“Media kimlərdənsə aslı olub sifarişlə işləməməlidir”

479

Milli mətbuatımızın yaranmasından 139 il ötdü. Milli mətbuatımızın tarixi “Əkinçi” qəzeti ilə başlansa da, ondan sonra gələn mətbuatımız da kifayət qədər işlər görə bildi. Bütün qəzet və jurnallar ötən əsrin əvvəllərində ana dilimizin tarixini yaratdılar. Azərbaycanın müstəqil mətbuatı isə 90-cı illərdən sonra yaranmağa başladı. Sovetlər Birliyinin dağılması, ondan əvvəlki dövr, milli hərəkatın güclənməsi, Azərbaycan xalqının birləşməsi və milli həmrəliyin nümayişi milli mətbuatımıza da güclü təsir göstərdi. 1991-ci ilin 18 oktyabrında elan olunan dövlət müstəqilliyimiz azad, demokratik mətbuatın da fəaliyyəti üçün tarixi yol açdı. İndi Azərbaycanda müxtəlif qəzet-jurnallar, televiziya, radio, saytlar fəaliyyət göstərir. Bu müddət ərzində Azərbaycanda bacarıqlı, işinin öhdəsindən layiqincə gələn çoxlu sayda jurnalistlər də yetişdi. Belə jurnalistlərdən biri də Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həsən Bəy Zərdabi” mükafatının qalibi, “El” televiziya şirkətinin əməkdaşı (aparıcı və redaktor), televiziya yaranan gündən 2013-cü ilə qədər xəbərlər departamentinin direktoru, müxtəlif agentliklərdə, xəbər portallarında, saytlarda siyasi-analitik yazılarla şərhçi kimi tanınan İnqilab Şirinbəylidir. Müsahibimiz deyir ki, tələbəlik illərində mətbuatda ictimai-siyasi mövzularda çıxışından sonra jurnalistikaya həvəsi artıb. “İki sahil” qəzetində ilk yazısı işıq üzü gördükdən sonra bu sahəyə olan marağı daha da artıb. Daha sonra “Azərbaycan bələdiyyəsi” qəzetində, “Kaspi” qəzetində, “Azad Azərbaycan” qəzetində, “İcma”, “Mingəçevir işıqları”, “Kür” qəzetlərində ictimai-siyasi mövzularla bağlı yazıları dərc edilib. İnqilab Şirinbəyli ixtisasca filoloq olduğuna görə, həmçinin 2000-ci ildən Mingəçevir şəhərində yerləşən Milli Qəhrəman Şahlar Şükürov aadına 45 saylı Kəlbəcər Məktəbində  dərs deyir. Həmçinin məktəbdə insan və cəmiyyət fənnini, Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.

  – Azərbaycan mətbuatının cəmiyyətimizdə baş verənlərə təsir imkanlarını necə dəyərləndirərdiniz?

– Jurnalistikanın özünəməxsus iş prinsipi var, bu gün Azərbaycan mediası köklü sahələrdən sayılır. Hazırki dövrümüzdə mediamız bu və ya digər formada  problemlərdən xali olmasa da, özünün sarı mətbuat dönəmini arxada qoyub və bugünkü mətbuatın formalaşması istiqamətində müəyyən addımlar atılıb. İstər ictimai təşkilatların dəstəyi, istərsə də dövlətin bu və ya digər formada dəstəyi çərçivəsində artıq Azərbaycan jurnalistikası dünya mediasına inteqrasiya olmaqdadır.

Yaxın gələcəkdə Azərbaycan mediası, sözün həqiqi mənasında , özünü tam doğruldacaq. Medianın əsas xüsusiyyətlərindən biri də odur ki, ictimai rəyə təsir etmək gücündə olsun. Cəmiyyətdə olan əyrilikləri obyektiv şəkildə, olduğu kimi təqdim etsin. Medianın işi hər zaman cəmiyyətin inkişafına yönəlik bir addımdır. Mənə elə gəlir ki, media kimlərdənsə asılı olub, sifarişlə işləməməlidir. Onun sifarişi yalnız cəmiyyətdən, xalqdan gəlməlidir. Əgər media “cib mediası” prinsipini yerinə yetirərsə, deməli, cəmiyyət bu mediadan müsbət addım gözləyə bilməz.

 – Onda media həm də IV hakimiyyət olmaq prizmasından çıxır.

– Medianın dördüncü hakimiyyət olması üçün bir neçə prinsip var. Hər zaman bir vətəndaş olaraq, arzulamışam ki, media, sözün həqiqi mənasında, dördüncü hakimiyyət funksiyasını yerinə yetirə bilsin və bu hakimiyyət statusunda qalsın. Amma nə yazıq ki, Azərbaycan mediasının ağrılı tərəflərindən biri ondan ibarətdir ki, bu gün hər yetən bir qəzet açır, sayt, portal açmağa çalışır, amma onların arxasında dayanan məqsədlər əslində heç də cəmiyyətin maraqlarına xidmət etmir. Yəni biz zaman-zaman ciddi media təmsilçiləri olaraq, bu məsələlərin aradan qalxmasına, neqativ halların kənarda qalmasına və ciddi medianın formalaşmasına çalışmalıyıq.

 – Hansı işlər görülməlidir ki, bu sadaladığınız neqativ hallar aradan qalxsın?

– Təbii ki, jurnalistlər və ictimaiyyət, jurnalist təşkilatları bu yöndə işlər aparırlar. Gəlin qonşu Türkiyənin mediasına nəzər salaq. Türkiyədə köşə yazarları çox böyük bir nüfuzla qarşılanırlar. Türkiyədə “qazetəçi” deyəndə, onun cəmiyyətdəki mövqeyi, onun cəmiyyətdəki hörməti bir çox hallarda nazirin səviyyəsindən də yuxarı qiymətləndirilir. Orada media cəmiyyətin tələblərindən irəli gələn məsələləri hər zaman işıqlandırdığına görə media daim insanların yanında olduğuna görə, medianın nüfuzu çox yüksəkdir. Bu gün Türkiyədə dövlət də, digər orqanlar da media ilə hesablaşırlar. Azərbaycan mediası da müəyyən qruplardan, müəyyən insanlardan, müəyyən hakimiyyət sferalarından asılı olmasa və Azərbaycan cəmiyyətinin içərisindən gələn, xalqın daxilindən gələn  məsələləri gündəmə gətirmiş olsa, öz nüfuzunu qaldıra bilər. Ulu öndərimiz dövlət xadimi olaraq, hər zaman medianın fəaliyyətini diqqətdə saxlayırdı. Azərbaycan mediasının əsas inkişafı da müəyyən mənada dövlət xadimi Heydər Əliyevin hakimiyyəti dövrü ilə ölçülür. Çünki öndərimiz zaman-zaman jurnalistlərlə görüşlər keçirir, onları dinləməkdən böyük zövq alırdı və istər müxalifət mətbuatı olsun, istər müstəqil mətbuat olsun, istər hakimiyyətə xidmət edən mətbuat olsun – onların hər birisinin, belə demək mümkünsə, problemlərini dinləməyi bacarırdı. Bu da mətbuata qarşı yersiz təzyiqlərin, yersiz məhkəmə iddalarının qarşısını alırdı. Ötən dövr ərzində bunu biz İlham Əliyev cənablarının timsalında və onun verdiyi bir çox qərarların, sərəncamların timsalında gördük. Biz bunu medianın inkişafı və media strukturunda çalışan insanların sosial durumunu yaxşılaşdırmq məqsədi ilə atılan addım kimi qiymətləndiririk. Bu gün dövlət medianın inkişafına dəstək verirsə, yardım göstərirsə, media da özünün müstəqilliyini qorumalıdır. Media təmsilçiləri isə çatışmamazlıqları obyektiv şəkildə ictimaiyyətə çatdırmağı bacarmalıdırlar, öz obyektivliklərini qorumağı bacarmalıdırlar. Təbii ki, bütün bunlara görə jurnalistlərə basqı da olmamalıdır. Əgər bu gün biz vətəndaş olaraq, jurnalist olaraq rayonumuzda, kəndimizdə və yaxud paytaxtımzda hər hansı bir neqativ hala göz yumuruqsa, onu nəyinsə müqabilində arxa plana keçiririksə, düşünməliyik ki, artıq biz cəmiyyətimizə növbəti bir zərbəni vurmuş oluruq, yaxud cəmiyyətin müəyyən dövrdən sonra üzləşəcəyi bir problemin əsasını qoyuruq. Bu baxımdan media öz işinə müstəqil yanaşmalıdır.

 – Bəs region mediasının hansı problemlərini qabartmaq istərdiniz?

– Bu gün region mediasının iki ən yaralı yeri var. Birinci region mediasında çalışanların maddi rifah səviyyəsinin normal vəziyyətdə olmaması, digəri isə məmur-media münasibətlərinin normal səviyyədə olmamasıdır. Paytaxtda isə media qurumları daha sürətlə inkişaf edir. Media qurumunda çalışan insanların sosial rifahı, əməkhaqları, onların yaşayış tərzi, əmək hüquqları regionla müqayisəolunmaz dərəcədədir. Yəni çox  kəskin bir fərq var. Bu fərqin aradan qaldırılması üçün bir media nümayəndəsi kimi  ümid edək ki, dövlətimiz regionda çalışan media nümayəndələrinin fəaliyyətini gücləndirmək üçün, maddi texniki bazasını yaxşılaşdırmaq üçün dəstək verəcək. Bu gün Azərbaycanda region telekanallarının açılması, onların inkişafı çox müsbət haldır. Hətta xaricdən gələn qonaqlar region televiziyaları üçün yaradılmış şəraitlə maraqlanırlar. Bu baxımdan “El” telekanalı region Tv-ləri arasında özünəməxsus yer tutur. Yaxşı yadımdadır, bir dəfə bizim televiziyada qonaq olan Belarusdan gələn araşdırmaçı jurnalistər belə bir epizod söylədilər ki, Yevlaxda yerləşən “El” telekanalının maddi texniki bazası, binası bizim Belarusiya dövlət televiziyasındakından qat-qat yüksəkdir. Bu,  qürürverici bir haldır. Amma gəlin baxaq, regionda elektron medianın, regionda fəaliyyət göstərən qəzetlərin vəziyyəti necədir. Onların normal  ofisləri, hətta mətbəələri belə yoxdur. Region mətbuatının digər bir problemi də regionda çalışan məmurlarla jurnalistlər arasında münasibətlərin normal şəraitdə olmamasıdır. Mən tam məsuliyyətimlə deyə bilərəm ki, məmurların böyük əksəriyyəti medianın fəaliyyətinə qanunun qoyduğu tələblər çərçivəsində yanaşmır. Amma Azərbaycanda KİV haqqında qanunun istər 8-ci maddəsi, istərsə də Konstitusiyanın verdiyi digər hüquqlar Azərbaycanda medianın müstəqil fəaliyyəti üçün böyük imkanlar açır. Hər bir məmur mediaya lazım olan məlumatı qanunvericilik çərçivəsində və vaxtında çatdırmalıdır. Bu da müəyyən mənada məmur-media münasibətlərinin pozulmasına gətirib çıxarır. Mən deməzdim ki, burada günahkar yalnız məmurlardır. Düzdür, bəzi üzdəniraq, dırnaqarası jurnalistlər də var ki, onlar məmurlarla münasibətlərin korlanmasına gətirib çıxaran addımlar atırlar. Amma bütün hallarda bu gün məmur-media münasibətlərinin bölgədə lazımi səviyyədə olmamasının səbəbkarı mənim fikrimcə, məmurların üzərinə düşür. Ona görə ki, məmurlar anlaqlı yanaşmırlar, tənqiddən qorxurlar. Normal tənqidi qəbul etmək istəmirlər. Mən düşünürəm ki, yaxın zaman kəsiyində istər jurnalistika tarixində fəaliyyət göstərən ictimai təşkilatların, istər televiziyaların, istərsə də digər media orqanlarının bir fəaliyyəti də məmur-media münasibətlərinin inkişafına nail olmaq üçün maarifləndirmə işlərinin aparılması olmalıdır. Məmurlar dırnaqarası jurnalistlərlə, peşəkar jurnalistləri seçməli və münasibətləri məhz buna görə nizamlamalıdırlar. Peşəkar media cəmiyyətin görən gözü, cəmiyyətin güzgüsü olduğuna görə, bütün Qeyri-Hökümət Təşkilatları da media ilə əməkdaşlığı artırmalıdırlar. Əslində məmurlar da, özəl təşkilatların rəhbərləri də fikirləşməlidirlər ki, media ilə əməkdaşlıq onların fəaliyyətinin daha təkmil və daha effektiv şəkildə həyata keçirilməsinə xidmət edir.

Esmira Hidayətova, Fuad Bayramov Mingəçevir