“Millətimə xidmət etməkdən, onun qulluğunda durmaqdan zövq alıram”

546

Vahid Əhmədov… Onu ölkəmizdə, demək olar ki, hər kəs tanıyır. Çünki o, öz fəaliyyəti ilə adını tariximizə yazdırmış bir şəxsiyyətdir. Müxtəlif illərdə sex ustası, sex rəisi, baş mühəndis, zavod direktoru, Baş nazirin birinci müavini, həmçinin Baş nazirin vəzifələrini icra  edən şəxs qismində çalışmış Vahid Əhmədov artıq neçə ildir (1990-cı ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat, 2005 və 2010-cu illərdə 52 saylı Quba seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib) ki, millət vəkili kimi öz seçicilərinin etimadını doğruldur.

“İstiqlalçı deputat” Vahid müəllimə bir neçə sualla müraciət etmək məqsədilə onu zəng etdik. O, bu dəfə də: “Jurnalistlərlə söhbətləşməyə mən həmişə vaxt tapıram”, – deyərək bizə vaxt ayırdı.

– Vahid müəllim, bu il deputat fəaliyyətiniz başa çatır. Fəaliyyətinizi necə qiymətləndirirsiniz?

– Ümumiyyətlə, 10 ildir ki, müstəqil Azərbaycan dövlətinin parlamentindəyəm. Bu müddətdə parlament üzvü kimi üzərimə düşən bütün vəzifələri vicdanla yerinə yetirməyə çalışmışam. Həmçinin öz seçicilərimlə də mütəmadi görüşməyə can atıram. Onlarla görüşlərdə ən çox qaldırılan məsələlər yolla, mənzillə, işsizliklə bağlı olub. Hər zaman onların bu kimi problemləri ilə bağlı bir çox nazirliklərə, eləcə də rayon icra hakimiyyətinə müraciətlər etmişəm. Yəni bir millət vəkili kimi, əlimdən gələni edirəm ki, seçicilərimin bu və ya digər problemləri həll olunsun. Onu da deyim ki, mənim seçildiyim 52 saylı dairə özündə, rayon mərkəzi də daxil olmaqla, 81 kəndi və 2 qəsəbəni  birləşdirir. Demək olar ki, bu yaşayış məntəqələrinin çoxunda su, məktəb, uşaq bağçası, tibb  məntəqəsi ilə bağlı problemlərin çox  hissəsini müxtəlif mərkəzi təşkilatları cəlb etməklə həllinə nail olmuşam. Hər problem həll olunanda da özümü elə rahat hiss edirəm ki… İnanın, bu hisslərimi hətta sözlə ifadə etməyə çətinlik çəkirəm.

– Bəs builki seçkilərdə yenidən namizədliyinizi irəli sürmək fikriniz varmı?

– Bilirsinizmi, mən millətə xidmət etməkdən, onun qulluğunda durmaqdan zövq alıram. Bu xidmətdən, bu qulluqdan, əgər belə demək mümkünsə, hələ doymamışam. Ona görə növbəti beş ildə də fəaliyyətimi davam etdirmək məqsədilə yenə namizədliyimi irəli sürməyi düşünürəm.

 

“Oonaqkənddən gözəl bir məkan yoxdur”

– Sizi həm də jurnalistlərdən qaçmayan bir millət vəkili kimi xarakterizə edirlər…

– Başa düşə bilmirəm: axı niyə millət vəkili onların fəaliyyətlərini işıqlandıranlardan qaçmalıdır? Jurnalistlərin vəzifəsi məlumatları, yenilikləri, problemləri ictimaiyyətə çatdırmaqdır da. Onlar da dövlətimizə, hökumətimizə xidmət edirlər…  Konkret mənə gəldikdə isə, jurnalistlərə hər zaman açığam və bunu xidməti vəzifəm hesab edirəm. Mən onların fəaliyyət sahəmə (insan bütün sahələr üzrə mütəxəssis ola bilməz, konkret bir neçə sahənin mütəxəssisi ola bilər) aid suallarını həmişə cavablandırmağa çalışmışam. Amma nəyinsə naminə dövlətimizin imicinə zərər vurmağa, dediklərini öz mənafeyinə uyğunlaşdırmağa çalışan jurnalistləri əsla qəbul edə bilmirəm.

– Elə sizin bu səmimiyyətinizdən istifadə edərək belə bir sualla müraciət etmək istəyirəm: şəxsi biznesiniz varmı?

– Yox, heç bu barədə düşünməmişəm də… Halbuki bundan əvvəl müxtəlif vəzifələrdə çalışanda bunu asanlıqla edə bilərdim. Onu da deyim ki, qanun deputatın bizneslə məşğul olmasını qadağan edir.

– Müxtəlfi vəzifələr demişkən, bir zaman siz heç bir vəzifədə olmadınız… O illərdə sizə təsəlli verənlər kimlər idi?

– Vəzifədə olanda adamın çox dostu olur. Bu sözlərlə mən Amerika kəşf etmirəm. Elə ki, vəzifə əldən çıxır, həmin dostlar da yoxa çıxır. Mən də o günləri yaşamışam. Yenidən deputat seçiləndən sonra o qədər adam məni axtarmağa başladı ki… Lakin özümdən asılı olmayaraq, onlarla soyuq davranmalı oldum. O ki qaldı… təsəlli verənlərə… Hər şeydən əvvəl, bu məsələdə mənə ailəm, qohum-əqrəbam həmdəm oldu.

– Vahid müəllim, ölkəmizə rəhbərlik etmiş bir neçə şəxslə işləmisiniz. Onların arasında kimi fərqləndirə bilərsiniz?

– Bəri başdan deyim ki, hər siyasi liderin öz siyasi baxışları var. Bu siyasi rəhbərlər arasında Heydər Əliyev, əlbəttə, fenomen idi. Onun dünyaya baxışı bəşəri olduğu qədər də milli idi. Tarix belə adamları yüz ildə bir dəfə dünyaya gətirir. Məhz o, ölkəmizi mövcud fəlakələrdən qurtardı və qazanılmış müstəqilliyimizi qoruyub saxladı. Bu gün ölkə başçısı İlham Əliyev də onun yolu ilə gedir və hər bir məsələdə uğurlara imza atır.

– Parlamentdə deputatlarla münasibətiniz necədir, dostluq etdiyiniz həmkarlarınız varmı?

– Demək olar ki, hər biri ilə çox yaxşı münasibətim var. Başda spiker Oqtay Əsədov olmaqla, parlament rəhbərləri ilə istədiyim vaxt görüşüb, fikirlərimi çatdıra bilirəm.

– Hərdən yorulanda xanəndələrimizdən, müğənnilərimizdən kimləri dinləyirsiniz?

– Xalq mahnılarına da, estradaya da marağım var. Lakin ən çox Flora Kərimovaya, Alim Qasımova, Röyaya, mərhum dostum Məmmədbağırın mahnılarına qulaq asıram. Onlara qulaq asanda, sözün həqiqi mənasında, dincəlirəm.

– Bəs darıxandan hansı məkanlara üz tutursunuz?

– İstər sovet dönəmində, istərsə də müstəqillik illərində dünyanın bir sıra guşələrində olmuşam. Lakin bu gün də o fikirdəyəm ki, mənə görə boya-başa çatdığım Oonaqkənddən gözəl bir məkan yoxdur.

– Amma eşitdiyimizə görə, dəbdəbəli həyat yaşamırsınız?

– Mən, ümumiyyətlə, dəbdəbəsevən deyiləm. Sadəliyi sevirəm. Mövlananın belə bir kəlamı var. Deyir ki, ya olduğun kimi görün, ya göründüyün kimi ol. Məncə, bu kəlam hər bir vəzifə sahibinin devizi olmalıdır.

“Görüləsi işlərimiz hələ çoxdur”

– Qubada Vahid Əhmədovun adı, demək olar ki, bütün adlardan daha çox hallanır. Bir də Qubadan söz düşəndə adınız Fətəlixanla, məşhur astronom Nadir İbrahimovla yanaşı çəkilir. Qubanı tanıdan Vahid Əhmədov, ümumiyyətlə, bugünkü Qubanı necə xarakterizə edir?

– Quba öz tarixi şəxsiyyətləri ilə fəxr ediləsi bir məkandır. Ümumiyyətlə, dağ zonası olduğu üçün, Şahdağın ətəyində yerləşdiyi üçün bu məkanın adamları da Şahdağ kimi qürurludurlar. Quba bu gün inkişaf edir, gözəlləşir. Yeganə problemimiz iş yerlərinin olmamasıdır.

– Bəs Qubada hava limanının tikintisi ilə bağlı nə deyə bilərsiniz?

– Hələ 2008-ci ildə ölkə başçısına aeroportun burada əhəmiyyətinə dair məktub yazmışdım. Prezident sərəncam verib. Buna görə ona  minnətdaram. Tikintisi realdır. Aeroportla bağlı qərar var. Bu, zona üçün vacibdir. Strateji əhəmiyyətli məsələdir. İqtisadi cəhətdən də üstünlüyü var. Bircə onu deyim ki, həmin hava limanı şimal bölgəsi üçün həm turizm, həm də xarici sərmayənin yatırılması baxımından böyük iş yerlərinin açılması deməkdir. Hazırda bu istiqamətdə əməli işlər görülür.

– Quba-Qonaqkənd-Şamaxı yolunun tikintisi nə vaxt yekunlaşacaq?

– Biz indi çalışırıq ki, ilk növbədə yolun Qonaqkəndə qədər olan hissəsini başa çatdırılsın. Qonaqkənd-Şamaxı yolu sonra çəkilməlidir.

– Vahid müəllim, Fətəli xanın heykəlinin ucaldılması nə vaxt reallaşacaq?

– Bununla bağlı dövlət başçısına müraciət etmişəm və razılıq da verilib. Nazirlər Kabinetinin qərarı var. Qalanı  icra  orqanlarının işidir. Fətəli xan elə bir tarixi şəxsiyyətdir ki, onun heykəli Qubada mütləq ucaldılmalıdır.

– Vahid müəllim, bəs Qubanın alma “dağı” nə vaxt yerli camaatın üz ağlığına çevriləcək?

– Alma Qubanın əsas məhsuludur və hər bir bölgənin qeyri-rəsmi simvolu olduğu kimi Qubanın simvolu da almadır. İndi Qubada  almadan başqa digər meyvələr də yetişdirilir. Əsas problemimiz satış və onun saxlanmasıdır. İkinci məsələ demək olar ki, həllini tapıb: 10-na yaxın soyuducu anbar tikilib. Satışda isə ciddi problemlərimiz var. Bu, əsasən, ölkə daxilində və xaricdə olan bir sıra baryerlərin  həll edilməsidir. O cümlədən Qubada vaxtilə fəaliyyət göstərmiş emal müəssisələri tam gücü ilə işləməsidir. Bu problemlərlə məşğulam.

– Qubada daha hansı işlərin görülməsi nəzərdə tutulub?

– Qubada görüləsi işlərimiz hələ çoxdur. Əsas rayon mərkəzi ilə kəndlər arasındakı yolları normal vəziyyətə gətirmək, turizm üçün lazımi şərait yaradaraq onu inkişaf etdirməkdir. İkincisi, qeyd etdiyim kimi, yeni iş yerlərinin açılmasıdır. Çox təəssüf ki, son illər Qubada tikilməli olan bir sıra mərkəzi icra orqanlarının regional idarələri Xaçmazda yerləşdirilmişdir. İcra orqanları belə məsələlərdə daha fəal və çevik  hərəkət etməlidirlər. Təəssüf ki, əhalinin dolanışığı üçün çox vacib olan yaylaq problem var, kəndlərdə əhalini narahat edən bir sıra digər məsələlər var ki, onların da üzərində işləyirik.

– Vahid müəllim, bu il ölkəmizdə ilk Avropa Oyunları keçirildi. Bu oyunlar ölkə iqtisadiyyatına hansı töhfələr verdi?

– Bu beynəlxalq tədbirin iqtisadi tərəfləri ilə bağlı mənə çoxlu suallar ünvanlanıb. Bilirsiniz, hər şeyi iqtisadi məsələlərlə bağlamaq düzgün deyil. Bəri başdan deyim ki, ilk Avropa Oyunlarının keçirilməsi bizim üçün olduqca zəruri idi. Bu tədbirdə dünyanın 50 ölkəsindən 6 mindən artıq idmançı iştirak etdi.

Bu həm də dünya ölkələri ilə əməkdaşlığın bir forması idi. Bu mənada Bakı Avropa Oyunlarının iqtisadi əhəmiyyətindən çox siyasi əhəmiyyəti böyük oldu. “Bakı-2015” İlk Avropa Oyunlarının açılış mərasiminə Avropa ölkələrinin nümayəndələri təşrif buyurdular. Dünya da bu möhtəşəm tədbiri ekranlardan izlədi. Bəli, bu gün respublikamızın adı dünyanın hər ölkəsində çəkilir. Və indən sonra Avropa Oyunları hansı ölkədə keçirilirsə keçirilsin, istəsələr də, istəməsələr də, hər dəfə Azərbaycanın adı şəkiləcək. Çünki Azərbaycan bu beynəlxalq yarışmaya ev sahibliyi etməklə bir ilkə imza atdı.

O ki qaldı konkret sualınıza… Təbii ki, bütün bunlar Azərbaycan iqtisadiyyatı üçün də müsbət rol oynadı. Bəli, bu tədbir çərçivəsində Avropadan xeyli sayda turist ölkəmizə gəldi. Təbii ki, onlar bu tədbir çərçivəsində bizim yaşayış tərzimizlə tanış oldu, şəhərlərimizi gəzdi, inkişafımızın şahidi oldular. Təbii ki, onlar gördüklərindən öz ölkələrində mütəmadi söz açacaqlar. Mən hələ bu tədirin açılış mərasiminə qatılmış ölkə rəhbərlərini demirəm… Yenə deyirəm, bu həm də əməkdaşlığın bir forması idi. Mənim zənnimcə, bu 17 günlük tədbir ölkəmizə bu və ya digər sahələrdə kifayət qədər divident qazandırdı.

Unutmayaq ki, hər bir belə tədbir yeni obyektlərin inşasını tələb edir. Üç il müddətində, yəni ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Romada Avropa Olimpiya Komitəsinin qərarının qəbulundan sonra ölkəmizdə nə qədər işlər görüldü. Kim bilir, bəlkə də adi vaxtda bu kimi şeylərə nail olmaq üçün ölkəmizə ən azı 10-15 il lazım ola bilərdi. Amma bizdə üç il müddətində bu qədər böyük işlər görüldü. Ona görə də Azərbaycan Prezidentinin Avropa Oyunlarına çox ciddi diqqət göstərməsini yüksək qiymətləndirmək lazımdır. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi prosesində böyük işlər görmüş Təşkilat Komitəsinin, onun rəhbəri Mehriban xanım Əliyevanın işini, fədakarlığını çox yüksək qiymətləndirirəm.

– Yeri gəlmişkən, bəs siz idmanın hansı növü ilə məşğul olursunuz?

– Mən voleybol və futbolla məşğul olmuşam, indi də vaxtım olanda bu idman növləri ilə məşğul oluram.

 

“Azərbaycan neft gəlirlərindən

daha səmərəli istifadə edir”

– Vahid müəllim, indi də digər suallarla söhbətimizi davam etdirməyinizi xahiş edirəm. Sizcə biz neftdən yetərincə faydalana bilirikmi?

– Elə ölkələr var ki, uzun illərdir Azərbaycandan çox dünya bazarına neft və qaz çıxarır. Lakin həmin ölkələrin iqtisadi və sosial inkişafının dinamikasına baxdıqda görürük ki, onların sosial-iqtisadi göstəriciləri 20 ildir ki karbohidrogen ehtiyatları ixrac edən ölkəmizdən qat-qat aşağıdır. Elə bu fakt bir daha göstərir ki, Azərbaycan neft gəlirlərindən daha səmərəli istifadə edir. Nəticədə iqtisadi və sosial sferalarda böyük uğurlar qazanılır. Təkcə ötən il iqtisadiyyata qoyulan 27 milyard dollar sərmayənin 16 milyardı daxili investisiyalardır. Son 11 ildə iqtisadi inkişafın dinamikasına görə Azərbaycan dünyada lider dövlətdir. Onu da deyim ki, Azərbaycan təkcə neft-qaz ölkəsi olmaqla kifayətlənmək fikrində deyil. Ölkəmizin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir.

– Elə isə qeyri-neft sektoru ilə bağlı nə deyə bilərsiniz?

– Ümumiyyətlə, son illər bu istiqamətdə böyük layihələr icra edilib. Xüsusilə sənayedə yeni istehsal sahələrinin yaradılması diqqət mərkəzində olub. Bunun nəticəsidir ki, ölkədə 410-dan çox müxtəlif təyinatlı müəssisə fəaliyyətə başlayıb, hazırda 530-dan artıq müəssisənin tikintisi davam edir. Adi bir misal: bu gün ölkəmizdə quşçuluq sənayesi o qədər inkişaf edib ki, daxili bazarda xarici idxalçılara, demək olar ki, yer yoxdur. Bir sıra meyvə-tərəvəzlərin istehsalında da tədricən belə vəziyyət yaranır. Rəqəmlər Azərbaycanda qeyri-neft sektorunun inkişafının hansı sürətlə getdiyini əyani şəkildə göstərir. Beləliklə, son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub. Ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə qədər yüksəlib. Təsadüfi deyil ki, II Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci yerə qədər yüksəlib. Bu o deməkdir ki, ölkəmiz dünyanın 40 ən güclü iqtisadiyyatına malik dövlətləri sırasındadır.

 

“Dünyanın heç bir yerində belə bir güzəşt yoxdur”

– Respublikamızda qeyri-neft sektorunda ən böyük sahə aqrar bölmədir…

– Bəli, qeyri-neft sektorunun əsas qollarından biri də kənd təsərrüfatıdır. Bilirsiniz ki, aqrar sahə ilə əlaqədar xeyli sayda qanunlar qəbul edilib, fərman və sərəncamlar imzalanıb. Ümummilli lider Heydər Əliyev MDB məkanında ilk dəfə aqrar islahatların keçirilməsinə qərar verib. Yeri gəlmişkən, mənim yadıma gəlir ki, biz “Gülüstan” sarayında regionların iqtisadi inkişaf proqramını müzakirə edirdik. Cənab Prezident hökumətin qarşısında iki məsələ qoydu – birincisi ərzaq təhlükəsizliyi, ikincisi də qeyri-neft sektorunun inkişafı. Yəni neftdir, qazdır daimi deyil axı. Ölkə başçısı İlham Əliyev də bu sahənin inkişafına ciddi fikir verir. Elə ölkə Prezidentinin sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması bu sahənin inkişafına göstərilən diqqətin davamlı olduğunu təsdiq etmirmi? Bütün bu addımlar isə öz bəhrəsini verir. Hamının yaxşı yadındadır ki, müstəqilliyimizin ilk illərində, demək olar, bütün növ ərzaq məhsulları xaricdən gətirilirdi. İndi bu məhsulların idxalı ildən-ilə azalır. Səbəb, təbii ki, yerli istehsalın artması nəticəsində xaricdən gətirilən məhsullarla rəqabətdə üstünlük təşkil etməsidir.

– Təbii ki, bu sahənin inkişafı sərmayədən çox asılıdır…

– Ötən 10 ildə regionlardakı sahibkarlara 4,5 milyard manat vəsait ayrılıb. Bunun nəticəsidir ki, aqrar sektorda məhsul artımı 48,9 faiz olub. Azərbaycanda su çatışmazlığı üzündən min hektarla əkin sahəsi dövriyyədən kənarda qalmışdı. Görülən meliorativ tədbirlər nəticəsində son 10 ildə 20 min hektar torpaq sahəsi dövriyyəyə cəlb edilib. Şəmkirçay və Taxtakörpü su anbarlarının fəaliyyəti isə min hektarlarla yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsinə imkan yaradacaq.

Hazırda fermerlər torpaq vergisindən başqa bütün növ vergilərdən azad edilib. Dünyanın heç bir yerində aqrar sektorda çalışan sahibkarlara dövlət tərəfindən belə bir güzəşt edilməyib. Üstəlik, əkin apardığı sahə üçün işlətdiyi yanacaq, sürtkü yağlarına görə dövlət büdcəsindən fermerlərə əlavə vəsait ödənilir. Həmçinin istifadə edilən gübrələrə, damazlıq cins heyvanlara, toxuma görə də dövlət subsidiyalar ödəyir. Eyni zamanda, fermerlərin satın aldıqları kənd təsərrüfatı texnikasına görə də dövlət əlavə vəsait ödəməyi öhdəsinə götürüb. Şübhəsiz ki, həyata keçirilən bu məqsədyönlü aqrar siyasət öz bəhrəsini verir və yaxın bir neçə ildə ərzaq təhlükəsizliyimizin tam təmin edilməsinə zəmin yaradacaq. Əminəm ki, Azərbaycan üçün prioritet sahə sayılan və məşğul əhalinin 38 faizini öz ətrafında toplayan aqrar sektor “Kənd təsərrüfatı ili”ndə həm Ümumi Daxili Məhsuldakı payını, həm də iqtisadiyyatdakı rolunu gücləndirəcək.

 

“Amma nəticə yoxdur”

– Vahid müəllim, əhali hələ də banklardan şikayətçidir… Siz də bu məsələdən dəfələrlə söz açmısınız: kredit faizlərinin aşağı düşəcəyi gözlənilirmi?

– Bank resurslarının formalaşmasının üç əsas mənbəyi var. Mərkəzi Bankın verdiyi kreditlərin faizi 3,4-4, əhalidən alınan əmanətlərinki isə 9,5-10 faizdir. Xarici maliyyə qurumlarından alınan kreditlərin faizi də yüksək deyil. Bu gün bizim bankların resurslarının 70 faizi əhalidən alınan əmanətlərin hesabına yaranıb. Deməli, banklarımız həmin əmanətləri yenidən əhaliyə 20-30 faizlə kredit şəklində qaytarır. Kreditlərin bu qədər yüksək faizlə verilməsinin heç bir qanunauyğunluğu yoxdur. Zənnimcə, əgər banklar ötən illər ərzində kreditləri real sektorda çalışan sahibkarlara münasib faizlərlə versəydi, indi real sektorda artım daha yüksək olardı, üstəlik, özləri də qazanardı. Dünyada iqtisadi böhran yarananda banklar sahibkarlara verilən kreditlərin faizini aşağı salır ki, böhrandan hər iki tərəf az ziyanla çıxsın. Bizdə isə banklar, əksinə, krediti daha yüksək faizlə verməklə maliyyə sektorundakı müəyyən problemlərdən bəhrələnmək istəyirlər. Bəli, bankların faiz siyasətini hər kəs tənqid edir, amma nəticə yoxdur. Banklar kredit faizlərini aşağı salmaq əvəzinə əmanət faizlərini aşağı saldılar və bununla da öz gəlirlərini artırıb, istehlakçıları, əmanətçiləri çətin durumda buraxdılar. Parlamentdəki çıxışlarımda dəfələrlə bu problemləri qabartmışam, amma hələ ki, fayda yoxdur.

– Və sonda Dağlıq Qarabağla bağlı bir sualla müraciət etmək istəyirəm… Sizcə, bu danışıqların bir sonu olacaqmı?

– Ölkəmiz Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək istəyir. Bizim sülhsevər olmağımızı ötən illər ərzində aparılan danışıqlar da sübut edir. Lakin Ermənistan müxtəlif bəhanələrlə işğal etdiyi torpaqlarımızdan çıxmaq istəmir. Ermənilər başa düşürlər ki, indiki halda Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən Ermənistandan qat-qat güclüdür. Bu gün ordumuz müasir silahlarla silahlanmaya görə dünyada 7-ci, güclü ordular sırasında isə 50-ci yerdədir. Bu o deməkdir ki, torpaqlarımız sülh yolu ilə azad edilməsə, hərb yolu ilə qısa bir müddətdə azad olunacaq. Müharibə olarsa, qələbə qazanacağımıza Ermənistanda da şübhə etmirlər. Onların çaşqınlıq içində verdiyi bəyanatlar da bunu təsdiqləyir.

Qvami Məhəbbətoğlu, Qəhrəman Qasımov