Millətlər Liqasının birinci günündə doqquz qarşılaşma oynanılıb

375

Sentyabrın 6-da UEFA Millətlər Liqasına start verilib. Turnirin açılış günündə 9 qarşılaşma oynanılıb.

UEFA Millətlər Liqasına “D” liqasının 1-ci qrupunda yer alan Qazaxıstan və Gürcüstan yığmalarının oyunu ilə start verilib. Matçın 69-cu dəqiqəsində Gürcüstan millisinin heyətində Giorgi Çakvetadzenin ev sahiblərinin qapısından keçirdiyi top yeni turnirin ilk qolu kimi tarixə düşüb – 1:0. Bu qoldan 5 dəqiqə sonra Qazaxıstan yığmasının üzvü Sergey Malyi avqotola imza atmaqla qonaqların hesabı artırmalarına səbəb olub. Beləliklə, Gürcüstan yığması UEFA Millətlər Liqasının ilk oyununda qələbə qazanıb.

Turnirin birinci gününün ən maraqlı qarşılaşması “A” liqasının favoritləri – Almaniya və Fransa milliləri arasında oynanılıb. “A” liqasının 1-ci qrupunda yer alan bu iki komandanın görüşündə hesab açılmayıb – 0:0.

“B” liqasının 1-ci qrupunda yer alan Çexiya yığması doğma meydanda son dəqiqədə buraxdığı qolla Ukrayna millisinə uduzub – 1:2. Bu liqanın 4-cü qrupunda yer alan Uels millisi isə İrlandiyanı böyük hesabla (4:1) məğlubiyyətə uğradıb.

“C” liqasının 3-cü qrupunda yer alan Norveç yığması doğma meydanda Kipr millisinə (2:0), Bolqarıstan isə səfərdə Sloveniya seçməsinə (2:1) qalib gəlib.

Turnirin birinci günündə “D” liqasında Qazaxıstan-Gürcüstan oyunundan başqa daha üç görüş keçirilib. Bu iki komanda ilə birlikdə 1-ci qrupda yer alan Latviya və Andorra komandalarının oyununda da qapılara top vurulmayıb – 0:0.

“D” liqasının 4-cü qrupunda Ermənistan seçməsi ev oyununda Lixtenşteyndən üstün olub – 2:1. Makedoniya yığması isə səfərdə Cəbəllütariqin qapısından iki cavabsız top keçirib – 2:0.

Qeyd edək ki, “D” liqasının 3-cü qrupunda yer alan Azərbaycan yığması sentyabrın 7-də saat 20:00-da Kosovo millisi ilə qarşılaşacaq.

6 sentyabr

Millətlər Liqası

A Liqası

I qrup

Almaniya – Fransa 0:0

B Liqası

I qrup

Çexiya – Ukrayna 1:2

IV qrup

Uels – İrlandiya 4:1

C Liqası

III qrup

Sloveniya – Bolqarıstan 1:2
Norveç – Kipr 2:0

D Liqası

I qrup

Qazaxıstan – Gürcüstan 0:2
Latviya – Andorra 0:0

IV qrup

Ermənistan – Lixtenşteyn 2:1
Cəbəllütariq – Makedoniya 0:2