MDU-da “Elmin zirvəsinə gedən yol”

491

Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Elmi Cəmiyyəti (TEC) “28 May – Respublika Günü”nə həsr olunmuş “Elmin zirvəsinə gedən yol” mövzusunda elmi-nəzəri konfransı keçirib. Konfransda universitetin professor-müəllim heyəti və tələbələr, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov açaraq rektor Akif Hacıyevin salamlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, hər üç fakültə üzrə keçirilən TEC konfransların yekunu olaraq, müzakirələrdən sonra 7 ən yaxşı tədqiqat işi universitetin TEC konfransına çıxarılıb. TEC-in sədri baş müəllim Günəş Şəfaqətov, fakültə dekanları f.r.f.d., dosent Qəhrəman Kələşov, i.f.d., dosent Nüşabə Qədimli, tex.f.d., dosent Vüqar Mustafayev tələbələrə uğurlar diləyiblər.

Sonra tələbələrin məruzələri dinlənilib. MU16 saylı qrupun tələbəsi Murad Nağıyev “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin islam həmrəyliyinin möhkəmləndirilməsində möhtəşəm fəaliyyəti və onun mütərəqqi nəticələri” (Elmi rəhbər: dos., s.f.d. Esmira Cəfərova); İT13 saylı qrupun tələbəsi Fəridə Quliyeva “Mikrorobotlar dünyanı dəyişəcək” (Elmi rəhbər: Aidə Mustafayeva); AƏ13.1 saylı qrupun tələbəsi Svetlana Nəsibli “Heydər Əliyev və müstəqillik dövründə Azərbaycan dili” (Elmi rəhbər: fil.f.d., dos. Namaz Manafov); ST14.2 saylı qrupun tələbəsi Aytac Əhmədova “Müasir müsəlman dövlətinin sosial-iqtisadi modeli: islam və postindustrial cəmiyyət” (Elmi rəhbər: b/m  Nazim Niftəliyev); EE15 saylı qrupun tələbəsi Taleh Məmmədov “Yüksək gərginlikli yeni nəsil elektrik avadanlıqlarının üstünlükləri” (Elmi rəhbər: Səadət Şıxaliyeva); İS13.1 saylı qrupun tələbəsi Nuridə Ağakişiyeva “Şəxsiyyətyönümlü təhsilin inkişafı” (Elmi rəhbər: b/m Səbinə Quliyeva)”; ST15.1 saylı qrupun tələbəsi Kənan Cənnətov “İqtisadi inkişafın Kouz xətti” (Elmi rəhbər: b/m Günəş Şəfaqətov) mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər konfrans iştirakçılarının onaları maraqlandıran  suallarını cavablandırıblar.

Sonda Elmi işlər üzrə prorektor, professor Veysəl Əyyubov tələbələr və onların rəhbərlərinə universitet rəhbərliyi adından maraqlı tədqiqat işlərinə və çıxışlarına görə təşəkkürünü bildirib. Qeyd edib ki, tələbə müəllimin güzgüsü, fəaliyyətinin göstəricisidir. “Elm və zəka əsri olan XXI əsrin gündən-günə artan və sürətlə dəyişən tələblərinə cavab verən mütəxəssislər yetişdirmək hər bir müəllimin ən ümdə vəzifəsidir. Sevindirici haldır ki, tələbələr TEC-in fəaliyyətində yaxından iştirak edirlər. TEC-in vəzifəsi gəncləri elmi tədqiqat işinə maraqlandırmaq məqsədi daşıyır. Siz gənclər sadə tədqiqat işi ilə məşğul olaraq bu sahədə müəyyən vərdişlər etməlisiniz. Bu günün alimləri də zamanında TEC-dən başlayıblar. Çalışmalıyıq ki, TEC üzvləri gələcəkdə fakültələrin və uinversitetin bütün tədbirlərində daha yaxından iştirak etsinlər”.

Esmira Hidayətova, Mingəçevir.