Milli Musiqi Günü təntənəli şəkildə qeyd olunur

560

18 sentyabr Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Bu münasibətlə sentyabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin və digər görkəmli sənətkarların məzarlarını ziyarət etdilər, məzarları önünə tər çiçək dəstələri qoyaraq, xatirələrini hörmətlə yad etdilər.

Mərasim iştirakçıları ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq, məzarları üzərinə tər çiçək dəstələri düzdülər.

Milli Musiqi Günündə həmçinin Müslüm Maqomayev, Rəşid Behbudov, Qara Qarayev, Fikirət Əmirov, Niyazi və Tofiq Quliyevin də məzarları ziyarət olundu.

Üzeyir bəyin məzarı başında

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: “Bu gün Azərbaycan Dövlət Himninin bəstəkarı, musiqimizi dünyaya tanıdan, şərqdə ilk operanı yaradan, dahi Üzeyir Hacıbəylinin doğum günüdür. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimizin 1995-ci ildə – dahi bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu il də dahi Üzeyir Hacıbəylinin doğum günü bütün musiqi müəssisələrində geniş şəkildə qeyd ediləcək. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Artıq ənənəvi olaraq keçirilən Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş bu festivallar ölkəmizin mədəni həyatında hər il böyük əks-səda doğurur. Festivalın konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər”.

Nazir vurğuladı ki, həmişə olduğu kimi, bu dəfə də sentyabrın 18-dən Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayacaq və sentyabrın 27-dək davam edəcək.

Mərasimdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Şəbi-hicran” əsəri səsləndirildi.

Milli Musiqi Günü Milli Konservatoriyada davam etdi

Tədbir daha sonra Azərbaycan Milli Konservatoriyasında konsert proqramı ilə davam etdi.

Konsertdən öncə çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Milli Musiqi Gününün əhəmiyyətindən söz açdı. Görkəmli bəstəkarın zəngin həyat və yaradıcılığından danışmaqla yanaşı, onun milli Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini xüsusi qeyd etdi.

Tədbirdə çıxış edən Əbülfəs Qarayev bayram münasibətilə musiqisevərləri təbrik etdi. Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasındakı rolunu diqqətə çatdırdı. Bildirdi ki, Üzeyir Hacıbəyli musiqi irsimizin tədqiqi ilə yanaşı, gənc milli kadrların yetişməsinə, irəli çəkilməsinə xüsusi önəm verib. Bir sözlə, onun milli musiqimizin inkişafındakı xidmətləri əvəzsizdir.

Sonra Xalq Çalğı Alətləri Orkestrinin ifasında dahi bəstəkarın “Koroğlu” operasından uvertura və “Qarabağ şikəstəsi” ifa olundu.

“Güllələnmiş heykəllər” abidəsi ziyarət olundu

Sonra Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli İncəsənət Muzeyinin bağında nümayiş olunan “Güllələnmiş heykəllər” abidəsini ziyarət etdilər. Bir vaxtlar doğma şəhərləri Şuşada ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri işğaldan sonra Bakıda, bu məkanda qərar tutub. Abidələr önünə tər güllər düzüldü, xatirələri hörmətlə anıldı.

Növbəti məkan Bakı Musiqi Akademiyası oldu

Daha sonra Milli Musiqi Günü tədbirləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında davam etdi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, bu gün Azərbaycan mədəniyyətinin, mənəviyyatının formalaşmasında böyük rolu olan Üzeyir bəyin doğum günü kimi tarixə düşüb. Milli Musiqi Günü münasibətlə keçirilən tədbirlər haqqında danışan nazir bildirdi ki, Üzeyir Hacıbəyliyə həsr olunan ənənəvi beynəlxalq musiqi festivalı hər il sənət aləmində böyük marağa səbəb olur: “Hər il olduğu kimi bu il də dahi bəstəkarın doğum günü geniş şəkildə qeyd olunacaq. Bu il də Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində teatr, konsert salonlarında, muzeylərdə musiqi məktəblərində müxtəlif tədbirlər keçirilərəck”.

Nazir vurğuladı ki, hazırda musiqi ifaçılarımız bütün Avropada uğurla çıxış edirlər, festivallarda və müsabiqələrdə uğurlar qazanırlar: “Əsası Üzeyir bəylə qoyulan peşəkar musiqimiz bu gün dünyada layiqincə təmsil olunur. Üzeyir Hacıbəylinin adı Azərbaycan xalqının yaddaşında silinməz hərflərlə yazılıb və o müqəddəs şəxsiyyətin adı heç zaman unudulmayacaq. Eyni zamanda sentyabrın 18-də Azərbaycan musiqisinin digər nümayəndəsi, böyük bəstəkarımız Müslüm Maqomayevin də ad ünüdür. Bizim milli musiqimizin zəngin ənənələri bu gün də iunkişaf etməkdədir. Azərbaycan musiqisi bu gün ölkəmizin hüdudlarını aşaraq dünyanın müxtəlif ölkələrində təqdim olunur”.

Nazir sonda bir daha qeyd etdi ki, Azərbaycan dövləti və milləti var olduqca Üzeyir Hacıbəylinin sənəti də, şəxsiyyəti də yaşayacaq.

Əbülfəs Qarayev hazırda “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının keçirildiyini diqqətə çatdıraraq bu festivalda da musiqinin öz yerini tutduğunu vurğuladı. Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Fikirət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunan yubiley tədbirinin keçiriləcəyini də vurğuladı.

Tədbirdə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olundu.

Qeyd edək ki, festival çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər mədəniyyət ocaqlarında, müxtəlif konsert salonlarında dahi Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri həm yerli, həm də xarici ölkələrin musiqiçilərinin ifasında təqdim olunacaq.