MDB ölkələri Suriya məsələsində Rusiyanı dəstəkləyirlərmi?

0
600

Rusiyanın Suriyada açıq şəkildə hərbi müdaxiləyə başlayaraq Bəşər Əsəd əleyhidarı güclərin mövqelərinə havadan zərbələr endirməyə başlamasınn üstündən bir aydan da artıq vaxt keçir.

Amma bu günə kimi Putinə ən yaxın hesab edilən MDB ölkələri, o cümlədən Avrasiya İqtisadi Birliyində təmsil olunan Belarus, Qazaxıstan, Tacikistan və digərləri Rusiyanın Suriyaya hərbi müdaxiləsi ilə bağlı Moskvanın mövqeyini bəyəndiklərini və Kremli bu məsələdə dəstəklədiklərini açıq şəkildə bəyan etməyiblər. Hətta ötən ay Qazaxıstanda keçirilən MDB dövlət başçılarının toplantısında belə, Putinin yaxını hesab edilən dövlət başçıları Rusiyanın Suriya siyasəti barədə susmağa üstünlük verdilər. Əslində MDB dövlət başçılarının Astana sammiti ərəfəsində postsovet məkanı ölkələri liderlərinin Suriyada baş verən hadisələri müzakirə edəcəkləri və ən azından bu məsələdə Putini dəstəkləyən nə isə deyəcəkləri ehtimal edilirdi. Amma gözlənilən baş vermədi. Yalnız sammitdən sonra Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiya televiziyasına verdiyi müsahibəsində Suriya hadisələrinin bölgə üçün təhlükə li olduğunu bildirdi. Bəlkə də bununla bağlı jurnalistin sualı olmasaydı, Atambayev də Suriya hadisələrinə münasibət bildirməyəcəkdi. Əlbəttə, əksər MDB liderlərinin Astana sammitində Rusiyanın Suriyada Əsəd əleyhidarı güclərin mövqelərinə raket-bomba zərbələri endirməsinə münasibət bildirməmələrini təsadüfi hesab etmək olmaz. İş orasındadır ki, Gürcüstan və Ukraynaya Rusiyanın hərbi müdaxiləsindən sonra bəzi MDB liderləri Moskvanın simasında özlərinin ərazi bütövlüyü və müstəqillikləri üçün təhlükə görməyə başlayıblar. Bu baxımdan Rusiyanın Krımı işğal etməsi, Donbasda və Luqanskda rusdilli əhalinin separatçılığını körükləyərək onlara hərbi texniki və canlı qüvvə sarıdan dəstək verməsi Moskvanın hər an etnik soydaşlarının hüquqlarını müdafiə etmək adı altında MDB ölkələrinə müdaxiləyə başlaması təhlükəsi əmələ gətirib. Xüsusi ilə əhalisinin təxminən 33-35 faizini ruslar təşkil edən Qazaxıstanda Rusiyanın Krımı işğal etməsi ciddi təşvişlə qarşılanmaqdadır. Krım və Donbasdan sonra Qazaxıstanın şimalının Moskva tərəfindən işğal edəcəyi barədə mətbuatda yayılan ehtimallar isə Astanada təşvişlə qarşılandı. Hər halda MDB dövlət başçılarının bir çoxunun Astanada Suriya məsələsində susmalarını onların Rusiyanın MDB məkanında və Suriyada yeritdiyi siyasəti tam şəkildə bəyənmədikləri kimi dəyərləndirilə bilər. Ola bilsin ki, Moskva da məhz bunu nəzərə alaraq MDB liderlərinin Astanadakı görüşünün mətbuatın iştirakı olmadan keçirilməsini məqsədəuyğun hesab etmişdi. Çünki istənilən halda əksər MDB liderinin Rusiyanın Ukraynaya müdaxiləsini və Suriyada Əsəd rejiminə yardım etməsini dəstəkləmədikləri öncədən məlum idi. Toplantıda bununla bağı Rusiyanın əleyhinə hətta ehtiyatla söylənilən fikir istər Rusiya və postsovet məkanında, istərsə də beynəlxalq aləmdə böyük ajiotaja səbəb ola bilərdi. Belə bir vəziyyətdə isə MDB liderlərinin Astana görüşü, mətbuatın üzünə bağlı olması məqsədəuyğun hesab edilmişdi. Nəticədə MDB tarixində ilk dəfə qurum liderlərinin Astana görüşü belə demək mümkünsə məxfi şəraitdə keçirildi. MDB dövlət başçılarından yalnız Putinin və İlham Əliyevin sammitdəki çıxışlarının mətnləri sonradan saytlarda yerləşdirildi. Putin toplantıdakı çıxışında daha çox terrora qarşı mübarizədən və bununla bağlı birgə hərəkət etməkdən danışaraq Suriyaydakı İŞİD mövqelərinə Xəzər dənizindən zərbələr endirilməsinin beynəlxalq hüquq normalarına uyğun olduğunu qeyd etdi. Bununla belə, MDB dövlət başçılarının qəbul etdikləri bəyannamədə Suriya məsələsində Moskvanın dəstəklənməsi barədə heç nə deyilmir. Amma yenə də qeyd edək ki, sammitdə Rusiyanın MDB liderlərinin Suriya məsələsində açıq dəstəyini alacağı və bunun birgə qəbul ediləcək bəyannamədə öz əksini tapacağı gözlənilirdi. Əslində MDB liderlərinin əksəriyyətinin Suriya məsələsində Kremlə açıq şəkildə dəstək verməməsi Rusiya üçün özünəməxsus şəkildə xəbərdarlıq hesab edilə bilər.

Xəzər təşvişi

Rusiyanın Xəzərdən Suriyadakı Əsəd əleyhidarı güclərin mövqelərinə zərbələr endirməsi də MDB-də, o cümlədən Xəzəryanı ölkələrdə özünəməxsus şəkildə ajiotajla qarşılandı. Bu baxımdan Türkmənistanın məsələyə münasibəti birmənalı olmadı. Belə ki, Rusiyanın Xəzərdən Suriyaya zərbələr endirməsindən sonra Türkmənisan təcili şəkildə Xəzər sahilində hərbi təlimlərə başladı. Rusiyanın Xəzərdən Suriyanı hədəfə alması digər Xəzəryanı ölkələr tərəfindən də birmənalı qarşılanmamaqdadır. İş orasındadır ki, Rusiyanın Xəzərdən hərbi planlarını həyata keçirmək məqsqdi ilə hansısa addımlar ata biləcəyi ehtimalı hələ 2000-ci illərdə məlum idi. Rusiya hələ o vaxtdan başlayraq hər vasitə ilə Xəzərin hərbisizləşdirilməsinin əleyhinə çıxırdı. O vaxt Rusiya Prezidenti Putinin Xəzər üzrə xüsusi səlahiyyətli nümayəndəsi, xarici işlər nazirinin müavini Viktor Kalyujnı Astanada Xəzər ilə bağlı keçirilən forumda: “Hazırda Xəzərdə tərksilah vaxtı çatmayıb. Düzdür, bəzi Xəzəryanı ölkələr bununla bağlı israr edirlər, amma onda terrorizmlə kim mübarizə aparacaq?..”,-demişdi.

Bu baxımdan günümüzdə də Xəzərin demilitirizasiyası, həmçinin İranın dənizi beş bərabər hissəyə bölünməsi tələbi Xəzərin hüquqi statusunun müəyyən edilməsi yolunda ciddi əngəl olaraq qalmaqda davam edir. Təbii ki, yalnız Xəzərdən Rusiyanın Suriyaya raket zərbələri endirməsi deyil, həm də Əfqanıstanda baş verən hadisələr belə MDB məkanında müəyyən narahatlıqla qarşılanmaqdadır. Bu məsələ ətrafında qaldırılan hər hansı ajiotaj, o cümlədən taliblərin Orta Asiyaya hücum edə bilmələri ehtimalı və İŞİD təhlikəsinin şişirdilməsi bölgə ölkələrini, o cümlədən Türkmənistanı ciddi şəkildə narahat etməkdədir. Bunu Türkmənistan-Əfqanıstan sərhədində baş verən insidentlə bağlı Putinin Astanaya MDB sammitindən əvvəlki səfəri çərçivəsində məsələni Nazarbayevlə müzakirə etmələri və bununla bağlı təhlükəsizik tədbirlərinin görülməsinin vacibliyini bəyan etmələri Aşqabadda etirazla qarşılanmışdı. Türkmənistan dərhal bununla bağlı qəti etirazını bildirmişdi. Nazarbayev isə məsələyə ümumi konteksdə baxdıqlarını və bölgəni gözləyə biləcək təhlükə ilə bağlı əməkdaşlıq edilməsinin vacibliiyni bəyan etmişdi. Bununla belə, Türkmənistan-Əfqanıstan sərhədində baş verənlərin Putin-Nazarbayev görüşündə müzakirəyə çıxarılmasının, həmçinin Xəzərdən Rusiyanın hərbi məqsədləri üçün istifadə etməsinin Aşqabadda narazılqla qarşılanması aydın şəkildə nəzərə çarpır. Bunu MDB dövlət başçılarının Astana sammitinə Prezident Qurbanqulu Berdiməhəmmədovun qatılmaması da sübut edir. Son hadisələrdən narahat olan Türkmənistan xarici işlər naziri Meredovu Vaşinqtona göndərdi. Meredov Vaşintonda yüksək səviyyəli görüşlər keçirdi. Belə güman edilir ki, Meredovun Vaşinqtonda apardığı əsas müzakirələrdən biri məhz bölgədə baş verən son hadisələr və Türkmənistanın təhlükəiszliyinin təmin edilməsi məsələsi olub. Əslində Türkmənistanın bu istiqamətdə atdığı addımlar başa düşüləndir. Hər halda Rusiya ilə Türkmənistan arasında ikili vətəndaşlıq ilə bağlı problem var. Rusiyanın öz vətəndaşlarının təhlükəsiliyini təmin etmək məqsədi ilə 7 il önçə Cənubi Osetiyaya qoşun yeritməsini, həmçinin Krımı işğal etməsini və Donbasda rusdilli əhalinin separatçlığını körükləməsini Aşqabad özü üçün ciddi təhlükə kimi sayır.

Rusiya vətəndaşları təşviş keçirir

Rusiyanın Suriyaya müdaxiləsi yalnız MDB məkanında deyil, Rusiyanın özündə belə, artıq həyəcanla qarşılanmaqdadır. Əgər ilk vaxtlar sadə vətəndaşlar Rusiyanın Əsəd rejiminin əleyhidarı güclər üzərinə havadan zərbə endirməsini sakit qarşılayırdılarsa, artıq onlar bundan təşvişə düşməyə başlayıblar. Belə ki, “Levada-sentr” tərəfindən sadə ruslar arasında həyata keçirilən sorğu zamanı məlum olub ki, rəyi soruşulanların çoxu Suriya ilə bağlı hərbi xərclərin artacağından və bunun ölkədə əhalinin sosial vəziyyətinin daha da pisləşməsinə gətirib çıxaracağından narahat olmağa başlayıblar. Rəyi soruşulanların 41 faizi belə hesab edir ki, Suriyadakı hərbi əməliyyatlar sosial problemlərin həllinə yönələn vəsaitin azaldılmasına səbəb olacaq, 39 faizi isə bu müharibədə Rusiya əsgərlərinin mənasız yerə həlak olduğunu düşünür. Respondentlərin 46 faizi aviazərbələrin endirilməsinin əleyhinədir. Eyni zamanda rəyi soruşulanların 59 faizi Suriyadan müqrantların qəbul edilməsini istəmir. Təbii ki, müharibə uzanacağı təqdirdə Rusiyanın Suriyaya müdaxiləsinin əleyhidarlarının sayı daha da çoxalacaq. Beləliklə, Rusiyanın Suriyaya müdaxiləsi nəinki MDB ölkələrində, həm də Rusiyanın özündə narazılıqla qarşılanmaqdadır. Bunu isə politoloq Kreml üçün ciddi siqnal hesab edirlər.