Milli gəlinliklərimiz “evdə qalıb”

0
588

Gəlin olmaq, ağ gəlinlik geyinmək hər bir gənc qızın arzusudur. Hər gənc qız toy günü gözəl görünmək istəyir. Bunun üçün hər şeyi əvvəlcədən hazırlayır, planlayırlar, hər şeyin qüsursuz olmasını istəyirlər. Bu zaman ən çox diqqət olunan məqam isə gəlinlik paltarının gözəl olması, yaraşmasıdır. Aylar əvvəldən seçilib, sifariş olunan gəlinliklər bəzən də xarici ölkələrdən gətirilir. Hazırda ölkəmizdə satılan, icarəyə verilən gəlinliklərin çoxu xarici ölkələrdən gətirilir. Bəs, görəsən, ölkəmizdə necə, milli gəlinliklərin istehsalı ilə məşğul olan yerlər varmı? Yoxsa gəlinliklərin hamısı xaricdənmi gətirilir?
Mövzu ilə bağlı suallarımızı Bakı Milli Geyim Evinin art-direktoru Könül Vəlibəyli bildirdi ki, hazırda Azərbaycanda satılan, yaxud icarəyə verilən gəlinliklərin 90 faizi Türkiyədə tikilərək ölkəmizə gətirilir. Ölkəmizdə gəlinliklərin kütləvi şəkildə hazırlanması, tikilməsi ilə məşğul olan obyektlər, fabriklər yoxdur: “Çünki milli gəlinliklərə elə bir tələbat da yoxdur. Gərək kütləvi sayda tələbat olsun ki, şərait yaradılsın. Gəlinlik paltarının tikiş qiyməti, qiymətli parçaların ölkəyə gətirilməsi, çoxlu sayda işçinin işləməsi, bunların hamısı yüksək məbləğdə pul tələb edir. Bunun üçün də mən inanmıram ki, yaxın gələcəkdə bizdə kütləvi şəkildə bu işlə məşğul olan tikiş sexləri fəaliyyət göstərsin. Ancaq atelyelərin çoxu xüsusi sifarişlə gəlinliklər tikirlər. Bunların isə qiyməti çox baha olur. Buna görə də gənclərimiz daha çox gəlinlik paltarlarını kirayə götürməyə üstünlük verirlər. Bizim milli gəlinliklərimiz isə özəl olaraq hazırlanır. Bu donlar əsrlərə, ənənələrə əsasən tikilir. Biz daha çox 19, 20-ci əsrlərə xas milli gəlinliklər tikirik. Milli gəlinliklərə daha çox hicablı xanımlar və milli mentalitetə dəyər verənlər üstünlük verirlər. Bu gün daha çox milli geyimləri xınayaxdı mərasimi və fotosessiya üçün alırlar, kirayəyə götürürlər. İndi elə bir zəmanədə yaşayırıq ki, artıq internet vasitəsilə dünyanın hər yerindən gəlinlik sifariş etmək olur. ABŞ-dan belə gəlinlik gətirənlər var. Hətta gedib Türkiyədə, Avropada ən məşhur modelyerlərə gəlinlik tikdirirlər. Təbii ki, bu da maddi vəziyyətlə bağlı bir şeydir. Bizim milli gəlinliklərimiz əsasən ağ və gümüşü rəngdə olur. Keçmişdə isə qırmızı rəngdə olub. İndi isə qırmızı donu daha çox xınayaxdıda geyinirlər. Milli gəlinlikləri çox az hazırlayırıq. Çünki tələbat çox deyil. İndi gənclərimizin çoxu avropasayağı müasir gəlinliklərə üstünlük verirlər. Ancaq mən düşünürəm ki, milli gəlinliklərimiz daha gözəldir”.
Gəlinliklərin qiyməti isə hər mağazada fərqlidir. Satıcılar bunu gəlinliklərin gətirilmə yeri ilə əlaqələndirirlər. Qiymətlər haqqında məlumat almaq üçün şəhərin bir neçə tanınmış gəlinlik donlar icarəyə verən yerləri ilə əlaqə saxladıq. “SHAFA studio gəlinliklər məkanı”ndan aldığımız məlumata görə, burada gəlinliklərin icarə haqqı 500 manatdan 2500 manatadək dəyişir: “Bizdə gəlinliklər satılmır. Ancaq icarəyə verilir. İcarə qiymətləri də donlara görə dəyişir”.
Digər bir gəlinlik salonu “Celine”də isə, gəlinliklərin icarə qiymətləri 300 manatdan başlayır. Yəni belə çıxır ki, burada ən ucuz gəlinliyi 300 manata tapmaq olar.
Nərmin Haqverdiyeva