma düşdü, dedin axı axırda birdən cavab verəcəyəm.
Tanışım davam etdi:
– Mənə elə gəlir ki, bu verilişin belə populyarlaşmasında, reytinq qazanmasında, Xoşqədəm xanımın sözləri ilə desək, reytinqləri qırmaqda dövlət qurumlarının da kifayət qədər xidmətləri olub. Nədən ki, fikrimcə, məsələn, sənədsiz-filansız bir vətəndaşı pasportla təmin etmək nə Xoşqədəmin səlahiyyətləri daxilində idi, nə də ora dəvət olunan dəyərli ekspertlərin. Belə olan təqdirdə, həmin qurumların bu xanımı, onun çalışdığı televiziya kanalını Milli Televiziya və Radio Şurasının caynağından qurtarmamasını heç cür başa düşə bilmirəm. Başqa sözlə, onu bu mərtəbəyə qaldırandan sonra yerə vurmağın nə mənası var idi axı? Olmaya, Xoşqədəm kimlərinsə toyuğuna “kiş” deyib? Bəlkə, dinəsən, bir söz deyəsən? Hə, eşitdiyimə görə, bu xanım bu mövsümdə dövlətin pulunu havaya sovuranları, camaatın problemləri ilə maraqlanmayanları da axtarmaq niyyətinə düşübmüş. Bu da bəzi rəsmilərin heç ürəyincə ola bilməz axı? Guya elə bu səbəbdən verilişi bağlayıblar. Səncə, bu, doğrudur?
Tanışım yenə mənə baxdı, rəyimi bilmək istədi… Bu dəfə onun nigarançılığına son qoymaq istədim. Odur ki, dedim:
– Əvvəla, çox uzun danışdın. Üstəlik, o qədər hətərən-pətərən danışdın ki, lap qulaqlarım taqqıldadı. İkincisi, mənə ünvanladığın suallara gəldikdə, mən Xoşqədəmi-filanı axtarmaq fikrində deyiləm. Bilmək istəyirsənmi niyə? Ona görə ki, mən bu məsələdə haqqı, ədaləti axtarıram. Üçüncüsü, mənə belə gəlir ki, bu gün cəmiyyətimizdə mənəviyyatla bağlı efirdə nümayiş etdirilən hər bir verilişin rəndələnməsinə ciddi ehtiyac var. Bizim bəlalarımızın əksəriyyətinin əsasında da elə vaxtında rəndələməməyimiz durur.
Bu zaman tanışım ayağa durdu və acizanə dilləndi:
– Mən gedirəm, amma xahiş edirəm, o haqqı, ədaləti tapan kimi mənə də məlumat ver ki, sorğu-suala tutanlardan canımı qurtara bilim.

Qvami Məhəbbətoğlu