MDU-nun Mühəndislik fakültəsi elmi konfrans keçirib

635

Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş “Elm və texnikanın müasir problemləri və inkişaf problemləri” mövzusunda elmi konfransı keçirilib.

Konfransda giriş sözü ilə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı söz açıb. O, eyni zamanda ulu öndərin təhsilə göstərdiyi qayğıdan, Azərbaycan ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə olan diqqətindən də danışıb: “Heydər Əliyev demişdir: “Millətin böyüklüyü onun sayı ilə yox, intellektual potensialının gücü ilə ölçülür”. Onun sözlərinə görə, Heydər Əliyev daim intellektual potensialın inkişafına diqqət göstərib, xeyli azərbaycanlı gəncin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıb.

Mühəndislik fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Vüqar Mustafayev “Qlobal problemlərin həllində elmin rolu”, Fizika və ekologiya kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Məhyəddin Mehdiyev “Yerli anesteziyaedici birləşmələrin “struktur xassə” asılılığının öyrənilməsində korresiya üsulu”, Riyaziyyat kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Möhübbət Əhmədov “Evristika və proqnozlaşdırma”, Energetika kafedrasının müəllimi Səadət Şıxəliyeva “Elektrotexnikada asinxron mühərriklərin tətbiqi problemləri və perspektivləri”, Mexanika kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov “Elm və texnikanın inkişafı sənayenin inkişafının əsas amili kimi”, həmin kafedranın müəllimi İlham Məmmədov “İnkişaf etmiş texnosfera və həyat fəaliyyətinin təhlükəsizliyi” mövzularında məruzələrlə çıxış ediblər. Natiqlər tədiqat işlərini vizual şəkildə, proyektor vasitəsilə təqdim ediblər. Tədqiqat işləri universitetin professor-müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, indiyə kimi universitetdə respublika və tələbə elmi cəmiyyətinin konfransları çox keçirilib. 2017-ci ildən etibarən isə ilk dəfə olaraq artıq fakültələr üzrə də aparılan elmi-tədqiqat işlərinin nəticələri olaraq konfransların keçirilməsinə start verilib.

Esmira Hidayətova, Mingəçevir