MDU-da növbəti “Açıq qapı” günü keçirilib

0
269

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan virtual görüşdə MDU-nun tələbələri və onların valideynləri iştirak ediblər.

MDU-nun ilk onlayn imtahan sessiyasında tələbələr üçün nəzərdə tutulmuş çoxsaylı güzəştlərdən bəhs edən Ş.Bayramov ilk dörd gün ərzində tələbələrin imtahanlarda aktiv iştirak etdiyini və bütün tələbələrin yalnız müvəffəq qiymət aldıqlarını diqqətə çatdırıb. Rektor MDU-nun “İmtahan könüllüsü” layihəsində fəal iştirak etməklə imtahanların təşkilində yaxından iştiraklarına görə könüllü tələbələrə təşəkkürünü bildirib.

Çıxış edən tələbələr informasiya texnologiyalarından istifadə əsasında həyata keçirilən onlayn imtahanların təşkilindən və qiymətləndirmə zamanı tətbiq olunan güzəştlərdən razı qaldıqlarını bildiriblər.

Görüşdə tələbələrin təklifləri dinlənilib və onların sualları cavablandırılıb.

Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin iyulun 16-dək hər həftənin cümə axşamı təşkil olunması nəzərdə tutulub. İlk “Açıq qapı” günü iyunun 4-də keçirilib.

Esmira Hidayətova,Mingəçevir