MDU-nun tələbələri “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniyaya dəstək verdilər

788

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbə-gəncləri “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniyaya qoşularaq yardımlarını əskik etməyiblər. Kampaniya çərçivəsində tələbə-gənclər hazırlanmış əl işləri və hədiyyələr, eləcə də paltar, uşaq oyuncaqları, məktəbli ləvazimatları toplayaraq humanizm prinsiplərini üstün tutublar. Bu gün toplanan yardımlar Bakı şəhərinə yola salınıb. Universitetin professor və müəllim heyəti də kampaniyaya laqeyd qalmayıb. Qeyd edək ki, kampaniyaya universitetdən tərbiyə işləri üzrə prorektor, dosent Rövşən Əliyev rəhbərlik edib.

Suriyada baş verən vətəndaş müharibəsi nəticəsində yetim qalan uşaqların sayı gün keçdikcə artır. Müharibə uşaqlara çox pis təsir edir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və UNİCEF-in son hesabatına görə, Suriya və İraqdakı münaqişələrin mənfi təsir etdiyi uşaqların sayı 14 milyondur. Suriya içində qalıb əziyyət çəkən və yardıma möhtac olan uşaqların sayı 5,6 milyondur. Bunların 323 mini 5 yaşdan kiçik uşaqlardır.

Ölkələrindən qaçan suriyalı qaçqınların bir milyondan çoxu 11 yaşından kiçik uşaqlardır. Suriyada hələ də 18 yaşından kiçik 11 min 525 uşaq nəzarət altında saxlanılır.

Yalnız Suriyada deyil, İraqda, Əfqanıstanda, Liviyada və başqa yerlərdə uşaqlar və ya onların anaları, ataları ölməyə, müharibədə yetim qalanların sayı getdikcə artmaqda davam edir. Milyonlarla uşaq məktəbə gedə bilmir, kifayət qədər qidalanmır, səhiyyə xidmətlərindən məhrumdur. Hər an ölüm qorxusu ilə yaşayırlar. Müharibə zonasından qaça bilən uşaqları da böyük çətinliklər gözləyir. Qonşu ölkələrə sığınmış uşaqların böyük hissəsinin evi yoxdur. Geyimləri yoxdur. Əşyaları, oyuncaqları, məktəbləri, dostları… Ən önəmlisi isə onlara səmimi sevgi, şəfqət və nəvaziş göstərən heç kimləri yoxdur.

Suriyalı uşaqların içində olduqları vəziyyət xəbərlərdə ayrıca yer alır. İnsanlar hər gün yanıb dağılmış evləri, güllələnmiş uşaqları yuxulu gözlərlə izləyirlər. İnsanların bir çoxu internetdə müharibənin acılarını ortaya qoyan xəbərləri, rəsmləri görsələr də bunlara çox baxmırlar. Baxsalar da tez unudur, unutmaq istəyirlər. Çünki bəziləri üçün öz rahatlığı, öz təhlükəsizlikləri tam olduğu müddətcə heç bir problem yoxdur.

Twitterdə bir neçə cümlə bölüşmək, Facebookda bir iki foto paylaşmaq, bir neçə ittihamedici mesaj yazmaq yetərli görünür. Suriyalı qaçqınlara yardım etmək üçün ianə verənlərin sayı isə təxmin ediləndən də azdır.

Halbuki insanlar öz uşaqlarının üzərinə titrədiyi kimi suriyalı uşaqları da düşünməlidirlər. Bu insanlar oturduqları yerdən qalxıb bir neçə günlüyünə Suriyaya gedib oradakı müharibənin səbəb olduğu dəhşəti və qorxunu yaşamış olsalar, eyni laqeydliyi davam etdirə bilərlərmi? Hər insanın eqoistliyi tərk edib, dünyadakı məzlumların problemlərinə məlhəm olmaq üçün cəhd etməlidir. Bütün dünyada sevgini, sülhü, qardaşlığı, ədaləti, mərhəməti, şəfqəti yaymaq üçün ciddi səy göstərməliyik.

Hər şeydən əvvəl, uşaqları işgəncə edərək öldürəcək qədər vicdanları kütləşdirən ideologiyaların olduğunu dərk etməli, bunları silahla yox etməyə çalışmaq əvəzinə fikri yolla susdurmalıyıq. Şəxsi və ya milli maraqlar nə qədər əhəmiyyətli olursa olsun, bir insan həyatından qiymətli olmayacağını izah edərək insanların vicdanlarına xitab etməliyik.

 

Əslində müharibənin, qaçqınların, məcburi köçkünlərin nə olduğunu, respublikamız və onun vətəndaşları yaxşı bilir. Çünki bizim torpaqlarımız hələ də işğal altındadır. 1200000-dək qaçqın və məcburi köçkünümüz var. Ermənistanın hərbi təcavüzü respublikanın 17 min kv.km ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 150000 evin, 7000 ictimai binanın, 693 məktəbin, 855 uşaq bağçasının,  695 tibb müəssisələrinin, 927 kitabxananın, 44 məbədin, 9 məscidin, 473 tarixi abidələr, saraylar və muzeylərin, 40 000 muzey eksponatlarının, 6000 sənaye və kənd təsərrüfatı müəssisələrinin, 2670 km avtomobil yollarının, 160 körpünün, 2300 km su kommunikasiyalarının, 2000 km qaz kommunikasiyalarının, 15000 km elektrik xətlərinin, 280000 ha meşələrin, 1000000 ha kənd təsərrüfatı üçün yararlı torpaqların və 1200 km irriqasiya sistemlərinin  dağıdılmasına səbəb olmuşdur.

Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür.

Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv  etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli  40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada dörd milyon altı yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.

Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 500 milyard ABŞ dollarından çoxdur.

O vaxt heç kim bizə kömək etmədi. Yardımlar yalnız BMT xətti ilə ölkəyə daxil olurdu. Doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkün soydaşlarımızın bütün qayğıları, problemləri xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan dövlətinin gündəlik probleminə çevrilmişdir. Azərbaycan öz gücünə qaçqın və məcburi köçkün soydaşlarımızın bütün sosial qayğıları, problemlərini həll edə bildi və bu işlər bu gün də davam etməkdədir.

Nə qədər ki, dünyada müharibələr, təqib olunmalar, hüquqi tapdalanma və dözümsüzlük mövcuddur, qaçqınlar və məcburi köçkünlər də mövcud olacaq. Bu insanlar müxtəlif irq və dinlərə mənsubdurlar. Onlara planetin hər bir küncündə rast gəlmək olar. Məcburi köçkünlər öz həyatlarını qorumaq və azadlıq naminə, qaçqınlar isə yad bir ölkədə qeyri-müəyyən gələcək üçün çox vaxt hər şeyi – ev, mülk, ailə və vətənini atırlar. Onların acınacaqlı vəziyyəti bizim zamanənin ən böyük faciələrindən biridir, onların müqəddəratı isə insan hüquqlarını müdafiə problemi kimi hər birimizi narahat etməlidir.

Esmira Hidayətova, Mingəçevir.