Metro və “buz”

0
453
Sabirin “Uşaq və buz” şeirindən kimin xəbəri yoxdur ki? Odur ki, bu sənət nümunəsinin xırdalıqlarına varmadan birbaşa keçirəm mətləbə. Güman edirəm ki, “Uşaq və buz”u niyə xatırlatmaq istədiyimi bu yazını oxuduqca başa düşəcəksiniz.
Hər şeyin yaxşısını almaq, ondan istifadə etmək yaxşı şeydir. Bunun müzakirəyə əsla ehtiyacı yoxdur. Amma elə yaxşı şeylər var ki, insanı bir anda yaman günə qoya bilər. Məsələn, indi Bakı Metropoliteninin əksər stansiyalarının (”Nərimanov”, “Gənclik”, “İnşaatçılar” və sairə) girişlərində əməlli-başlı təmir gedir. Belə işləri aparanlara can qurban. Maşallah, təmirdən yenicə çıxmış stansiyaların girişləri indi göz qamaşdırır. Şəxsən mən elə bu səbəbdən həmin stansiyalara düşərkən eynəkdən istifadə edirəm ki, yerə döşənmiş mərmər öz parlaqlığı ilə gözlərimi sıradan çıxarmasın. Müşahidələrimə əsasən deyə bilərəm ki, son günlər bu üsuldan yararlanan yalnız mən deyiləm, belələrinin sayı yüzlərlədir. Amma mənə elə gəlir ki, təkcə eynəklə bu parıltıdan xilas olmaq qeyri-mümkündür.Bəli, stansiyaların yeni parlaq mərmər döşəmələri bu məkanlara nə qədər yaraşıq versə də, sərnişinlər üçün bir o qədər təhlükə mənbəyinə çevrilməkdədir. Belə ki, döşəmələr çox sürüşkən olduğundan sərnişinlər rahat hərəkət edə bilmirlər. Bir sözlə, bu məkanlar artıq buz meydançalarını xatırladır. Odur ki, xizək də almaq gərəkdir ki, yerə döşənmiş sürüşkən mərmərin üstündən rahatca “şütüyə” biləsən. Çünki adi ayaqqabı ilə döşənmiş mərmərin üstündə yerimək çox müşkül məsələdir, xüsusilə qadınlar üçün. Elə bu səbəbdən hər gün onlarla adam stansiyalara düşərkən həmin sürüşkən döşəmələrin “ovuna” çevrilir. Sizi bilmirəm, yenə deyirəm, şəxsən mən sürüşərək yıxılmış 4-5 qadını birtəhər ayağa qaldırmağa nail olmuşam. Heç bilirsinizmi həmin qadınlardan biri ayağa durandan sonra neylədi? Sadəcə, döşəməyə mərmər döşəyənlərin ünvanlarına elə sözlər söylədi ki, onun dediklərini təfsilatı ilə yazmağa xəcalət çəkirəm. Amma onun son sözləri hələ də qulaqlarımda cingildəyir: “Sizi görüm, ömrünüz boyu sürüşəsiniz”.

Stansiyaların girişlərinin belə parlaq döşənməsini heç cür anlamaq mümkün deyil. Axı bu layihəni tərtib edənlər bilmirlərmi ki, belə parlaq mərməri hər yerə döşəmək olmaz? Sürüşkən olduğundan insanların həyatına təhlükə yarada bilər? Mümkün deyil ki, bu işi həyata keçirənlər mərmərin, yaxud qranitin sürüşkən olduğunu bilməsinlər. Məncə, bilirlər, sadəcə, bu cür daşları döşəmək, görünür, onlara sərf edir. Başqa sözlə desək, kim bilir, bəlkə də, onların çörəyi belə sürüşkən, parlaq mərmərlərdən çıxır.

Vallah, yağışlı, qarlı günlərdə bu məkanlarda hərəkət etmək daha dəhşətli olacaq. Görəsən, bu işə qol çəkənlər bayırda ayaqqabısı islanan insanın sürüşkən mərmər üstünə çıxmasını təsəvvürlərinə gətirirlərmi? Axı həmin material metro-stansiyaların döşəmələri üçün nəzərdə tutulmayıb. Bu cür materialdan insanların az gəzdiyi yerlərdə istifadə etmək olar. Amma metro-stansiyalara hər gün minlərlə insan axışır. Görəsən, bu vəziyyət niyə belə sürüşkən mərmərə meyil salanları narahat etmir? Olmaya, onlar daha ciddi fəsadların baş verməsini gözləyirlər? Eşitdiyimə görə, bəzilərinin bundan xəbəri var. O gün bir nəfərdən soruşdum ki, qardaş, axı belə olmaz. Mənə nə desə yaxşıdır? Narahat olmayın, üstündə gəzdikcə o pardaqlanma itəcək, döşəmə normal vəziyyətə düşəcək. Yəni bir-iki aya hər şey düzələcək. Başqa bir şəxs isə təmir işləri başa çatdıqdan sonra döşəmələrdəki sürüşməni azaltmaq üçün tədbirlər görüləcəyini, daha doğrusu, bahalı mərmər plitələrin üzərinə sürüşməyə qarşı xüsusi sement məhlulunun töküləcəyini söylədi. Sual olunur, əgər belə bir iş mümkünsə, bəri başdan niyə görülmür? Görəsən, mərmər “qurbanlarının” sayının artmasında kimlərinsə marağı var?

… Bəli, indi yeni təmir olunmuş stansiyalara yolu düşənlərin, demək olar ki, hər biri Sabirin “Uşaq və buz” şeirini özünəməxsus şəkildə söyləyir. Belə getsə, bu şeirin hələ çox variantı dillərə düşəcək.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here