“Media fəaliyyətini işıqlandırmalı olduğu sahələrlə əlbir hərəkət edirsə,bu zaman jurnalistikalıqdan çıxır”

0
749

“Mənim bir vaxtlar bəzi qeydlərim var idi. Onlardan biri də bu idi ki, əgər elədiyin maddi imtinalara görə nə vaxtsa peşman olacaqsansa, deməli, sən səmimi adam deyilsən. Heç vaxt onlara görə peşman olmamışam. Hərdən bir ilğım kimi içimdən keçib ki, belə də ola bilərdi, amma dərhal o hissi ağlım üstələyir ki, düz eləmişəm. O hərəkət ki insanın ləyaqətini, şəxsiyyətini, mənliyini alçaldır, onun şərəfinə kölgə salır, ondan imtina etmək lazımdır. Düzdür, özümü ideal adam hesab eləmirəm, amma o situasiyalarda düzgün davrandığımı dərk eləmişəm və indi də o fikirdəyəm”.

“Mövlanənin belə bir sözü var: “Doğrunu demək doğrudur, lakin hər doğrunu hər yerdə demək doğru deyil”. Jurnalistika cəmiyyətin yanındadır. Əgər tapdığı informasiya cəmiyyətə xeyir verir, onu irəli aparırsa, bunu demək lazımdır. Əgər o doğru daha böyük təhlükələrə yol açırsa, o zaman bu məlumatı yaymağın heç bir mənası yoxdur. İndi saytlarda belə xəbərlər çoxdur. Ailə-məişət zəminində baş verən hər hansısa hadisəni ictimailəşdirmək oxucuya, dinləyiciyə və ya tamaşaçıya nə qazandracaq? Biz bununla şüurları, insanların psixologiyalarını zədələyirik. Ona görə də bu cür doğruları verməkdənsə, verməmək daha məqsədəuyğundur.

***

Rəşid Behbudovun bir mahnısı var: “Tələsin insanlar!”. Şübhəsiz ki, insanları xeyirxahlığa, düzgünlüyə, ədalətə çağıran bir şüar yazardım. Yuxarısında da Allahın adını qoyardım. Bunun Allahın istəyi olduğunu bilsinlər deyə”.

– Sizə görə, həyatda ən asan və ən çətin şey nədir?

– Mənə görə, həyatda ən asan şey danışmaqdır. Ən çətin şey isə həmin fikri, ideyanı gərçəkləşdirməkdir.

– Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

– Xatırlayanda insan çox şeyə üzülür. İlk növbədə, hədər getmiş vaxta və enerjiyə. Hesab edirəm ki, itirdiyim vaxtı daha da səmərəli yaşamaq və bu enerjini daha gözəl şeylərə sərf eləmək olardı. Bəzi məqamlarda belə olmadığı üçün təəssüflənirəm. Eyni zamanda sevinirəm ki, vaxtı və enerjini həm də yaxşı şeylərə sərf eləmişəm. Yəqin ki, mənim bioqrafiyamdan da bilirsiniz, həm praktik işdə çalışmışam, həm elmi araşdırmalar aparmışam. Hazırda isə dərs deyirəm, dərsliklər yazıram, lüğətlər hazırlayıram. Sevinirəm ki, bu yolu düz seçmişəm. Sevinirəm ki, Allah bizim ağlımıza, idrakımıza güc verib və biz bu işləri həyata keçirə bilirik. Yəni hər şey başqa cür də ola bilərdi.

“Dostları yanında olanda insanın ağrıları azalır”

– Hansılar çoxluq təşkil edir – sevindikləriniz, yoxsa üzüldükləriniz?

– Şübhəsiz ki, sevindiklərim daha çoxdur. Amma üzüldüklərimiz də az deyil.

– Valideyn və müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?

– Müəyyən mənada dostlara, tanımadığım, bəlkə də, məndən 5-10 əsr əvvəl yaşamış müdriklərə.

– Dostlarınız çoxdurmu? Hansı daha çoxdur, dar günün, yoxsa xoş günün dostları?

– Bəli, dostlarım çoxdur. Keyfiyyət etibarilə xeyli keyfiyyətli dostlarım var. Onlar elə dar günümdə də yanımda olur, sevincli günlərimdə də. Təbii ki, xoş günlərdə daha çox yanımda olurlar. Allah heç kimə dar gün qismət eləməsin, amma sıxıntılı vaxtlarda dostlarımı yanımda görəndə çox məmnun oluram, təsəlli tapıram. Dostları yanında olanda insanın ağrıları azalır. Ümumiyyətlə, şərqli təfəkkürü üçün dost bəzən məzmunu dəqiq ifadə olunmayan bir məfhumdur. Mən sevinirəm ki, dostlarım çoxdur.

“O xətti keçən adamları bağışlamıram”

– Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?

– Mənə qarşı olan bir çox səhvləri bağışlamışam. Hətta insanlar var ki, onların günahlarına göz yummaq mümkün deyil, amma mən onları da bağışlamışam. Əlbəttə, özümü də günahkar hesab elədiyim vaxtlar olub. Mən internatda böyümüşəm və uşaqlıqda da çox dalaşqan olmuşam. Elə vəziyyət olub ki, mənə görə, dostum da döyülüb. Onda özümü çox günahkar saymışam. Məsələn, kiməsə kömək edə bilməmişəm, gücüm o dərəcədə olmayıb.

– Qeyd etdiniz ki, bəzi şeylər olub, bağışlamışam. Bəs keçə bilmədiyiniz şeylər varmı?

– “Qırmızı xətt” deyilən bir anlayış var. Mən o xətti keçən adamları bağışlamıram. Yəni kimsə nəsə deyir, xətrinə dəyir, kimsə düşünülməmiş hərəkət edir, onu başa düşürsən. Amma bir də var ki, sənə şüurlu şəkildə, bilərəkdən, düşünülmüş hücumlar olsun. Mən onları keçmirəm.

– Üzr istəmək sizə ağır gəlmir ki?

– Yox. Özüm təbiət etibarilə çox kinli, qarşıdurma yaradan adam deyiləm. Amma kiminsə xətrinə dəyirəmsə, onda hiss edirəm ki, mən səhv eləmişəm, o zaman dərhal o adamdan üzr istəyib, könlünü alıram.

“Bir vaxtlar bəzi qeydlərim var idi”…

– Həyatda ən böyük təsəlliniz?

– Bəzən çətin situasiyada olanda tanıdığım önəmli insanlar var – hansı ki, bunlar müəllim, ziyalılar, işıqlı insanlardır. Onların davranışlarını, gördükləri işləri yadıma salanda təsəlli tapa bilirəm ki, işıq var. Nurlu insanlar mənim üçün təsəlli yeridir. Bir də əlbəttə ki, Allahın böyüklüyünə, Allahın varlığına inanmaq mənim üçün təsəllidir. Yəni bir nöqtədə Yaradan bunların hamısını görür və dünyada heç bir yaxşılıq və ya pislik cavabsız qalmır. Bu gerçəyi bilmək mənim üçün təsəllidir.

– Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

– Mən həyatda o qədər şeydən imtina eləmişəm ki… Vəzifədən tutmuş pula kimi. Mənim düşüncəmə görə, imtina eləmək insanın xarakterini formalaşdırır.

– Çətin anlarınızda, maddi sıxıntı çəkəndə imtina elədiyiniz şeylərə görə peşmançılıq keçirmisiniz?

– Mənim bir vaxtlar bəzi qeydlərim var idi. Onlardan biri də bu idi ki, əgər elədiyin maddi imtinalara görə nə vaxtsa peşman olacaqsansa, deməli, sən səmimi adam deyilsən. Heç vaxt onlara görə peşman olmamışam. Hərdən bir ilğım kimi içimdən keçib ki, belə də ola bilərdi, amma dərhal o hissi ağlım üstələyir ki, düz eləmişəm. O hərəkət ki insanın ləyaqətini, şəxsiyyətini, mənliyini alçaldır, onun şərəfinə kölgə salır, ondan imtina etmək lazımdır. Düzdür, özümü ideal adam hesab eləmirəm, amma o situasiyalarda düzgün davrandığımı dərk eləmişəm və indi də o fikirdəyəm.

“İnsan ruhi yaşlanmaqla barışırsa, orada gənclik bitir”

– Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

– Mütləq xoşbəxtlik yoxdur. Fikir vermisinizsə, bədii əsərlərdə də hamı mütləq xoşbəxtlik axtarır, ona qovuşmaq istəyir. Mənə elə gəlir ki, insan onu xoşbəxt edəcək bir həyat qura bilər. İnsan bir cəmiyyətdə, insanların arasında yaşayırsa, onun xoşbəxtliyi təkcə özündən asılı deyil. Çünki sənin xoşbəxtliyin bəzən kiminsə qısqanclığına, paxıllığına səbəb olur. O baxımdan xoşbəxtlik sənin formalaşdırdığın həyat tərzi, əxlaq prinsipidir ki, bunları sənin özün yaradırsan. İnsan gərək həm də tamahına güc gəlməyi bacarsın. Mənim fikrimcə, tamahına güc gələn insan xoşbəxtliyə doğru gedə bilər.

– Gənclik hansı yaşda bitir?

– Gənclik insanın ruhudur, bioloji baxımdan qan damarlarının vəziyyətidir. Yəni sənin damarlarında qan yaxşı vurursa, beynin hələ işləyirsə, ruhun gözəl və rahatdırsa, sən gəncsən. Buna görə də mənim üçün cavanlığın sərhədləri qeyri-müəyyəndir. Adam var ki, 25 yaşı var, amma qoca kişi kimi düşünür və o cür də davranır. Əlbəttə, hər yaş dövrünün özünəməxsus davranışları var. Amma insan ruhi yaşlanmaqla barışırsa, orada gənclik bitir.

“60 yaşımla bağlı böyük bir yubiley kampaniyası apardım”

– Ən çox nədən qorxursunuz?

– Mən Allahdan qorxuram. Mən öz vicdanımdan qorxuram. Hesab edirəm ki, insan hər şeydə Allahı yaddan çıxartmamalı, Onu həmişə və hər yerdə hiss eləməlidir.

– Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?

– Mən xüsusi olaraq ad günü qeyd edən deyiləm, amma 60 yaşımla bağlı böyük bir yubiley kampaniyası apardım. Ad günüm olanda darıxıram. İstəmirəm kimsə desin ki, təbrik edirəm. Hesab edirəm ki, insan özünü yaxşı hiss elədiyi gün onun ad günüdür. İnsanın sevildiyi gün, ona məhəbbətin çoxaldığı gün onun yubileyidir. Yəni bu cür qəbul edirəm. 60 yaşı da ona görə qeyd elədim ki, həm özüm, həm də ətrafım üçün hesabat olsun.

“İnternatda oxumuşam və həmişə özümü o mühitdə hiss edirəm”

– Çoxlu pulunuz olsa, hara xərcləyərdiniz?

– Çoxlu pulum olsaydı, ilk növbədə, uşaq müəssisələrinə xərcləyərdim. İnternatda oxumuşam və həmişə özümü o mühitdə hiss edirəm. Pulum olsa, xüsusi internat yaradaram. Uşaqlar orada həm intellektual baxımdan gözəl inkişaf eləsinlər, həm fiziki baxımdan güclü, həm də cəmiyyətə fayda verə bilən bir nəsil olsunlar. Onu da qeyd edim ki, beynimdə olan layihələrdən biri də bir uşaq müəssisəsində işləmək idi.

– Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?

– Rəşid Behbudovun bir mahnısı var: “Tələsin insanlar!”. Şübhəsiz ki, insanları xeyirxahlığa, düzgünlüyə, ədalətə çağıran bir şüar yazardım. Yuxarısında da Allahın adını qoyardım. Bunun Allahın istəyi olduğunu bilsinlər deyə.

“Mən jurnalistikadan heç vaxt ayrılmamışam”

– Sizə görə, insanda ən yaxşı və ən pis xarakter hansılardır?

– Məncə, ən pis xarakter qeyri-müəyyənlikdir. Adam qapalı ola bilər, amma onun xarakteri müəyyən olmalıdır. Bir də var ki, insan bəlli bir yaşa çatır, ancaq o özü deyil. Vücud var, nəfəs var, lakin ruh, xarakter yoxdur. Mən bu adamları çox təhlükəli sayıram. İnsanda ən gözəl keyfiyyət onun sülhə, xeyirxahlığa, yumora meyilli olmasıdır. Ümumiyyətlə, insan kini, nifrəti içində çox gəzdirməməlidir.

– Jurnalistika üçün darıxmısınız?

– Mən jurnalistikadan heç vaxt ayrılmamışam. Özümü həmişə jurnalist hesab edirəm. İndi də yazıram, sadəcə olaraq, verilişim yoxdur. Hələ iki il bundan əvvələ qədər Xəzər TV-də “Gündəm” adlı verilişim yayımlanırdı. Amma televiziya fəaliyyətimi müəyyən formada davam elətdirirəm. Bəzən ürəyim istəyəndə müəyyən hadisələrə reaksiya olaraq məqalələr, portretlər yazıram. Yəni qələmim işləyir. İşləyir, çünki problemlər çoxdur, yazmaq ehtiyacı var. Jurnalistika elə bir sahədir ki o ömür boyu insanın yanındadır, ondan ayrılmaq olmur.

“Ağıllı adamlar bu cür cavab taktikasını seçirlər”

– Bu yaxınlarda telekanallarda ədəbi dilin qorunması ilə bağlı monitorinqin nəticələri açıqlandı. Siz telekanalların dilini necə qiymətləndirirsiniz? Ümumilikdə, kanallarımızın mövcud vəziyyətini necə dəyərləndirirsiniz?

– Dilimizin tətbiqi ilə bağlı ciddi problemlər var. Buna görə də dilin inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub. Bu məsələ son 5-6 ildə aktuallaşıb. Çünki televiziyaya indi Azərbaycan ədəbi dilini yaxşı bilməyən çoxlu kütlə gəlib. Bunlar dil bilgisi olmayan, danışıq səviyyəsi aşağı olan insanlardır. Monitorinqlər də aparılır ki, bu nöqsanları aşkara çıxarsın. Amma bəzən bu monitorinqlərin nəticələrini bəzi səviyyəsiz adamların süngü ilə qarşılaması məni təəccübləndirir. Səhvlər olur və bunlar qeydə alınır. Əsas məsələ budur ki, sən öz gözəl danışığınla, yaxşı veriliş aparmaqla o tənqidlərə cavab verəsən. Ağıllı adamlar bu cür cavab taktikasını seçirlər.

“Biz məsuliyyətli olmalıyıq ki, cəmiyyətdə sözümüz eşidilsin”

– Müsahibələrinizin birində ifadə azadlığı ilə bağlı fikir bildirərkən “azadlıq dərk olunmuş məsuliyyətdir” deyibsiniz. Bu gün jurnalistikada məsuliyyət hansı səviyyədədir?

– Bu gün jurnalistika çox problemli bir dövrə qədəm qoyub. Bu dəqiqə jurnalistika cəmiyyəti olduğu kimi ifadə edə bilmir. Bu gün jurnalistika təbliğata xidmət edir. Halbuki jurnalistikanın missiyası odur ki, o həqiqəti desin, insanları təhlükələrdən xəbərdar eləsin. Əgər media, jurnalistika fəaliyyətini işıqlandırmalı, tənqid etməli olduğu sahələrlə əlbir hərəkət edirsə, o zaman bu, jurnalistikalıqdan çıxır. O, sadəcə, qəzet, televiziya, radio olur. Bu baxımdan hesab edirəm ki, bizdə azad mətbuat nümunələri olub, indi də barmaqla sayılacaq qədər var. Mən bu ifadəni ona görə işlədirəm ki, biz tənqid eləyəndə də, bir şeyi təqdir eləyəndə də məsuliyyətli olaq. Biz məsuliyyətli olmalıyıq ki, cəmiyyətdə sözümüz eşidilsin. Söz, ifadə azadlığı bizə imkan vermir ki, kiminsə şəxsiyyətinə toxunaq, onu təhqir edək.

– Jurnalist doğrunu axtaran, onu tapıb ortaya çıxaran insandır. Necə hesab edirsiniz, o tapdığı hər doğrunu paylaşmalıdırmı?

– Mövlanənin belə bir sözü var: “Doğrunu demək doğrudur, lakin hər doğrunu hər yerdə demək doğru deyil”. Jurnalistika cəmiyyətin yanındadır. Əgər tapdığı informasiya cəmiyyətə xeyir verir, onu irəli aparırsa, bunu demək lazımdır. Əgər o doğru daha böyük təhlükələrə yol açırsa, o zaman bu məlumatı yaymağın heç bir mənası yoxdur. İndi saytlarda belə xəbərlər çoxdur. Ailə-məişət zəminində baş verən hər hansısa hadisəni ictimailəşdirmək oxucuya, dinləyiciyə və ya tamaşaçıya nə qazandracaq? Biz bununla şüurları, insanların psixologiyalarını zədələyirik. Ona görə də bu cür doğruları verməkdənsə, verməmək daha məqsədəuyğundur.

“Oturuşmamış jurnalistikamız bu işlə məşğul olanda fəlakət başlayır”

– Bir çox tanınmış insanın şəxsi həyatını xəbər mövzusuna çevirmək hansı ehtiyacdan irəli gəlir?

– Bu, xəbər mənbələrinin kasadlığı və məhdudluğu ilə bağlıdır. Bir də bizdə şouya meyillilik artıb. Bütün xəbərləri şoulaşdırırıq. Bir vaxtlar Amerikada, Avropada da bu cür qəzetlər olub və onlar bu böhrandan çıxdılar. Amma bizim oturuşmamış jurnalistikamız bu işlə məşğul olanda fəlakət başlayır. O cür şou elementləri üçün ayrıca saytlar, qəzetlər var. Biz Amerika cəmiyyətini yamsılaya bilmərik. Çünki orada başqa ölçülər var. Bizim öz mentalitetimiz başqa məlumatları, başqa yanaşmaları tələb edir. Buna görə də buna qəzet, sayt rəhbərləri ciddi yanaşmalıdırlar.

– Bizdə uşaq televiziya kanalı yoxdur. Uşaqların cizgi film ehtiyacını qonşu ölkələrin telekanalları təmin edir. Bu da uşaqların dilində problem yaradır. Bu boşluğu necə doldurmaq olar?

– Uşaq kanalının olması bizdə çox vacibdir. Amma biz baza və material olaraq nəyi seçəcəyik? Bu 20-25 ildə biz uşaqlarla bağlı siyasəti müəyyənləşdirə bilməmişik. Ayrı-ayrı təşkilatlar, qurumlar var, amma bununla yanaşı, biz televiziya kanalı açası olsaq, ABŞ, yoxsa türk cizgi filmlərini göstərəcəyik? Ölkədə müstəqillik ərzində barmaqla sayılacaq qədər cizgi film çəkilib. Hanı bizim uşaq qəhrəmanlarımız? Niyə televiziya, media bununla məşğul deyil? Bu, uşaq siyasəti ilə bağlı konturların olmaması ilə bağlıdır. Uşaq kanalı ilə yanaşı, təhsil kanalına da ehtiyac var.

“Bu suala hazır deyiləm”

– Sizcə, bu iş özəl, yoxsa dövlət kanallarına həvalə edilməlidir?

– Heç bir özəl televiziyanın bu gün Azərbaycanda uşaq kanalı yaratmağa imkanı yoxdur. Bu yalnız və yalnız dövlət büdcəsindən maliyyələşən bir kanal olmalıdır. Amma bunu heç bir halda AzTV və “İctimai” televiziyanın öhdəsinə vermək olmaz. Çünki oradakı veriliş hazırlama tərzi köhnəlmiş tərzdir. Burada yeni üslub yoxdur. Buna görə də bu tamamilə yeni bir konturlarla yaradılacaq televiziya kanalı olmalıdır. Biz uşaqlarımızın düşüncəsinə bələd olacaq, onların maraqlarına cavab verəcək, onları yönləndirə biləcək televiziya kanalına sahib olsaq yaxşıdır.

– Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?

– Deyəsən, bu suala hazır deyiləm. Amma bu sualınızdan sonra bu barədə düşünəcəyəm.

Xəyalə Sadıqova, Gülnar İsmayılzadə.