Masallıda “Zəfər bayrağı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub

36

Masallı Rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq Teatrın və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Zəfər Günü münasibətilə hazırlanmış “Zəfər bayrağı” adlı ədəbi-bədii kompozisiya tamaşaçılara təqdim olunub.

Yazıçı-publisist Nurəddin Ədiloğlunun Aprel döyüşləri və Vətən müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin xatirəsinə həsr olunmuş səhnə əsərinin təqdimatından əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bir pərdəli, üç şəkilli kompozisiyanın müəllifi, yazıçı-publisist Nurəddin Ədiloğlu çıxış edərək İntiqam və Nurlan qardaşları kimi övlad yetirən Azərbaycanı, Ana torpağı, ata-ananı, müəllimləri təbrik edib.

Bütün tamaşa boyu Vətən nisgili, doğma yurd yerlərimiz olan Qarabağ, döyüş motivləri, hərb xatirələri tutarlı bədii obrazlarla təsvir olunub.

Tamaşaçılar “Zəfər Bayrağı”nı həzin musiqi sədaları altında maraqla izləyiblər.

Sonra tələbələr şəhidlərin həyatından bəhs edən şeirlər söyləyiblər.