MDU ilə Qazi Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

66

Mingəçevir Dövlət Universiteti ( MDU ) strateji hədəflərə doğru konkret  addımların atılmasına başlamışdır. Belə ki, iki illə yaxındır ki, bu universitet qarşıya qoyulan hədəflərə çatmaq, MDU-nu yeni dövrün tələblərinə uyğun ali təhsil müəssisəsinə çevirmək, qabaqcıl universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına önəm verməkdədir. Qeyd edək ki, MDU  qarşılqlı faydalı  konseptin realaşdırılması istiqamətində ilkin mərhələdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki  Universiteti ilə  müvafiq anlaşma memorandumları imzalamışdır. Bu gün MDU daha bir uğura imza ataraq Türkiyənin ən nüfuzlu universiteti olan Qazi Universiteti ilə qarşılıqlı əməkdaşlıq memorandumu imzalayıb. Bu məqsədlə Qazi Universitetinin rektoru Musa Yıldız və nümayəndə heyəti MDU-da olublar.

Pandemiya qaydalarına uyğun olaraq universitetin konfrans  zalında keçirilən tədbirdə çıxış edən  MDU-nun rektoru Şahin Bayramov bildirib ki, hədəfimiz universitetdə tədrisin keyfiyyətini yüksəltməkdir. Bu məqsədlə təhsil ocağımız qabaqcıl universitetlərin təcrübələrindən faydalanmağa çalışır: “Bu gün ən önəmli addımlarımızıdan  birini atırıq  və əminik ki, bu səfər iki universitet arasında əməkdaşlığın elə bir əsasını  və təməlini qoyacaq  ki, hər birimiz bu əməkdaşlıqdana faydalana biləcəyik.”

Azərbaycana olan sonsuz sevgisindən söz açan Musa Yıldız qarşılıqlı faydalı əlaqələrin qurulmasına hazır olduğunu bildirib.  O, Qazi Universitetinin  Mingəçevir Dövlət Universiteti ilə  əməkdaşlıq etdiyinə xüsusi diqqət yetirib. Nəzərə çatdırıb ki, bundan öncə MDU-nun rektoru Şahin Bayramov Ankarada olub və hər iki ali təhsil müəssisəsi arasında qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Belə ki, ilkin mərhələdə atılacaq konkret addımlar barədə razılıq əldə olunub və bugünkü səfər də onların reallaşmasına xidmət edir.

Sonda MDU ilə Qazi Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Günün ikinci yarsında qonaqlar Vətən müharibəsi günlərində Ermənistan silahlı  qüvvələri tərəfindən  Mingəçevir istilik elektrik stansiyasına atılmış raketə baxıblar və daha sonra Mingəçevir Sənaye Parkında  olublar. Mingəçeviri və onun yaşıllığna heyran olan   Musa Yıldız   Mingəçevirdən çox böyük təssüratlarla ayrıldığını bildirib.

Esmira Hidayətova, Mingəçevir