Meyvələrin söhbəti, yaxud “qısqanclıq”

546

 

Yəqin bilənlər bilir, qoy deyim ki, bilməyənlər də bilsinlər. 
Ayrı-seçkilik tərəfgirlik, üzgörənlik, ədalətsizlik, bir tərəfin üstün tutulması, obyektiv münasibət göstərilməməsi anlamındadır. Mən bu yazıda həmin anlamın siyasi notları üzərində gəzişmək fikrində deyiləm. Hər şeydən əvvəl, ona görə ki, indi bu sahədə hər yetən qurşaq tutub, söz güləşdirir. Sözün düzü, bu mövzuda bir yazı yazmaq hələ ötən ay Qubada keçirilən “Alma bayramı”nda könlümə düşmüşdü. Lakin həmin bayramda nümayiş etdirilən almaların ətri məni necə bihuş etdisə, bu mövzuya girişə bilmədim. Sonradan Göyçayda “Nar bayramı” keçiriləndə bu mövzu yenə gilə-gilə başımın üstünü aldı. Az sonra onun əsirinə çevrildim. Bu əsirliyim bir neçə gün davam etdi. Və bir gecə…

… Bir neçə meyvə bir yerə yığışıb söhbət edirdi. Xəlvəti yaxınlaşıb onların söhbətlərinə qulaq asmağa başladım. Xurma Alma və Narı qaralamışdı:

– Balam, gülməşəkərə dönmüsünüz, artıq neçə ildir ki, adınızla bağlı bayramlar təşkil olunur, şəninizə təriflər yağdırılır, mahnılar oxunur, qəzetlər sizdən yazır. Mən hələ televiziya kanallarını demirəm. Eşitdiyimə görə, hətta görüşünüzə xarici ölkələrin nümayəndələri də gəlirlər. Belə günlərdə o qədər xoşhal olursunuz ki, heç yadınıza mənim kimi meyvələr düşmür. Nə deyirəm, təki belə günləriniz çox olsun. Amma nədənsə bizi heç yada salan yoxdur. Yada salmaq oyana e… heç üzümüzə baxan yoxdur.

Bu sözlərdən sonra Xurma göz yaşlarına hakim ola bilmədi.

Üzüm onu sakitləşdirməyə çalışdı:

– Əzizim, hər şeyi ürəyinə salma. Son dövrlər, deyəsən, bizi də unudublar. Halbuki sovet dönəmində alayı adımız-sanımız var idi. Hətta hər sortumuza bir mahnı qoşulardı. Lakin son illər bir “Üzüm bayramı” təşkil edən yoxdur. Əbəs yerə demirlər ki, hər aşiqin bir dövranı var. Görünür, bizim dövranımız ya keçib, ya da nə vaxtsa gələcək. Kim bilir, bəlkə, işləri o qədər çoxdur ki, bizə vaxt ayıra bilmirlər. Buna görə əsla əndişələnmirəm də. Çünki, ay Xurma bacı, sənə baxanda bizə münasibət bir qədər yaxşıdır. Alıcımız da, necə deyərlər, başımızın üstündədir.

Alma Üzümün dediklərini təsdiq edib, üzünü Xurmaya tutdu:

– Xurma bacı, sən nahaq yerə məndən və Nar bacıdan şikayətlənirsən. Bunun sadə bir yolu var: gəl sən də bizim kimi öz rəhbərlərinə müraciət et, adına rayon miqyasında bir məclis təşkil etsinlər. Daha buna görə bizi niyə məhşər ayağına çəkirsən? Axı bizim nə günahımız var?

Nar Xurmanın dediklərinə nə isə əlavə etmək istəyirdi ki, Xurma bacı göz yaşlarını silə-silə dilləndi:

– Ay Nar bacı, vallah, mən belə bir addım ata bilmərəm e…

– Niyə, ay bacı?

– Necə yəni niyə?.. Guya sən niyəsini bilmirsən? Məgər bilmirsən ki, mən sizin kimi xoşbəxt deyiləm. Bax gör də, ölkədə neçə alma, neçə nar emal edən müəssisə var. De görüm, məmləkətimizin hansı bölgəsində xurma emalı müəssisəsi fəaliyyət göstərir? Axı niyə bizə belə münasibət göstərilir?

Alma xanım bu sualın qarşısında xeyli fikrə getdi və:

– Xatırlamıram, – dedi.

– Yoxdur deyirəm e… yoxdur. Əbəs yerə heç başını da ağrıtma! Belə olan təqdirdə, mən hansı üzlə başbilənlərimizə deyim ki, bizim də bayramımızı təşkil elə… Onlar buna görə mənim abrımı ətəyimə bükməzlərmi? Bükərlər, ay bacı, vallah, bükərlər. Buna görə kiməsə ağız açmağa dəyərmi? Görünür, bu il də ya ağaclarda, ya da ayaqlar altında qalmalı olacağıq. Doğrudur, bir neçə gün bundan öncə bizdə də bir bayram keçirildi. Səhv etmirəmsə, adı da “Məhsul bayramı” idi. Lakin həmin bayramda bizi elə ilim-ilim itirdilər ki gəl görəsən. İnandırım səni, heç səsimizi eşidən də olmadı. Odur ki mən də istəyirəm, adımızla bağlı bir tədbir olsun. Biz də sizin kimi sözümüzü deyək. Axı biz nə vaxta qədər onun-bunun kölgəsində qalacağıq? Daha bəs deyilmi? Axı nəyə lazımdır biz meyvələr arasında belə ayrı-seçkilik?

Nar bu sualı elə zəhmlə verdi ki, qorxudan istər-istəməz gizləndiyim yerdən qalxmaq istədim. Birdən necə oldusa ayağım sürüşüb yıxıldım. Ayağa durmaq istəyəndə yuxudan ayıldım. Allah, sən özün bu yuxumu xeyirliyə yoz.

Qvami Məhəbbətoğlu