“Melioratorların işi təbiətdən çox asılıdır”

412

Bu günlərdə Quba rayon Suvarma Sistemləri İdarəsinin rəisi, “Tərəqqi” medallı Nazir Dadaşovla görüşdük. Məlumat üçün bildirək ki, o, 25 ildən çoxdur ki, bu idarəyə rəhbərlik edir.

“Hazırda rayonumuzda 13843 hektardan çox bağ, 3369 hektar əkin, 310 hektardan artıq tərəvəz-bostan, 2949 hektar həyətyanı sahə mövcuddur. 7215 hektar sahənin payına isə yem bitkiləri ilə yanaşı, biçənək və otlaqlar da düşür. Ümumilikdə Quba Suvarma Sistemləri İdarəsinin (SSİ) 26033 hektar suvarılan torpaq sahələrinə xidmət göstərir. 2016-cı ildə sahələrin suvarılmasına 53,5 milyon kubmetr su sərf olunub. 2017-ci il ərzində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün 56,1 milyon kub metr suyun verilməsi nəzərdə tutulub. “, – sözləri ilə söhbətinə başlayan Nazir müəllim Qubada torpaq sahələrinin meliorativ vəziyyətinin qənaətbəxş olduğunu bildirdi: “Rayon ərazisində, demək olar ki, şoranlaşmış torpaq sahələri yoxdur. Eyni zamanda burada yeraltı qrunt sularının da səviyyəsi çox aşağıdır. Ona görə də bu torpaqlarda meliorativ tədbirlərin həyata keçirilməsinə ehtiyac yoxdur”.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsalçılarına suvarma suyunun çatdırılması mexanizminin təkmilləşdirilməsi istiqamətində də bir sıra işlər görülüb: “Belə ki, Qudyalçaydan birbaşa su götürən Xan-arx torpaq kanalın 1300 paqonmetr uzunluğunda olan hissəsinin betonlanması həyata keçirilir. Əkin və bağ sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə Pirvahid, Küpçal, Qımıl-qışlaq, Aşağı-Atuc kəndlərində beş subartezian quyusu qazılaraq istifadəyə verilib. Hazırda Mirzəqışlaq, Atuc, Birinci Nügədi, Pirvahid kəndlərində, Zərdabi qəsəbəsində yeni quyuların qazılması istiqamətində iş görülür. Eyni zamanda cari ildə Amsarqışlaq, Küpçalqışlaq və Birinci Nügədi kəndlərində də yeni quyuların qazılaraq istismara verilməsi planlaşdırılıb.

Mirzəqışlaq kəndinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Samur-Abşeron kanalından birbaşa su götürəcək nasos stansiyası binasının tikintisi başa çatdırılıb. Bunun davamı olaraq cari ildə nasos stansiyasının boru xəttinin çəkilməsi nəzərdə tutulub.

Hazırda bu ilin vegetasiya dövründə hazırlıq məqsədilə əkinə yararlı torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün 32 kilometr uzunluğunda təsərrüfat kanallarında təmir-təmizləmə işləri üzrə kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin, torpaq sahələrinin sel və daşqından mühafizəsi məqsədilə Qusarçayın sağ sahilində yerləşən Cek kəndi ərazilərinin və nəqliyyat yolunda 162 paqonmetr uzunluğunda daş-beton bəndin inşasına başlanılıb. Rayon ərazisindən keçən çayların təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə üçün 96,3 min kubmetr çay məcraları təmizlənib, sahilqoruyucu və su istiqamətləndirici torpaq bəndlər qurulub. Digər çaylarda da bu kimi tədbirlərin aparılması nəzərdə tutulub.

N. Dadaşov çətinliklərindən də söz açdı. O xüsusilə qeyd etdi ki, melioratorların işi təbiətdən çox asılıdır: “Sel və daşqın nəticəsində bir saat kifayət edər ki, illərlə çəkdiyimiz zəhmət hədər getsin və gördüyümüz iş məhv olsun. Bundan başqa, suvarılan torpaqların genişləndirilməsi, məişətdə və sənayedə suya olan tələbatın artması, su ehtiyatlarının region üzrə qeyri-bərabər paylanması və əlbəttə ki, iqlim dəyişiklikləri su qıtlığı kimi problemləri gündəmə gətirir. Bütün bunları nəzərə alaraq qarşımızda duran mühüm vəzifələrdən biri də təbiətdən asılılığı azaltmaq və su çatışmazlığının alternativ mənbələr hesabına aradan qaldırmaqdan ibarətdir. Rayonumuzun iqtisadiyyatı dirçəldikcə su çatışmazlığı günün ən aktual probleminə çevrilir”.

N.Dadaşov sel və daşqınlarla mübarizə qaydaları haqqında da məlumat verdi. O bildirdi ki, təsərrüfat sahələrini, əkinaltı torpaqları sel və daşqın sularından mühafizə etmək üçün qabaqlayıcı tədbirlər görülür. Sel təhlükəsi olan çaylarda beton bəndlər tikilir, mühafizə zolaqları yaradılır. Son on ildə Dünya Bankının hesabına Alekseyevka, Zərdabi inzibati ərazi dairəsində yerləşən, rayonun əsas suvarma sistemi sayılan torpaq kanallar ciddi su itkisinə səbəb olduğu üçün beton kanallarla əvəz olunması da bu qəbildən görülən işlərdir.

Qvami