Mikayıl Abdullayev niyə cəbhəyə getmədi?

471

Yəqin bilirsiniz, təsviri sənətin rəngkarlıq və qrafika, monumental və teatr sənəti sahəsində fəaliyyət göstərmiş görkəmli fırça ustası Mikayıl Abdullayev (1921-2002) respublikamızda ilk dəfə SSRİ xalq rəssamı adına layiq görülən və SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilən sənətkar olub. Yox, mən bu kiçik yazıda onun haqqında ətraflı söhbət açmaq istəmirəm. Başqa bir məqama – Əməkdar incənət xadimi Ziyadxan Əliyevdən eşitdiyim bir maraqlı detala diqqətinizi yönəltmək istəyirəm. Ziyadxan müəllimin sözlərinə görə, ötən əsrin 30-40-cı illərində əgər Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) gənc rəssamlara bu gün çoxlarına həsədaparıcı qayğısı olmasaydı olmasaydı, yəqin ki, bu gün hər birinin adını fəxrlə çəkdiyimiz rəssamların çoxu sənət dünyasında olmazdı: “Onun qayğı göstərdiyi gənclərdən biri də Mikayıl Abdullayev olub. Böyük Vətən Müharibəsi illərində 3 oğlunun cəbhəyə göndərilməsinə (neft sahəsi üzrə ali təhsil alan kiçik oğlu Lətif hətta ona verilən brondan imtina edib müharibəyə getmişdi) görə respublikanın o zamankı rəhbəri Mircəfər Bağırova müraciət etməyən görkəmli fırça ustası Mikayıl Abdullayevə çağırış vərəqəsi gələndə ona ağız açıb. Əzim Əzimzadə ölkə rəhbərinə gənc rəssam haqqında ətraflı məlumat verməklə onun böyük gələcəyi olduğunu nəzərə alıb müharibəyə aparmamasını xahiş edib. Bağırov böyük rəssamın xahişini yerə salmayıb və bununla da müharibəyə getmək təhlükəsi Mikayıl Abdullayevdən yan keçib”.

Yeri gəlmişkən bir məsələni də yada salmaq yerinə düşərdi. Eşitdiyimə görə, müharibədə döyüşən oğlunun ölüm xəbərini eşidən Əzim Əzimzadə bu itkidən möhkəm sarsılıb və xəstələnib. Rəssama böyük hörməti olan Mircəfər Bağırov Əzim Əzimzadənin döyüşdə olan digər oğlunun geri qayıtması haqqında göstəriş verib ki, qoy o, öz oğlunun çiynində son mənzilə getsin. Ancaq oğlu özünü can üstə olan atasına yetirə bilməyib…