Millət vəkilləri: Vergi təzyiqi sahibkarlığı boğa bilər

541

Dünən Milli Məclis payız sessiyasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihələrinə dəyişikliklər müzakirə olundu. İclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov millət vəkillərinə qanun layihəsi barədə məlumat verdilər. Bildirildi ki, 2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri isə 18 mlrd. 495 mln. manat nəzərdə tutulub.
2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 2016-cı il üçün təsdiq olunmuş proqnozla müqayisədə 2256, mln. manat və ya 15,5% çoxdur. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş xərcləri isə 2016-cı il üçün təsdiq olunmuş proqnozdan 13,7% çoxdur.
2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 mlrd. 673 mln. manat təşkil edəcək.
Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin satış qiymətinin 1 barreli üçün müəyyən edilmiş qiymət iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülüb.
Yenidən baxılma ilə 2016-cı il icmal büdcənin gəlirləri 15738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcənin neft gəlirlərinin hesablanması üçün bir barrel xam neftin qiymətinin təsdiq olunmuş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin 3 mlrd. 230,3 mln. azalması hesabınadır.
İcmal büdcənin xərcləri təsdiq edilmiş büdcəyə nisbətən 23,1% və yaxud 4 mlrd. 610,2 mln. manat artırılaraq 24 mlrd. 566,6 mln. manata çatdırılması nəzərdə tutulub. Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 mlrd. 828 mln. manat, ARDNF-in gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 12 mlrd. 309,3 mln. manat təşkil edəcək.

Büdcə olmayan yerdə
hesabat nəyə lazımdır?
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkillərinin əksəriyyəti orta və kiçik sahibkarlığın inkişafına dövlət qayğısının artırılmasına diqqət çəkdilər. İlk çıxış edən Siyavuş Novruzov sözügedən dəyişikliklərin müzakirə olunduğu bir iclasda hökumətin geniş tərkibdə iştirak etməməsinə öz etirazını bildirdi: “Bilirsiniz ki, ölkə iqtisadiyyatı ilə bağlı cənab Prezident bir neçə müşavirə, bir böyük konfrans keçirib. Konkret olaraq dövlət məmurları qarşısında məsələ qaldırıb. Amma mən zala nəzər salanda görürəm ki, iqtisadi bloka daxil olan nazirlərin biri də burada iştirak etmir. Burada dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəsi təkcə Samir müəllimə və ya Mərkəzi Banka aid deyil. Ola bilər kimsə ezamiyyətdə olsun. Bəs bunun təhsili, səhiyyəsi, ayrı-ayrı strukturu var. Ola bilər ki, kiminsə bir sualı var. Növbəti iclasda hökumətin hesabatı olacaq. Amma hökumət 2015-ci ilin hesabatını verəcək. Büdcə olmayan yerdə hesabat nəyə lazımdır? Nazirlər Kabinetində 6 müavin var. Mənim Nazirlər Kabinetinə sualım var. Bir müavin yoxdur ki, mənim sualımı cavablandırsın. Baş Nazir yoxdu, lap yaxşı, bəs 6 müavindən biri iştirak edib millət vəkillərinin suallarına cavab verə bilərdi. Hesab edirəm bu cür yanaşma tərzi ölkə başçısının qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə düzgün yanaşma tərzi deyil”.

“Sərt pul-kredit siyasətinin həyata keçirilməsində ifrata varılma neftdən kənar sahələrin boğulmasına gətirib çıxaracaq”
Millət vəkili Əli Məsimli Mərkəzi Bankın həyata keçirdiyi sərt pul-kredit siyasətinə toxundu: “İqtisadi fəallığın artması müəyyən dərəcədə inflyasiyaya da təsir göstərəcək. Mərkəzi Bank inflyasiyanı səngitmək üçün sərt pul-kredit siyasəti həyata keçirir. Amma ötən əsrin 90-cı illərin əvvəllərindən bizə məlumdur ki, sərt pul-kredit siyasətinin həyata keçirilməsində ifrata varılma neftdən kənar sahələrin boğulmasına gətirib çıxaracaq”.

“Gəlirlər azalırsa vergilərində azalmasına gətirib çıxarır ki, bu da çox ciddi məsələdir”
Fərəc Quliyev büdcə gəlirlərinin 42%-nin vergi yığımlarının hesabına nəzərdə tutulmasının sahibkarların vergi yükünün artmasına səbəb olacağını bildirdi: “Məni əsas maraqlandıran məsələ büdcə gəlirlərinin 42%-nin vergi yığımlarının hesabına nəzərdə tutulmasıdır. Vergi daxilolmaları ötən ilin büdcəsindəki ilə eyni götürülüb. Bunu təmin etmək mümkündür, yoxsa yox? Çünki indiki şərtlər 2015-ci ilin şərtləri ilə eyni deyil. Dövriyyə azalması ilə gəlirlər də azalıb. Gəlirlər azalırsa vergilərində azalmasına gətirib çıxarır ki, bu da çox ciddi məsələdir. Vergilər Nazirliyi isə büdcə tələblərini yerinə yetirə bilmədikdə sahibkarların vergi yükünü daha da artıra bilər. İndiki vəziyyətdə sahibkarlara qarşı belə bir münasibət sərgiləmək doğrudur, yoxsa yox? Əlbəttə doğru deyil. İqtisadi aktivliyin azaldığı bir vaxtda verginin administrativ şəraitdə təzyiqləri artırması sahibkarların obyektlərini bağlanması ilə nəticələnə bilər”.

“Amma elə etməliyik ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında problemlər olmasın”
Millət vəkili Vahid Əhmədov da kiçik və orta sahibkarlığın inkişafı sahəsinə diqqətin artırılmasının vacibliyini dilə gətirdi: “Bununla bağlı, vergi və gömrük orqanlarından xahiş edirəm… Düzdür, son vaxtlar gömrük sistemində çox ciddi islahatlar aparılır. Xüsusilə, sərhəd zonalarında bunu görmək olar. Mən bunu çox müsbət addım kimi qiymətləndirirəm. Amma elə etməliyik ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında problemlər olmasın. Dövlət başçısının son vaxtlar qəbul etdiyi sərəncamlar, fərmanlar, Milli Məclisin qəbul etdiyi bir sıra qərarlar bizə imkan yaradır ki, 2016-cı ildə də çətinliklərə baxmayaraq manatın növbəti devalvasiyasından qaçaq və 2016-cı ildə də Azərbaycanın iqtisadi inkişafını uğurla davam etdirək”.

“İqtisadi sistemimiz primitiv
əsaslarla qurulub”
Fazil Mustafa hökumət nümayəndələrinin yetərincə ictimaiyyəti görülən işlərlə bağlı məlumatlandırmadığını bildirdi: “Ölkə Prezidenti yığmasa hökumət bir yerə gəlmir, heç bir açıqlama vermir. Hökumət bildirməlidir ki, nə qədər iş yeri açılıb, inhisarçılığa qarşı, sahibkarlığın qorunması üçün hansı işlər görünür, kənd təsərrüfatında hansı müəssisələr açıldı, işsizlərin aradan qaldırılması üçün hansı real işlər görülüb. Bunların heç biri yoxdur. Devalvasiya göstərdi ki, iqtisadi sistemimiz primitiv əsaslarla qurulub”.
Millət vəkili qeyd etdi ki, yalan statistikadan qaçmaq lazımdır: “Qeyd edirik ki, maaşlar 30-40% qaldırılsın. Amma bu yenə çatmayacaq. Yalan statistikadan qurtulmalıyıq. Minimum əmək haqqı 200 manatdırsa 200 manatlıq istehlak səbəti olmalıdır. Burada qara kürüdən söhbət getmir ki. Heç olmasa insanın yaşaması üçün lazım olan qida məhsulları kifayət edər. Fiziki şəxslərdən yığılacaq gəlir vergisi ilə büdcəyə 3 milyard manat gəlir proqnozlaşdırılır. Bu kimdən çıxacaq? Bu, iri holdinqlərdən, mənfəətlərini gizlədənlərdən çıxmayacaq, vətəndaşdan çıxacaq. Ölkənin ərzaq təminatını əlində cəmləşdirən bir holdinq özünün 49 şirkəti ilə 2014-cü ildə büdcəyə 3,5 milyon manat mənfəət vergisi ödəyib. Hamı gəlirini gizlətsə bununla hara getmək olar. Ona görə kölgə iqtisadiyyatı ilə bağlı problemə artıq baxmaq lazımdır”.

“Şəxsən millət vəkili kimi məndə əminlik yoxdur”
“Hazırda sahibkarlar gözləmə mövqeyi tutublar. İqtisadiyyata əsaslı kapital qoyub yeni müəssisə yarada biləcək sahibkarların isə kreditlərə çıxışı çox çətindir”. Bunu isə millət vəkili Qüdrət Həsənquliyev çıxışı zamanı dedi. Q. Həsənquliyev Azərbaycanda bankların manatla kredit vermədiyini diqqət çəkdi: “Dollarla isə kredit götürülmür. Çünki kredit götürənlər hələ də növbəti devalvasiyanın olub-olmayacağından əmin deyillər. Şəxsən millət vəkili kimi məndə əminlik yoxdur”.
Qeyd edək ki, müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Bəylər Məcidov