MDU-nun heyəti birinci kurs tələbələri ilə görüşüblər

70

2022-ci ilin 15 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinə start verilib. Yeni tədris ilinin ilk günündə fakültə dekanları və bir qrup inzibati heyət üzvü tədris auditoriyalarında birinci kurs tələbələri ilə görüşüblər.
Fakültə dekanları tələbə adını qazanmaları və universitetdə ilk dərs gününə başlamaları münasibətilə gəncləri təbrik edib və onlara uğurlar arzulayıblar.
Görüşlər zamanı dərs cədvəli, tədris prosesi və imtahanlar barədə ətraflı məlumat verilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.


Sonra, MDU rektorunun müvafiq tapşırığına əsasən cari tədris ili üzrə ali təhsil müəssisəsinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr qrup nümayəndəsi təyin edilib.
Tələbələr yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 2022/2023-cü tədris ilində MDU-ya bakalavriat səviyyəsi üzrə 1100-dən çox, magistratura səviyyəsi üzrə isə 70-ə yaxın tələbə qəbul olub. Cari tədris ilində universitetdə tədris prosesi ənənəvi formatda həyata keçiriləcəkdir.
Esmira Hidayətova,Mingəçevir.