Milli Dram Teatrının kollektivi 53 nömrəli məktəbdə olub

616

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə birgə “Məktəb və teatr” adlı layihə həyata keçirir.
Layihə çərçivəsində teatrın yaradıcı heyətinin məktəblilərlə görüşlərinin təşkili, tamaşalardan sonra birgə müzakirələrin aparılması və bu qəbildən digər tədbirlər nəzərdə tutulur.
Həmçinin hər məktəbdə teatr guşəsinin açılması planlaşdırılır. Bu guşədə Akademik Milli Dram Teatrının aylıq repertuarı, ölkənin teatr həyatında baş verən yeniliklər, dramaturqlar, rejissorlar, aktyorlar haqqında məlumatlar yerləşdiriləcək.
Məktəblərdə fəaliyyət göstərən dram, bədii qiraət, rəqs, pantomim dərnəklərinin işində iştirak edən şagirdlərə teatrda çalışan mütəxəssislər tərəfindən peşəkar yardımın göstərilməsi də nəzərdə tutulur. Akademik Milli Dram Teatrı məktəblərdə keçirilən sənət müsabiqələrinin təşkilinə də köməklik göstərəcək.
“Məktəb və teatr” layihəsi çərçivəsində növbəti tədbir isə Yasamal rayonunda 53 nömrəli orta ümumtəhsil məktəbində olub.  53 saylı məktəbdə Akademik Milli Dram Teatrının ən yeni tamaşalarından olan Xalq Yazıçısı İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanmış “Mənim günahım” tamaşasının yaradıcı heyəti ilə görüş keçirilib.

Görüşün əvvəlində 53 nömrəli məktəbin direktoru Firəngiz Həsənova qonaqları salamlayaraq, görkəmli dramaturq İlyas Əfəndiyevin yaradıcılığı, Akademik Milli Dram Teatrında hazırlanan tamaşalar, o cümlədən “Mənim gümahım” tamaşası haqqında məlumat verib.

Görüşdə tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Mərahim Fərzəlibəyov, baş rolun ifaçısı Xalq Artisti Məleykə Əsədova, Əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Hicran Nəsirova və teatrın baş inzibatçısı Elnur Məmmədov iştirak edib. Tamaşanın yaradıcı heyəti şagirdlərə teatr haqqında maraqlı məlumatlar verib, ifa etdikləri obrazlar haqqında danışıb. Şagirdlər tamaşanın rejissoruna və ifaçılara öz suallarını ünvanlayıb, yaradıcı heyətlə tamaşa ilə bağlı fikir mübadiləsi ediblər.

Sonda “Mənim günahım” tamaşasından parçalar nümayiş olunub.

Tədbirin sonunda məktəbin direktoru Firəngiz Həsənova çıxış edərək, kollektivə təşəkkürünü bildirib və qeyd edib ki, bundan sonra da rəhbərlik etdiyi müəssisə ilə teatrlar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Məktəb və teatr” adlı layihə davam edir və tezliklə layihə çərçivəsində növbəti tədbirlərin keçirilməsi planlaşdırılır.