Media Reyestri: Mətbuatımızda nə dəyişəcək?

39

Son illər medianın inkişafı istiqamətində xeyli  islahatlar həyata keçirilib. Şübhəsiz, bu kontekstdə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüqu­qi şəxsin yaradılması və bu ilin əvvəlində “Media haqqında” Qanu­nun qəbul edilməsi ölkə mətbuatı tarixində əlamətdar hadisələrdəndir. 9 fəsil, 78 maddədən ibarət olan Qanunun qüvvəyə minməsi ilə həllini tapmalı olan mühüm məsələlərdən biri də Media Reyestrinin yaradılmasıdır.

Prezident İlham Əliyev 2022-ci il sentyabrın 26- da  “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiqlənməsi ilə bağlı Fərman imzalayıb. Media Reyestrinin aparılması ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyəcək bu normativ sənəd “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.6-cı maddəsinə uyğun olaraq hazırlanıb.

Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdiriləcək. Bu, jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanması deməkdir. Bununla belə, bu proses məcburi deyil. Media subyektləri mütləq şəkildə, jurnalistlər isə Media Reyestrinə könüllülük prinsipi əsasında daxil ediləcək. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqələr təqdim olunacaq. Reyestrə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsinin təqdim olunması media mühitinin sağlamlaşması baxımından çox müsbət və vacib addımdır. Bu, media mühitinin təsadüfi “jurnalistlərdən” təmizlənməsinə də yardım edəcək.

Diqqət yetirməli məqamlardan biri budur ki, mətbuat orqanları işçisi olan jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqil olacaq, media qurumları ənənəvi qaydada işçilərinə redaksiyanın vəsiqəsini verə biləcək.

İpoteka güzəştlərindən yarar­lanmaq, digər mövcud və yaxud da gələcəkdə tətbiq olunacaq sosialyö­nümlü, iqtisadiyönümlü imtiyazlardan istifadə etmək üçün belə sistemin olma­sı məqsədəmüvafiqdir. Qanun qüvvəyə minən kimi də Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına dəyişiklik edildi və güzəştli ipotekadan istifadə edən şəxslərin siyahısına jurnalistlər də əlavə edildi. Reyestrdə olan jurnalistlərimiz bu güzəştdən yararlana biləcəklər.

Media Reyestrinin aparılmasının keyfiyyətli xəbər istehsalının təmin edilməsi, ən əsas məsələlərdən olan müəlliflik hüquqlarının qorunması baxımından da vacib amildir. Eyni zamanda, Media Reyestri jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini də təmin edəcək.

Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək. Yəni, media subyektləri öz inkişaflarını təmin etmək üçün əsaslandırılmış biznes layihələri ilə çıxış edəcək və bunun qarşılığında həm ölkənin qeyri-neft sektorunun, sahibkarlığın, həm də medianın inkişafı üçün nəzərdə tutulan güzəştlərdən faydalana biləcəklər.

Bəs Media Reyestrinə daxil edilmək üçün jurnalistlərdən nə tələb olunur ?

Ali təhsilin yoxdursa…

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”na əsasən, ali təhsili  olmadıqda Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən imtina ediləcək. Qaydalarda həm də müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistlərin  hansı hallarda Media Reyestrinə daxil edilməyəcəyi məlum olub. Belə ki, fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə çalışan insanların Reyestrə daxil edilməsindən  imtina olunacaq. Dövlət başçımızın Fərmanı ilə təsdiqlənən “Media Reyestrinin  aparılması Qaydaları”nda əksini tapan digər məsələ isə işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə ilə bağlı jurnalistin Media Reyestrinə daxil edilib-edilməyəcəyinin müəyyənləşdirilməsidir. Jurnalistin  işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə “Media haqqında” Qanunda nəzərdə tutulmuş müddətdən artıq olduqda Reyestrə  daxil edilməsindən imtina olunacaq.

Televiziya və radiolara gəlincə isə audiovizual media subyektləri fəaliyyətə başlamaq üçün Audiovizual Şuradan lisenziya almalıdırlar. Qanuna görə, onların məlumatlarının Media Reyestrinə daxil edilməsi də Audiovizual Şuraya həvalə olunub. Odur ki, məhz Şuranın müvafiq müraciətindən sonra Medianın İnkişafı Agentliyi həmin subyektləri Media Reyestrinə daxil edəcək və onlara Media Reyestri Şəhadətnaməsi verəcək.

“Media Reyestrinin  aparılması Qaydaları”na əsasən Reyestrinə daxil edilmiş media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə veriləcək. Şəhadətnamə Reyestrdə müvafiq qeydin edildiyi tarixdən müddətsiz olaraq, vəsiqə isə 3 il müddətinə veriləcək. Şəhadətnamə və vəsiqələrə rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi veriləcək. Vəsiqə Reyestrə daxil edilmiş jurnalistin müraciəti əsasında 3 iş günü müddətində kağız daşıyıcıda ona təqdim olunacaq.

Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”na əsasən, Azərbaycanda Media Reyestrinə daxil ediləcək media subyektlərinin və jurnalistlərin siyahısı ictimaiyyət üçün açıq olacaq. Sənəddə qeyd edilib ki, media subyektlərinin və jurnalistlərin siyahısı istisna olmaqla, Reyestrə daxil edilmiş digər məlumatlar ictimaiyyət üçün açıq deyil. Hüquqi və fiziki şəxslər internet informasiya ehtiyatı vasitəsilə Reyestrdəki açıq məlumatlarla tanış ola biləcəklər.

Maraqlıdır, media subyektləri və jurnalistlər hansı hallarda Media Reyestrindən çıxarıla bilər?

Qaydalara əsasən, media subyektinin ərizəsi olduqda; hüquqi şəxs olan media  subyekti ləğv edildikdə;  məhkəmənin qərarı ilə media subyektinin fəaliyyətinə xitam verildikdə; fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə; Qanunun tələblərinə cavab vermədiyi aşkar edildikdə; çap mediası subyekti tərəfindən Qanunun 59.7-ci maddəsinin, onlayn media subyekti( redaksiyaları) tərəfindən isə Qanunun 60.5-ci maddəsinin tələbləri pozulduqda;  Reyestrə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə Agentliyə təqdim edilmədikdə Reyestrə daxil edilmiş  media subyektləri buradan çıxarıla bilər.

Jurnalistin ərizəsi olduqda; Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər tələblərə cavab vermədiyi aşkar edildikdə; ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə; öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş  elan edildikdə; yayımladığı informasiyanın Qanunun 14-cü maddəsinin tələblərinə cavab verməməsi halları il ərzində 3( üç) dəfə aşkar edildikdə; işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti  Reyestrdən çıxarıldıqda;  fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda Reyestrə daxil edilmiş jurnalist buradan çıxarıla bilər.

Bu Qaydalarda qeyd edilən hallarda Agentlik tərəfindən media subyektlərinin və jurnalistlərin Reyestrdən çıxarılması barədə əsaslandırılmış qərar qəbul olunur və bu barədə  onun veb-saytında məlumat yerləşdirilir.

Bütün sadalanan faktlara  nəzərə saldıqda belə qənaətə gəlmək olur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, media ilə bağlı aparılan islahatlar da keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları” da  milli mətbuatımızın inkişafı üçün yeni bir mərhələnin əsasını təşkil edəcək.

 “İki sahil”