Meyvə-tərəvəz kəskin bahalanıb

318

Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 10 ayının yekununda əsas kənd təsərrüfatı məhsullarının qiyməti kəskin şəkildə bahalanıb.  Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, 2015-ci ilin oktyabr ayında topdansatış məntəqələrində 1 kiloqramı 90 qəpiya satılan pomidor (Bakı) bu ilin sentyabr ayında 1 manata 80 qəpiyə satılıb. Rəqəmlərdən də göründüyü kimi hesabat dövründə pomidorun topdansatış qiyməti 2 dəfə bahalanıb. Bundan başqa ötən ilin oktyabr ayı ilə müqayisədə bu ilin oktyabr ayında üzümün (qara kişmişi) qiyməti 56,3 %, xiyarın (tikanlı) qiyməti 20%, sarımsağın (Ağsu) qiyməti 2,2 dəfə, bibərin (yaşıl) qiyməti 25%, armudun (meşə gözəli) qiyməti 50%, badımcanın (yerli) qiyməti 2 dəfə, almanın (simerenko) qiyməti 11% artıb. Məlumat üçün qeyd edək ki, ötən ilin oktyabr ayında topdansatış məntəqələrində üzümün (qara kişmişi) 1 kiloqramının qiyməti 1 manat 60 qəpik olduğu halda bu ilin iktyabr ayında 2 manat 50 qəpik olub. Bundan başqa, xiyarın (tikanlı) qiyməti 50 qəpikdən 60 qəpiyə, sarımsağın (Ağsu) qiyməti 3 manat 50 qəpikdənn 7 manat 50 qəpiyə, bibərin (yaşıl) qiyməti 40 qəpikdən 50 qəpiyə, armudun (meşə gözəli) qiyməti 80 qəpikdən 1 manat 20 qəpiyə , almanın (simerenko) qiyməti 45 qəpikdən 50 qəpiyə, badımcanın (Bərdə) qiyməti isə 40 qəpikdən 80 qəpiyə yüksəlib. Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumatda göstərilir ki, ötən illə müqayisədə bu ilin sentyabr ayında yalnız kartofun, kələmin, karalyokun və mandarinin qiymətində ucuzlaşma olub. Belə ki, kələmin (Bərdə) qiyməti 50% ucuzlaşaraq 60 qəpikdən 30 qəpiyə, karalyokun (Gəncə) qiyməti 33% ucuzlaşaraq 60 qəpikdən 40 qəpiyə, kartofun (Tovuz) qiyməti 23% ucuzlaşaraq 65 qəpikdən 50 qəpiyə, mandarinin (yerli) qiyməti isə 50% ucuzlaşaraq 1,2 manatdan 60 qəpiyə düşüb. Nazirliyin açıqlamalarından belə görünür ki, əksər meyvə-tərəvəzin qiyməti kəskin şəkildə bahalanıb.