Milli dirçəlişdən milli tərəqqiyə

29

Bu tarixi dövr 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. Həmin gün haqqında danışan ulu öndər Heydər Əliyev deyirdi: “Xalqın qanında yaşayan azadlıq istəyinin, müstəqillik arzusunun qabağını heç bir qüvvə, hətta ən güclü sel belə kəsə bilməz”. Doğrudan da, elə oldu. Azərbaycan xalqının qanındakı azadlıq arzusu ötən əsrin səksəninci illərinin sonlarında elə alovlandı ki, onun qarşısını tanklarla silahlanmış Sovet qoşunları da kəsə bilmədilər. Xalq böyük qurbanlar bahasına öz arzusunu reallaşdırdı və həmin prosesin nəticəsi olaraq müstəqil dövlət qazandı.

Həmin dövrə qısaca nəzər salaq. 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi. Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Bunları görən Sovet rəhbərliyi İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı – 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoymuşdu.

Xalq hərəkatının alovlandığı bir vaxtda ölkəyə rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmirdilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığı ucbatından 20 Yanvar faciəsi baş verdi. Çünki bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. Ulu Öndər həm 1990-cı il yanvarın 21-də – Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini lənətləyən bəyanat verməsi ilə, həm də həmin il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyasında atdığı addımlarla xalq azadlıq hərəkatımızın inkişafına möhtəşəm bir dəstək vermiş oldu. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvan Muxtar Respublikasının adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması çox böyük tarixi hadisə oldu. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Azərbaycan Respublikasının hakimiyyət sükanı arxasında dahi Heydər Əliyevin olduğu 1993-2003-cü illərdə tarixi dönüş nöqteyi-nəzərindən əhəmiyyətli hadisələr baş verdi. Məhz bu dövrdə iqtisadi zəmində böyük dəyişikliklərin təməli qoyuldu və inkişafın yeni cücərtiləri müşahidə edilməyə başlandı. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin dövlətə rəhbərlik etdiyi 19 il isə Azərbaycanın inkişafı baxımından çox məsul və şərəfli dövr kimi tarixə həkk olunub. Bu müddətdə əldə edilən tarixi nailiyyətlər təsdiqləyir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin xalqa son müraciətində “Mən ona özüm qədər inanıram” sözlərinin ifadə etdiyi böyük etimadı yüksək səviyyədə doğruldub. Hakimiyyətə gəldiyi ilk gündən Prezident İlham Əliyevin əsas amalı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və Azərbaycanın adının dünya siyasi tarixində məğlub yox, qalib ölkə kimi yazılması oldu. Ölkə başçısının uzaqgörənliyi və müdrikliyi sayəsində qazanılan iqtisadi və siyasi nailiyyətlər, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm Qələbəsini şərtləndirdi. Müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin xalqımızın səadəti, dövlətimizin müdafiə qüdrətinin yüksəlməsi, dövlətçiliyin möhkəmlənməsi, milli müstəqilliyimizin əbədiyaşar olması uğrunda mübarizəsi uğurla davam edir. “İki sahil”