Meyvə-tərəvəz məhsullarımızın Moskvaya idxalı artacaq

690
Azərbaycan və Moskva hökumətləri arasında kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Dünən Bakıda Azərbaycan və Moskva hökumətləri arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və Moskvanın meri Sergey Sobyanin imzalayıblar. Bununla yanaşı, Azərbaycan məhsullarını Rusiya paytaxtına tədarük edəcək konkret şirkətlər arasında 48 sənəddən ibarət razılaşma paketi imzalanıb.

İmzalanma mərasimindən əvvəl Yaqub Eyyubov qeyd edib ki, Azərbaycan və Moskva hökumətlərinin qarşısında böyük məqsədlər durur və onların həyata keçirilməsi üçün yeni mexanizm işlənilməlidir. Onun sözlərinə görə, Rusiya Azərbaycanın əsas iqtisadi-ticarət tərəfdaşlarından biridir. Yaqub Eyyubov bildirib ki, Azərbaycan Rusiya Federasiyasının 72 subyekti ilə əməkdaşlıq edir və bu baxımdan Moskva ilə əlaqələrə xüsusi diqqət ayrılır. Öz növbəsində, Moskva meri Sergey Sobyanin bildirib ki, Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafını ticarət dövriyyəsi təşkil edir ki, 2013-cü ildə bu göstərici 30% artıb: “Azərbaycan və Moskvanın potensialını nəzərə alsaq, bu rəqəm qənaətbəxş deyil. Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya paytaxtına ixracı ticarət dövriyyəsini xeyli dərəcədə artıracaq. Son illər ticarət dövriyyəsinin 3 dəfə artmasına baxmayaraq, Moskva bazarlarında Azərbaycan məhsullarının tələbatını nəzərə alsaq, bunu nəinki 30 dəfəyə qədər, hətta 300 dəfəyə qədər artırmağa imkan var”.

Moskva meri Azərbaycan məhsullarının logistik mərkəzlərə ixrac edilməsi üçün böyük imkanların olduğunu və burada istənilən ölçüdə xeyli sayda alıcı seçmək imkanının olduğunu vurğulayıb. O, əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Moskva ilə imzalanan sazişlərin davam etdirilməsi məsələləri müzakirə olunub: “Biz yalnız aqrar-sənaye kompleksləri sahəsinin yox, həmçinin metro tikintisi, şəhər infrastrukturunun abadlaşdırılması, səhiyyə, təhsil, mədəniyyət və s. sahələri də müzakirə etdik”.

Qeyd edək ki, Prezident İlham Əliyev dünən Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Moskva şəhərinin meri Sergey Sobyaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsinə və ölkəmizlə daha yaxından tanış olmaq işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.