“Miatsum” – Ermənistanı uçuruma aparan xülya

78

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfəri, əzəli torpaqlarını düşmən işğalından azad etməsi ilə tarixi ədalətin bərqərar olması nəticəsində bu gün Ermənistan tarixinin ən çətin anlarını və acı səhifələrini yaşamaqdadır.

Getdikcə daha da pisləşən iqtisadi vəziyyət, qətiyyətsiz siyasi hakimiyyət, insan haqlarının kobud şəkildə pozulması, əhalinin ziyalı təbəqəsinin total mühacirəti, tükənməkdə olan resurslar, darmadağın edilmiş ordu, dövlət büdcəsini bir neçə dəfə üstələyən xarici borc – bütün bunlar bu gün əhalisini yoxsulluq və səfalətdən xilas etmək, siyasi və iqtisadi cəhətdən təklənməkdən canını qurtarmaq əvəzinə, Azərbaycana qarşı hər hansı təsir elementləri əldə etmək üçün beynəlxalq platformalarda yalvararaq siyasi hoqqabazlıq edən Ermənistanın real vəziyyətini təcəssüm etdirən arqumentlərdir.

Vəziyyətin bu həddə çatmasının əsas səbəbi isə Ermənistanın onsuz da məhdud olan siyasi və iqtisadi resurslarının 30 il ərzində Azərbaycanın tarixi torpaqlarının işğal altında saxlanmasına və “Miatsum” xülyasının reallaşmasına sərf edilməsidir.

Sirr deyil ki, qədim tarixi olmayan toplumlar müəyyən miflər yaradaraq mənbəyi və kökü bilinməyən əsassız ideyaları dünya ictimaiyyətinə sırımağa çalışırlar. Bu mənada, ən çox “müvəffəqiyyət” qazanan xalqlardan birinin ermənilərin olduğunu desək heç də yanılmarıq. 1988-ci ilin fevralında Xankəndidə erməni separatçılarının “Miatsum” şüarını açıq-aydın şəkildə səsləndirmələrini tarixi Azərbaycan torpağı olan Qarabağın Ermənistana birləşdirilməsi uğrunda planın icrasının bir hissəsi kimi qiymətləndirmək olar. Ermənistan məhz “Miatsum” xülyasının reallaşması üçün 30 il ərzində xarici havadarlarının dəstəyi ilə işğal edilmiş ərazilərin saxlanmasına küllü miqdarda vəsait xərcləyirdi.

Həmin maliyyə yatırımlarını ölkə üçün heç bir adekvat və məntiqli, ən əsası, ədalətli bir arqument olmayan ideya uğrunda deyil, iqtisadi və sosial inkişafa istiqamətləndirsəydi, bu gün Ermənistan regionun digər ölkələri kimi, qlobal enerji layihələrinin iştirakçısı ola bilərdi. Amma seçdiyi məntiqsiz yol nəticədə Ermənistanı uçuruma gətirib çıxartdı. Ölkədə insan haqlarının pozulması, vətəndaşların ən ali hüquqlarının belə tapdanması halları geniş vüsət alıb. Bu da təbiidir, çünki Ermənistan hakimiyyətləri hər zaman separatist məqsədlərini xalqın maraqlarından üstün tutub. Əgər belə olmasaydı, bu gün bu ölkədəki vəziyyət tam başqa məcrada inkişaf edərdi. Təəssüf ki, Ermənistanın nə əvvəlki, nə də özünü “demokrat” kimi qələmə verən hazırkı hakimiyyəti ölkənin inkişafını, insanların rifah halının yaxşılaşmasını, ədalətli cəmiyyətin qurulmasını qarşıya prioritet kimi qoymayıb. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət isə Ermənistanın onsuz da ağır olan ictimai-siyasi vəziyyətini daha da kəskinləşdirdi.

Azərbaycan isə 30 il ərzində bütün sahələrdə qazanılan uğurlar sayəsində qüdrətli dövlətə, beynəlxalq münasibətlər sistemində aparıcı aktorlardan birinə, güclü iqtisadiyyata malik ölkəyə çevrilə bilib. Bu illər ərzində Azərbaycanda insanların rifah halının yüksəldilməsi, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin olunması istiqamətində də ciddi addımlar atılıb.

Məhz görülən işlərinin nəticəsi idi ki, Birinci Qarabağ müharibəsindən fərqli olaraq, Vətən müharibəsi zamanı Azərbaycanda xalq-dövlət birliyi təmin edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, məhz xalq-ordu-dövlət birliyi sayəsində “dəmir yumruğu” formalaşdırmaq mümkün oldu. Nəticədə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz haqqını bütün dünyaya bəyan edə bildi, düşməni torpaqlarından qovdu və noyabrın 10-da Ermənistanın təslim olması haqqında Bəyanat imzalandı.

Əslində, bu Bəyanat Azərbaycan tərəfindən öz torpaqlarının geri qaytarılması ilə yanaşı, “Miatsum” xülyasını da darmadağın etmiş oldu. Azərbaycan Prezidentinin də bildirdiyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi başa çatıb və Ermənistan cəmiyyəti xülyalarla yaşamaqdansa, inkişaf yolunu seçərək regiondakı tərəqqidən faydalana bilər. Təbii ki, bu da ölkədə insan haqları ilə bağlı vəziyyətin də yaxşılaşmasına imkan yaradar. azərtac