Milli azadlıq mücahidi (2)

472

“Difai”çilərin növbəti hədəfi Naxçıvan qəzasının keçmiş rəisi podpolkovnik Engel oldu.

Engel 1906-cı ildə Naxçıvanda erməni-azərbaycanlı münaqişələri zamanı qoşunların köməyi ilə Azərbaycan kəndlərinin talan olunmasında xüsusi fəallıq göstərmiş, əhalinin doğma dədə-baba yurdlarından qovulmasında və onların yerində ermənilərin yerləşdirilməsində şəxsən iştirak etmişdi. Engelin müsəlmanlara qarşı həyata keçirdiyi bu vəhşiliklər nəticəsində Naxçıvanda bir ailənin bütün üzvləri öldürülmüşdü.
“Difai” partiyasının xalqa ünvanlanan müraciətlərindən birində deyilirdi: “Erməni bombalarından qorxuya düşmüş hökumət məmurlarının törətdiyi qanunsuzluqları aradan qaldırmaq üçün “Difai” partiyası onlara qarşı bombalardan və xəncərlərdən istifadə edəcəkdir”(Eldar əzizov, “Difai”, Bakı 2009). Partiyanın möhüründə partiyanın simvolu kimi iki çarpaz qılınc, aypara və onların üstündə ulduz şəklinin təsvir edilməsi bu fikri bir növ təsdiq edirdi. Əhmədbəyin rəhbərlik etdiyi Mərkəzi Komitəyə Qarabəy Qarabəyov, Məmmədhəsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud xan Cavanşir və digərləri daxil idilər. “ən nüfuzlu Yelizavetpol komitəsinə Yelizavetpol kişi gimnaziyasının hüquq müəllimi axund Məhəmməd Pişnamazzadə sədrlik edirdi. Möhüründə tiyəsi yuxarı yönələn iki çarpaz qılınc və ay olan “Difai”nin Şuşa komitəsinə doktor Kərim bəy Mehmandarov, Ağdam komitəsinə Zülfüqar bəy Haqverdiyev, Bərdə komitəsinə Məşədi Mehdi Hacı Şərif rəhbərlik edirdilər” (Mənbə, “Kulis.az”/news/2145).
O dövrdə Azərbaycanın hər yerində, o cümlədən Dağıstanda və Şimali Qafqazda “Difai”nin yerli qurumları yaradımış və onların qarşısına konkret vəzifələr qoyulmuşdu. Yerli qurumların yaradılmasında Əhmədbəy Ağaoğlu şəxsən özü iştirak edirdi. O bu məqsədlə də Azərbaycanın hər bölgəsini qarış-qarış gəzmişdi. O, yerlərdə keçirdiyi görüşlərində sinəsində millət, vətən eşqi olan bütün namuslu müsəlmanları partiyanın ətrafında sıx birləşməyə çağırırdı. Yeri gəlmişkən, onu da deyək ki, “Difai”nin əsas mərkəzi Bakıda olsa da, qurum daha çox bölgələrdə fəal idi. Buna səbəb də Şuşa, Zəngəzur, Qaryagin, Cavanşir qəzalarında və Gəncə şəhərində yerli çar məmurlarının ermənilərlə birləşərək əhaliyə qarşı amansız cəza tədbirlərinə əl atması idi. Yenə də yerlərdə baş verənlərə münasibətdə hansı addımların atılmasını Əhmədbəy Ağaoğlu şəxsən özü müəyyən edirdi. Ona görə də qurumun mərkəzi orqanında təmsil olunan digər üzvlərin bu işdə fəaliyyəti formal xarakter daşıyırdı.

Ermənipərəst çar məmurlarına və
satqınlara qarşı
Sözdən işə keçən “Difai” üzvləri 1906-1908-ci illərdə müsəlmanların daha çox nifrətini qazanan çar məmurlarına qarşı bir çox terror aktları həyata keçirdilər. Onlardan daha çox yadda qalanı general-qubernator Qoloşşapov və Şuşa dəftərxanasının müdiri Kleşşinskinin öldürülməsi oldu. General-qubernator Qoloşşapovun “Difai”çilər tərəfindən öldürülməsinə səbəb 1905-1906-cı illərdə baş verən erməni-azərbaycanlı münaqişələri dövründə onun erməniləri dəstəkləməsi və həyata keçirilən müsəlman qırğınlarında dolayısilə iştirak etməsi idi. Qoloşşapovun öldürülməsi ilə bağlı Tiflis Quberniya Jandarm İdarəsinin rəisi Başinskinin 1909-cu il oktyabr ayının 21-də hazırladığı məruzədə general-qubernatorun öldürülməsi müsəlmanlara qarşı açıq-aşkar düşmən mövqeyində dayanması ilə izah edilib.
Başinskinın hazırladığı məruzədə deyilirdi ki, 1906-cı il avqust ayında Bakıdan Şuşaya gələn Əhmədbəy Ağaoğlunun orada keçirdiyi yığıncağın iştirakçıları siyasi xarakterli, odlu-alovlu nitqlər söyləmiş, müsəlmanları hökumətə və hakimiyyət orqanlarına qarşı çıxmağa çağırmışdılar: “Ağayev, doktor Kərim bəy Mehmandarov və başqaları deyirdilər ki, müsəlmanlar rus hökumətinə hələ də sadiqdirlər, hökumətin həmin sədaqətə cavabı isə bu olmuşdur ki, general Qoloşşapov erməni hampaları ilə əlbir olaraq tatarlara qarşı çıxmış, onların evlərini dağıtmış, minlərlə müsəlman ac-yalavac qalmışdır. Yığıncaqda general Qoloşşapovun hərəkətlərindən narazılıq və tam anlaşılmazlıq ifadə edilməsi və canişindən onun geri çağırılması barədə xahiş olunması məsələsi qoyulmuşdur” (Mənbə: Eldar əzizov, “Difai”, Bakı, 2009-cu il).
Hökumətin əvvəlki kimi öz çirkin əməllərini davam etdirməsini görən “Difai”çilər vəziyyətdən çıxış yolunu onu öldürməkdə görmüşdülər.
V. N Qoloşşapovun sabiq dəftərxana müdiri Kleşşinskiyə də müsəlmanlar arasında nifrət böyük idi. O da açıq-aşkar müsəlmanlara qarşı həyata keçirilən qətliamlarda erməni terrorçuları ilə birgə hərəkət edir, onları hər vasitə ilə dəstəkləyirdi. Ona görə də “Difai”nin Şuşa komitəsi Kleşşinskini ölümə məhkum etmişdi. O vaxt Kleşşinski həm də kəndlilərin işləri üzrə Yelizavetpol Quberniya İdarəsinin üzvü vəzifəsində çalışırdı. Bu terror aktının icrası isə A. M. Pişnamazzadənin başçılıq etdiyi Yelizavetpol komitəsinə tapşırılmışdı. O vaxt Kleşşinski kəndlilərin işləri üzrə Yelizavetpol quberniya idarəsinin üzvü idi. Kleşşinski 1907-ci il aprelin 25-də Seyid Miri adlı bir şəxs tərəfindən öldürüldü.
“Difai”çilərin növbəti hədəfi Naxçıvan qəzasının keçmiş rəisi podpolkovnik Engel oldu. Engel 1906-cı ildə Naxçıvanda erməni-azərbaycanlı münaqişələri zamanı qoşunların köməyi ilə Azərbaycan kəndlərinin talan olunmasında xüsusi fəallıq göstərmiş, əhalinin doğma dədə-baba yurdlarından qovulmasında və onların yerində ermənilərin yerləşdirilməsində şəxsən iştirak etmişdi. Engelin müsəlmanlara qarşı həyata keçirdiyi bu vəhşiliklər nəticəsində Naxçıvanda bir ailənin bütün üzvləri öldürülmüşdü.
Engel həmçinin Cəhri kəndinin erməni daşnakları və kazaklar tərəfindən yandırılmasına əmr vermiş və həmin əmrin yerinə yetirilməsinə şəxsən nəzarət etmişdi. Ona görə də Engel 1906-cı ilin dekabr ayında “Difai” üzvü tərəfindən qətlə yetirildi.
“Difai” tərəfindən növbəti terror aktı 1907-ci ildə Yevlaxda həyata keçirildi. Bu dəfə hədəf isə Yevlax jandarmı Jukov oldu. O, həmin dövrdə sanballı mükafat müqabilində ermənilər tərəfindən silah daşınmasına və silah alverinə şərait yaradırdı. Bundan əlavə, o, yerli müsəlmanlara qarşı zülmləri ilə də ad çıxarmışdı. Ona görə də 1907-ci il iyul ayının 11-də Yevlax stansiyasında jandarm Jukov “Difai” üzvü tərəfindən yaxından atılan iki güllə ilə öldürüldü. Yalnız bundan sonra çar məmurları sui-qəsdlərlə bağlı məsələni araşdırmağa başladılar. Hökumət orqanları məsələni araşdıranda ə. Ağaoğlu tərəfindən yaradılan “Difai” partiyası bir ildən çox idi fəaliyyət göstərirdi. Amma hökumət orqanlarının axtarışı uzun müddət bir nəticə vermədi. Bəlkə də hələ uzun müddət Difai” nin izinə düşə bilməyəcəkdilər. Ancaq bir təsadüf hökumətə “Difai”nin izinə düşməyə imkan verdi. Belə ki, yerli satqınlardan biri polis idarəsinə anonim məktub yazaraq, “Difai” adlanan təşkilatın onlardan zorla pul yığdığını və bunu müsəlmanlara qarşı zorakılıqlara əl atan çar məmurlarını öldürmək üçün etdiklərini bildirdi. Məktubda deyilirdi ki, “Difai” üzvləri bu məqsədlə müxtəlif vaxtlarda xüsusi toplantılar keçirir və oraya varlı adamları da dəvət edirlər. Sonra da onlardan millətin xilası naminə pul yığılır. Bu barədə məlumat alan Cavanşir qəzasının 2-ci sahəsinin pristavı İsmayıl bəy Qəhrəmanbəyov dərhal məsələ ilə əlaqədar Tiflis Quberniyası Jandarm İdarəsi rəisinin Yelizavetpoldakı köməkçisi rotmistr Kornilova məlumat verdi. O da, öz növbəsində, məsələ barədə Yelizavetpol qubernatoru Q. Kovalyova məlumat verdi. Kovalyov dərhal məsələni nəzarəti altına alaraq, yerli polis rəislərinə “Difai”nin fəaliyyəti və rəhbərləri barədə məlumat toplamağı tapşırdı. Partiya daxilində satqın olması və onun üzvlərinin polis tərəfindən izlənməsi tezliklə Əhmədbəy Ağaoğluna məlum oldu.
Araşdırmalar zamanı məlum oldu ki, belə satqınlardan biri Molla Hadidir. Onun satqınlığı barədə məlumat polisdə katib və tərcüməçi kimi işləyən Sədrəddin adlı birisindən alınmışdı. Molla Hadinin izlənməsi zamanı onun polisə işlədiyi üzə çıxarıldı. Molla Hadi haqqında ölüm hökmü çıxarıldı və bu, qısa müddətdə yerinə yetirildi.
Amma yerli əhali arasında yalnız polisin deyil, ermənilərin xeyrinə casusluq edənlər də olurdu. Onlardan biri də Şuşa şəhər sakinləri Muxtar Kərbəlayı Cabbar və onun oğlu Rəhim idi. Bunu aşkar edən “Difai”nin Şuşa komitəsinin qərarı ilə Muxtar Kərbəlayı Cabbar və onun oğlu Rəhim 1907-ci il mayın 1-dən 2-nə keçən gecə öldürüldülər.
Bu arada isə “Difai” öz fəaliyyətini daha da genişləndirməkdə idi. Xüsusilə, 1908-ci ildə “Difai” çar məmurlarına və yerli satqınlara qarşı daha bir neçə terror aktını həyata keçirdi. Bundan təşvişə düşən hökumət orqanları “Difai”nin fəaliyyətinə son qoymağı qərara aldılar. Çünki çar hökumət orqanları hər yerdə özlərinə qarşı sui-qəsd ediləcəyindən qorxmağa başlamışdılar.

Ağaoğlunun türk-islam dünyasının azadlığı uğrunda mübarizə aparması və bu sahədəki geniş fəaliyyəti Qərbin bəzi aparıcı dövlətlərini, o cümlədən Böyük Britaniyanı narahat etməyə başlamışdı.

Ağaoğlunun ünvanına Qərbin müxtəlif aparıcı qəzetlərində böhtan və iftira dolu çirkablar yağdırılırdı.
1908-ci ilin mart ayının 4-də Qafqaz canişini “Difai”nin fəaliyyətinə son qoyulması barədə göstəriş verdi. Bundan sonra yerli satqınlardan birinin köməyi ilə çar məmurlarına qarşı sui-qəsdlərdə iştirak edən bir neçə nəfər həbs edildi. Bunun ardınca polis “Həyat” qəzetini bağlatdı. Əhmədbəy Ağaoğlu da addımbaşı təqib edildyini hiss eləmişdi. Bundan xilas olmaq üçün o, Moskvaya getdi. Lakin polis onun izinə düşərək həbs etdi. Həbsdən azad ediləndən sonra isə Əhmədbəy Ağaoğlu Türkiyəyə getdi və burada öz mübarizəsini davam etdirdi. O, Türkiyəyə gedəndən sonra “Difai” fəaliyyətini dayandırmağa məcbur oldu.
Əhmədbəy Ağaoğlunun “Difai”nin fəaliyyətini konkret olaraq nə vaxt dayandırmasına sərəncam verdiyi barədə dəqiq məlumat yoxdur və bu məsələdə tarixçilər arasında fikir ayrılıqları var. “…M.B Məmmədzadə və H.Baykara qeyd edirlər ki, “Difai” partiyası öz

mövcudluğuna 1908-ci ildə xitam vermişdir. X.Məmmədov isə belə hesab edir ki, partiya öz fəaliyyətini 1909-cu ildə dayandırmışdır” ( Mənbə: Eldar əziizov, “Difai”, səh 144)
Qeyd edək ki, “Difai” fəaliyyətini dayandırandan sonra onun üzvlərinin əksəriyyəti 1911-ci ildə yeni yaradılan Müsavat Partiyasına üzv olaraq, orada Azərbaycanın azadlığı uğrunda mücadilələrini davam etdirdilər.
Əhmədbəy Ağaoğlu Türkiyəyə getdikdən sonra qardaş ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməyə və Azərbaycanın milli-azadlıq mücadiləsini orada davam etdirməyə başladı. O, 1909-cu ildə İstanbul Universitetində müəllimliyə başladı və buna paralel olaraq, öz fəaliyyətini “Türk Ocağı”nda davam etdirdi. Qısa müddətdə “Türk Ocağı” qurumunun rəhbərlərindən birinə çevrilən Ağaoğlu həmin dövrdə türk millətini xilas etməyin yeganə yolunu türkçülük və islamın sintezində gördüyünü yazırdı. O, Qərbin Osmanlını parçalamaq və məhv etmək üçün xain planlar qurduğunu və bu müstəvidə də ərəb millətçiliyini körüklədiyinə diqqəti cəlb edərək uzaqgörənlıklə yazırdı ki, Osmanlının məhvi ərəblərin ingilis əsarəti altına düşməsinə gətirib çıxaracaq. Bu isə onlara yaxşı heç nə vəd etmir. Ona görə də Ağaoğlu Qərbə qarşı ərəb-islam və türk-islam sintezini çıxarmağın və bu əsasda da islami həmrəylik nümayiş etdirilməsinin vacibliyini vurğulayırdı.
Əhmədbəyin Türkiyədəki fəaliyyətini araşdıran professor Vilayət Quliyev yazır: “O,1908-ci ildə İstanbula gedərək burada gənc türklərin “Birlik və Tərəqqi” partiyasına daxil olmuşdur. Süleymaniyyədə kitabxana direktoru, “Türk yurdu” jurnalının redaktoru olmaqla, İstanbul Universitetində rus dilindən dərs demişdir. Qardaş Türkiyədə gedən sosial-ictimai proseslərə biganə qalmayan Əhmədbəy tezliklə bu proseslərə aktiv şəkildə qatılır. “Türk Ocağı” türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın prezidenti seçilir. Bu dövrdə Əhmədbəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir” ( Mənbə: Vilayət Quliyev, “Şair, hökmdarın hüzurundasan…”, “Atatürk və ƏhmədAğaoğlu, “525-ci qəzet” 02. 12. 2012).
I Dünya müharibəsi illərində Ağaoğlu Osmanlı-Almaniya dostluğunun tərəfdarı idi. Lakin o, Osmanlının Almaniya tərəfində I Dünya müharibəsində iştirak etməsinin əleyhinə çıxır və bunu Qərb ölkələri arasında gedən savaşın gətirə biləcəyi ağır təhlükələrlə izah edirdi. Amma almanların Rusiyaya qarşı fitnəkar hərəkətləri Osmanlının müharibəyə cəlb edilməsi ilə nəticələndi. Ağaoğlu bununla əlaqədar təəssüf hissi ilə yazmışdı ki, Osmanlının almanlar tərəfindən müharibəyə cəlb edilməsi qosqoca dövlətə yaxşı heç nə vəd etmir və biz bunun ağır nəticələrini tezliklə öz üzərimizdə hiss edəcəyik.
Tarix Ağaoğlunun uzaqgörənliyini təsdiq etdi. Belə ki, Osmanlının almanlar tərəfindən məcburən və fitnəkarlıq yolu ilə I Dünya müharibəsinə cəlb edilməsi onun tarixin siyasi səhnəsindən silinib getməsinə yol açdı. Böyük vətənpərvərin Osmanlıdakı siyasi fəaliyyəti onun daha da tanınmasına və məşhurlaşmasına gətirib çıxarmışdı. Bu məşhurluq da onun 1915-ci ildə Afyondan Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) üzv seçilməsinə gətirib çıxardı. Həmin dövrdə Əhmədbəy həmçinin İttihad və Tərəqqi Təşkilatının Mərkəzi İdarəetmə orqanının üzvü kimi siyasi fəaliyyətini davam etdirirdi.
Çar hökumətinin xüsusi xidmət orqanları isə Ağaoğlunu Türkiyədə də izləməkdə davam edirdi. Rus çarı onun Rusiyada yaşayan müsəlmanları öz əleyhinə qaldıracağından ehtiyat edirdi. Ona görə də Rusiyada Ağaoğlu ilə həmfikir adamlar dərhal həbs edilərək sürgünlərə göndərilirdi. I Dünya müharibəsi illərində Ağaoğlu çar Rusiyasının əsarəti altında yaşayan müsəlmanların azad edilməsinə çalışırdı. Bu məqsədlə də o, əsarət altında yaşayan müsəlmanların azadlığa çıxmasına köməklik göstərilməsi üçün 1916-cı il mayın 18-də ABŞ Prezidenti Vudro Vilsona ünvanlanan müraciəti imzalamışdı. Eyni zamanda o, çar Rusiyasının əsarəti altında yaşayan xalqların azadlığı məsələsini daim beynəlxalq aləmin diqqət mərkəzində saxlamağa çalışırdı. Bu məqsədlə də o, 1916-cı il iyun ayının 27-29-da Lozannada keçirilən III Millətlər Birliyinin işində türk-tatar heyətinin tərkibində iştirak etmiş və orada dünya xalqlarını əsarət altında inləyən Rusiya müsəlmanlarına yardıma çağırmışdı.
Ağaoğlu 1918-ci ilin may ayında Azərbaycanda ilk müstəqil, demokratik cümhuriyyətin qurulması xəbərini sonsuz sevinclə qarşıladı. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə birlikdə ordu komandanının siyasi müşaviri kimi Azərbaycana gələn Ağaoğlu Bakının erməni-rus işğalından azad edilməsində müəyyən rol oynadı. Azərbaycanda siyasi fəaliyyətini daha da genişləndirən Ağaoğlu Milli Məclisə üzv seçildi və dərhal ölkəmizin beynəlxalq aləmdə tanınması üçün geniş işə başladı. Bu da qısa müddətdə ölkəmizin müstəqilliyinin bir çox dövlətlər tərəfindən tanınmasına yol açdı. 1919-cu ildə Ağaoğlu Paris sülh konfransında iştirak etdi.
Ağaoğlunun türk-islam dünyasının azadlığı uğrunda mübarizə aparması və bu sahədəki geniş fəaliyyəti Qərbin bəzi aparıcı dövlətlərini, o cümlədən Böyük Britaniyanı narahat etməyə başlamışdı. Ağaoğlunun ünvanına Qərbin müxtəlif aparıcı qəzetlərində böhtan və iftira dolu çirkablar yağdırılırdı. Məsələn, 1919-cu ilin mart ayında İngiltərədə çıxan “Tayms” qəzeti yazırdı ki, Ağaoğlu guya milli münaqişələri körükləyir və insanlığa qarşı çevrilən hansısa cinayətlərdə iştirak edir. Guya Ağaoğlu Almaniyanın xeyrinə casusluq etmiş və bu məqsədlə də I Dünya müharibəsi illərində dəfələrlə Almaniyaya səfərlər etmişdi. Halbuki bu, açıq böhtan idi. Çünki Ağaoğlu öz vicdanını, milli mənliyini hər şeydən üstün tutan, başdan-ayağa milli ruhda tərbiyə olunan bir azadlıq mücahidi idi. Belə bir görkəmli şəxsi almanlara casusluqda günahlandırmaq, həqiqətən də, gülünc görünürdü. əslində bu sifarişli yazının arxasında Ağaoğlunun həbs edilməsinə zəmin hazırlanması dayanmışdı. Belə də oldu və İngiltərə hökuməti 1919-cu ildə əsassız bəhanələrlə Ağaoğlunu həbs etdirdi. Onu Maltaya sürgün etdilər. Amma bir müddət sonra İngiltərə hökuməti Ağaoğlunu həbsdən azad etməyə məcbur oldu. Çünki onun günahını təsdiqləyə biləcək hər hansı bir fakt yox idi.
Bolşeviklər tərəfindən Azərbaycanın işğalından sonra Əhmədbəy Ağaoğlu Türkiyəyə qayıtmağa məcbur oldu. Türkiyəyə qayıdan kimi yenidən siyasi fəaliyyətini qardaş ölkədə bərpa edən Əhmədbəy yaşayış yeri kimi özünə Ankaranı seçdi. O, Türkiyədə jurnalistlik və siyasi fəaliyyətini davam etdirərək, Türkiyə Respublikasının qurulmasına öz töhfəsini verdi. Onun siyasi fəaliyyəti və böyük təcrübəsi ilə yaxından maraqlanan Atatürk Ağaoğlunu özünə köməkçi götürdü. Həmin dövrdə Ağaoğlu Ankara Mətbuat Bürosunun direktoru və “Hakimiyyəti-milliyə” qəzetinin baş redaktoru vəzifələrində işlədi.
O, Türkiyə parlamentinin iki dəfə deputatı seçildi və fəaliyyətini Türkiyə cümhuriyyətinin daha da möhkəmlənməsinə həsr etdi. Türkiyə parlamentinin üzvü kimi dəfələrlə əsarətdə olan türklərin problemlərini müzakirəyə çıxardı və beynəlxalq aləmin diqqətini bu məsələyə cəlb etdi. Atatürk əsarətdə olan türklərlə bağlı müntəzəm olaraq Ağaoğlu ilə məsləhətləşər və onun bu məsələyə münasibətdə rəyini hökmən nəzərə alardı. Onlar həm də ailəvi dost idilər.

Atatürkün qəzəblənməsi
Atatürk ölkədə təkpartiyalı sistem qurmuşdu, ancaq buna görə ara-sıra Türkiyəni Qərbdə tənqid edirdlər. Bunu görən Atatürk ölkədə öz adamlarından ibarət ikinci bir partiya qurmaq qərarına gəldi. Atatürkün şəxsi dəvəti ilə Ağaoğlu Sərbəst (Liberal) Cümhuriyyət Firqəsinin qurulmasında iştirak etdi. Bununla əlaqədar filologiya elmləri doktoru Vilayət Quliyev yazır: “ƏhmədAğaoğlunun partiya rəhbərliyində yer almasında şəxsi sədaqət amili ilə yanaşı, onun iki imperiya dövrünü əhatə edən zəngin siyasi təcrübəsinin və həmin dövrdə Türkiyənin tanınmış hüquqşünaslarından biri olmasının da mühüm rolu vardı. Bioqrafiyasından da bildiyimiz kimi, o, Sorbonnada mükəmməl hüquq təhsili almışdı, yeni qurulan Ankara Universitetində siyasi və konstitusiya hüququ professoru idi. Digər tərəfdən, cəsarətli publisist, mahir polemika ustası kimi həm parlament dairələrində, həm də mətbuatda kifayət qədər yaxşı tanınırdı”.
Amma Əhmədbəy Ağaoğlu yeni partiyanın süni olduğunu və bunun heç bir xeyir gətirməyəcəyini yaxşı bilirdi. Ona görə də yeni partiyanın yaradılması ilə bağlı keçirilən müzakirələrin birində Atatürkün yeni partiya ilə bağlı sualına cavabında o bu partiyadan yaxşı heç nə gözləmədiyini bildirmişdi. Onun bu cavabı isə Atatürkü bərk qəzəbləndirmişdi. Buna baxmayaraq, Ağaoğlu yeni partiyanın Atatürkə yaxın adamlar tərəfindən deyil, cəmiyyətdəki alternativ siyasi güclər tərəfindən qurulmasının daha düzgün olacağını bildirmişdi.
Hadisələrin sonrakı gedişi Ağaoğlunun uzaqgörənliyini sübut etdi və yeni hökumət tərəfindən ikinci siyasi təşkilat yaradılması uğursuzluğa dükar oldu.
Əhmədbəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etdi. Onun övladları da atalarının yolunu davam etdirdilər. Oğlu Səməd üç dəfə TBMM-ə millət vəkili seçilmiş, Baş Nazirin müavini və dövlət naziri vəzifələrində çalışmışdı. Səməd Ağaoğlunun (1909-1982) adı hazırda da Türkiyədə yazıçı, publisist, dövlət və siyasi xadim kimi çəkilir. Əhmədbəyin digər övladları Sürəyya, Tezer (Təzəxanım), əbdürrəhman və Gültəkin mükəmməl təhsil alaraq, Türkiyədə tanınan simalardan olublar.
Əhmədbəy Ağaoğlu Azərbaycan və Türkiyə, həmçinin türk xalqları arasında mənəvi, siyasi bir körpünün sarsılmaz təməllərini qoydu və bununla da adını türk xalqlarının əbədiyyət tarixinə yazdırdı. Əzız Mustafa