MDU-nun əməkdaşları Şəhid olan universitetin mingəçevirli məzunlarının ailələrini ziyarət ediblər

0
105

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Vətən müharibəsində Şəhid olan universitetin mingəçevirli məzunlarının ailələrini ziyarət ediblər.

Bundan öncə MDU əməkdaşları Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında uyuyan şəhidlərin, o cümlədən universitetin məzunları Hüseynov Əzəmi Əli oğlunun və Abdullayev Kənan Mübariz oğlunun məzarları üzərinə gül dəstələri qoyub, onların əziz xatirələrini dərin ehtiramla yad ediliblər.

Şəhidlərin ailə üzvləri ilə görüşlərdə Əzəmi Hüseynovun və Kənan Abdullayevin Vətən müharibəsi zamanı göstərdikləri şücaətlər, onların şərəfli həyat yolları və MDU-da keçirdikləri ali təhsil illəri barədə söz açılıb. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan tarixinə qızıl hərflərə həkk olunacaq şanlı zəfərin qazanılmasında və tarixi ədalətin təmin edilməsində hər iki şəhidin mühüm pay sahibi olduğu qeyd olunub.

Hər iki gəncin müqəddəs Şəhidlik zirvəsinə yüksəldiyini deyən MDU-nun rektoru Şahin Bayramov onların Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçdiklərini vurğulayıb. MDU məzunu olan hər iki qəhrəmanla qürur duyduqlarını qeyd edən Ş.Bayramov layiqli və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramını ifadə edib. Hər iki ailənin ağır itkisinə şərik olduqlarını diqqətə çatdıran rektor Ə.Hüseynovun və K.Abdullayevin xatirəsinin uca tutulması və şücaətlərinin yüksək qiymətləndirilməsi sahəsində dövlətimiz tərəfindən bütün zəruri addımların atıldığını bildirib.

Şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışan Ş.Bayramov şəhidlərin adlarının əbədiləşdirilməsi və göstərdikləri qəhrəmanlıqların təbliği istiqamətində universitet tərəfindən davamlı tədbirlərin həyata keçiriləcəyini, MDU-da xatirə guşələrinin yaradılacağı, kollektiv üzvlərinin və tələbələrin hər iki ailə ilə sıx təmaslarda olacağını qeyd edib.

Ziyarətlər zamanı göstərilən yüksək diqqətə görə ölkə rəhbərliyinə təşəkkür ifadə olunub.

Esmira Hidayətova, Mingəçevir