Milli Kulinariya Mərkəzinin 25 illik yubileyi qeyd olundu

0
497

Mayın 4-də “Sərin” restoranında Azərbaycan Milli Kulinariya Mərkəzinin 25 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə keçirildi.

Tədbirdə hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların təmsilçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın 23 şəhər və rayonundan qonaqlar, tanınmış kulinarlar iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə aşpaz və qənnadıçıların AMKM-nın 25 illik yubileyi münasibəti ilə hazırladıqları mətbəx nümunələrinə və Azərbaycan Rəssamlar İttifaqının yubileyə həsr olunmuş rəsm əsərlərinə baxdılar. Burada həmçinin AMKM-nın 25 illər ərzində fəaliyyətini əks etdirən fotolar da nümayiş olunurdu.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bu gün Azərbaycan xalqının yaratdığı tarixi abidələrin, maddi və qeyri-maddi mədəniyyət nümunələrinin dünya arenasında tanıdılması ölkəmizin müstəqillik əldə etməsinin nəticəsidir: “Azərbaycan müstəqillik əldə etmədən öncə milli kulinariyanın təbliği və inkişafı haqqında düşünmək mümkün deyildi. Çünki həmin dövrdə milli dəyərləri tanıtmaq hüququmuz yox idi. Lakin müstəqillik əldə etdikdən sonra bütün sahələr kimi, milli kulinariya da öz sözünü deməyə başladı. Bu gün AMKM-nın 25 illik yubileyinin qeyd olunması olduqca əhəmiyyətli hadisədir. Baxmayaraq ki, 25 il o qədər də böyük vaxt deyil, amma bu dövr ərzində AMKM ölkəmizin zəngin mətbəxinin tanıdılması üçün səmərəli fəaliyyət göstərib. Bu illər ərzində bütün sahələrdə olduğu kimi kulinariya sahəsində də Azərbaycan xalqının qədim dövürlərdən qoruyub saxladığı, və gündən-günə inkişaf etdirdiyi mətbəx nümunələri bu gün dünya səviyyəsində tanıdılır, təbliğ olunur”.

Nazir vurğuladı ki, AMKM beynəlxalq festivallarda iştirak edərək, ölkəyə qələbə ilə qayıdır. Artıq dünyanın bir çox ölkəsi Azərbaycanın zəngin mətbəxindən xəbərdardır. Bu, 25 ilin uğuru olmaqla yanaşı, ölkə başçısı Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və çoxşaxəli humanitar fəaliyyətinin nəticəsidir.

Əbülfəs Qarayev vurğuladı ki, bu gün Azərbaycan mədəniyyəti dünya mədəni irsinin ayrılmaz bir hissəsinə çevrilib. Bildirdi ki, xalqımızın yaratdığı maddi və qeyri-maddi mədəniyyət nümunələrinin UNESCO-nun dünyanın mədəni irs siyahısına salınması və müxtəlif ölkələrdə mədəni təqdimatların keçirilməsi Azərbaycanın zəngin mədəniyyətinin tanıdılmasına öz töhvələrini verir.

Nazir onu da vurğuladı ki, işğalçı Ermənistan tərəfindən təkcə torpaqlarımız və tarixi abidələrimiz qəsb edilməyib, eləcə də mətbəx nümunələrimizə də zaman-zaman təcavüz halları baş verir: “Azərbaycan mədəniyyəti daşıyıcılarının bədnam qonşularımız tərəfindən təzyiqlərə məruz qalması heç kimə sirr deyil. Bədnam qonşularımız nəinki torpaqlarımıza, hətta mədəniyyətimizə də təcavüz edirlər. Azərbaycan mətbəxi də bu proseslərdən kənarda qalmayıb. Məlum olduğu kimi, mənfur ermənilər tərəfindən bir sıra milli yeməklərimiz, həmçinin, ötən il bütün Şərqdə hazırlanan lavaşı mənimsəməyə səy göstərildi. Onlar lavaşın qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət etdilər. Bu, təcavüz deyilmi?! Ona görə də Azərbaycan dövləti digər dövlətlərin mədəniyyət xadimləri və diplomatları ilə birləşərək lavaşın bütün Şərqə məxsus olması barədə sübutlar təqdim etdi. Və biz bu haqsızlığın qarşısını aldıq”.

Əbülfəs Qarayev həmçinin onu da vurğuladı ki, hazırda türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün fayllar hazırlanır.

Nazir ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın AMKM-nin 25 illiyi münasibətilə təbrik məktubunu Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanova təqdim etdi.

Əbülfəs Qarayev daha sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamını diqqətə çatdırdı. Azərbaycan milli mətbəx mədəniyyətinin təbliğində səmərəli fəaliyyətlərinə görə təltif olunmuş Oruc Əliyev və Tahir Əmiraslanova “Əməkdar mədəniyyət işçisi” fəxri adını təqdim etdi. Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı AMKM-nin direktor müavini Ceyran Əsgərova və AMKM-nin baş kulinarı Nailə Mürsəlovaya verildi. “Fəxri turizm işçisi” döş nişanı isə AMKM-nin baş mühəndis texnoloqu Tünzalə Məmmədazdə, AMKM-nin idarə heyətinin üzvləri Elnurə Quliyeva və Anar Qasımova təqdim olundu. Həmçinin bir qrup kulinara isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Fərman”ları təltif olundu.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov qurumun 25 illik fəaliyyəti haqqında geniş hesabat məruzə ilə çıxış etdi. Bildirdi ki, AMKM yarandığı gündən Azərbaycan mətbəxinin tədqiqində, əhalinin kulinariya sahəsində maarifləndirilməsində, kulinariya mədəniyyəti və təcrübəsinin yayılmasında, milli mətbəx nümunələrinin toplanması, dünya miqyasında tanıdılması və təbliği istiqamətində mühüm işlər görüb.

Tahir Əmiraslanov SSRİ məkanından Ümumdünya Kulinariya Təşkilatları Birliyinə (ÜKTB) 1992-ci ildə daxil olan ilk təşkilat olduğunu vurğuladı: “AMKM ölkəmizi dünyada təmsil edən, informasiya blokadasını yara bilən ilk qurumlardandır. Buna yüksək qiymət verən ümummilli lider Heydər Əliyev 1994-cü ildə ÜKTB-nin Dünya Konqresinə məktubla müraciət edərək, Azərbaycanla əməkdaşlığı irəli sürüb. AMKM bu gün artıq 100 ölkənin üzv olduğu Ümumdünya Kulinariya Təşkilatının rəhbərliyində təmsil edilir. Ötən 25 il ərzində beynəlxalq yarışlardan ölkəmizə 45 kq-dan çox qızıl, gümüş, bürünc medallar, həmçinin, Dünya Kulinariya Kuboku gətirilib. Bundan əlavə, təşkilatın ən böyük nailiyyətlərindən biri də “Azərbaycan mətbəxi” kitabının dünyada birinci yerə çıxmasıdır. Ümid edirəm ki, bu uğurlar davamlı olacaq və zəngin tarixə malik olan milli mənəvi dəyərlərimizin dünyada tanıdılmasında mütərəqqi addımlar atılacaq”.

Tahir Əmiraslanov həmçinin tədbirdə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın AMKM-nin 25 illiyinə ünvanlanmış təbrik məktubunu da səsləndirdi.

Digər çıxış edən qonaqlar AMKM-in keçdiyi tarixi yola nəzər yetirərək, Azərbaycan mətbəxinin toplanması, tədqiqatı, təbliği və qorunması istiqamətində əldə etdiyi nailiyyətlərdən danışdılar.

Qeyd edək ki, AMKM 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB), 1998-ci ildən isə UNESCO-nun Xalq Yaradıcılığı Təşkilatının Ənənəvi Qida Komitəsinin üzvüdür. Təşkilat 25-ci (Almaniya), 26-cı (Norveç), 27-ci (İsrail), 28-ci (Avstraliya), 29-cu (Hollandiya), 30-cu (Yaponiya), 31-ci (İrlandiya), 33-cü (Birləşmiş Ərəb Əmirlikləri) 34-cü (Çili) Dünya Kulinariya Konqreslərində, Avropa Konfranslarında (Almaniya, İtaliya, Çexiya, Avstriya) fəal iştirak edib. AMKM Azərbaycan mətbəx tarixini, mədəniyyətini dövlət siyasəti səviyyəsində özəlləşdirən erməniləri beynəlxalq səviyyədə ifşa edib və Ermənistan Respublikası Nazirlər Sovetinin, Ermənistan Elmlər Akademiyasının 1959-cu ildən etibarən bu istiqamətdə gördükləri işin inkişafını dayandırmağa müəssər olub.