Meyvənin maya dəyəri ucuzlaşsa da…

560

Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 9 ayının yekununda əsas kənd təsərrüfatı məhsullarının qiyməti kəskin şəkildə bahalanıb. “Yeniavaz.az” Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, 2015-ci ilin sentyabr ayında topdansatış məntəqələrində 1 kiloqramı 30 qəpiya satılan pomidor (Şəmkir) bu ilin sentyabr ayında 1 manata satılıb. Rəqəmlərdən də göründüyü kimi hesabat dövründə pomidorun topdansatış qiyməti 3,3 dəfə bahalanıb. Bundan başqa ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabr ayında şaftalının (Xaçmaz) topdansatış qiyməti 3 dəfə, üzümün (ağ kişmişi) qiyməti 3,3 dəfə, xiyarın (Bakı), sarımsağın (Ağsu) və bibərin (yaşıl) qiyməti 2 dəfə, armudun (meşə gözəli) qiyməti 43%, narın (Göyçay) qiyməti 33%, almanın (palmet) və badımcanın (Bərdə) qiyməti isə 20% artıb. Məlumat üçün qeyd edək ki, ötən ilin sentyabr ayında topdansatış məntəqələrində şaftalının (Xaçmaz) 1 kiloqramı 1 manat olduğu halda bu ilinin sentyabr ayında 3 manat olub. Bu dövürdə üzümün (ağ kişmişi) 1 kiloqramının qiyməti 60 qəpikdən 2 manata, xiyarın (Bakı) qiyməti 30 qəpikdən 60 qəpiyə, sarımsağın (Ağsu) qiyməti 3 manatdan 6 manata, bibərin (yaşıl) qiyməti 40 qəpikdən 80 qəpiyə, armudun (meşə gözəli) qiyməti 70 qəpikdən 1 manata, narın (Göyçay) qiyməti 60 qəpikdən 80 qəpiyə, almanın (palmet) qiyməti 50 qəpikdən 60 qəpiyə, badımcanın (Bərdə) qiyməti isə 25 qəpikdən 30 qəpiyə yüksəlib. Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumatda göstərilir ki, ötən illə müqayisədə bu ilin sentyabr ayında yalnız kartofun, kələmin, çuğundurun və yerkökünün qiymətində ucuzlaçma olunub. Belə ki, kələmin (Bərdə) qiyməti 60% ucuzlaşaraq 50 qəpikdən 20 qəpiyə, çuğundurun (Xaçmaz) qiyməti 25% ucuzlaşaraq 80 qəpikdən 60 qəpiyə, kartofun (Tovuz) qiyməti 18% ucuzlaşaraq 55 qəpikdən 45 qəpiyə, yerkökünün (Bərdə) qiyməti isə 8,3% ucuzlaşaraq 1,2 manatdan 1,1 manata düşüb. Nazirliyin açıqlamalarından belə görünür ki, əksər meyvə-tərəvəzin qiyməti kəskin şəkildə bahalanıb.

Qiymət artımının arxasında ciddi iqtisadi səbəblər dayanmır

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasından fərqli olaraq Dövlət Statistika Komitəsi ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 5,3% ucuzlaşdığını bildirib. Hətta Statistika Komitəsi bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin daha çox – 13,4% ucuzlaşdığını açıqlayıb. Bəs görəsən, bitkiçilik məhsullarının istehsalçı qiymətləri ucuzlaşdığı halda topdansatış məntəqələrində bu məhsulların qiyməti hansı səbəbdən artıb? Açıqlanan rəqəmlərə baxdığımız zaman belə görünür ki, bitkiçilik məhsullarının qiymətinin artması süni xarakter daşıyır və bu qiymət artımının arxasında ciddi iqtisadi səbəblər dayanmır. Son bir il ərzində ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün zəruri olan yanacağın və kübrənin qiymətində artım olmayıb. Vergi dərəcələrində dəyişiklik edilməyib. İstehsal səviyyəsi aşağı düşməyib. Elə bu səbəblərdən də Statistika Komitəsi kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin aşağı düşdüyünü bildirir. Bundan başqa ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin ilk 9 ayında əksər bitkiçilik məhsullarının istehsalı artıb. Müşahidələr göstərir ki, indiki halda bahalanmaya yerli məhsulların Rusiya bazarlarına göndərilməsi səbəb ola bilər. Bildiyimiz kimi Qərb ölkələri Ukraynada baş verənlərə görə Rusiyaya sanksiya tətbiq ediblər. Rusiya isə buna cavab olaraq Qərb ölkələrindən idxal olunan meyvə-tərəvəzə qadağa qoyub. Eyni zamanda daxili tələbatı ödəmək üçün digər ölkələrdən, xüsusilədə qonşu dövlətlərdən gətirilən meyvə-tərəvəzin sərhəddən asanlıqla keçməsi üçün hər çür şərait yaradıb. Belə olan halda da Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin həcmi artıb. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında meyvə-tərəvəz ixracı 33% artıb. Bu səbəbdən istehsalçılar məhsullarını qiymətlər daha əlverişli olduğu üçün Rusiya bazarlarında satmağa daha çox üstünlük verirlər. Bu isə yerli bazarda qiymətlərin süni şəkildə bahalanmasına səbəb olur.

Allahverdi Cəfərov