Mart soyqırımı erməni vəhşiliyinin nəticəsi idi

0
475

Bu gün Azərbaycan xalqı tarixinin ən faciəli səhifələrindən birini – 31 mart soyqırımını dərin hüznlə qeyd edəcək. Bu məqsədlə respublikamızın hər yerində soyqırım qurbanlarının xatirəsi anılacaq, şəhidlərin ruhuna dualar oxunacaq.

1918-ci il mart ayının 31-də Azərbaycan xalqı özünün ən faciəli günlərindən birini yaşadı və Bakıda, Şamaxıda, Salyanda, Qubada, Göyçayda və digər yerlərdə erməni-rus silahlı quldur dəstələri tərəfindən on minlərlə günahsız insanın qanı axıdıldı, yüzlərlə kənd və şəhər yandırıldı.

Əslində Bakıda ermənilər tərəfindən dinc əhaliyə qarşı qırğınlar törədiləcəyi hələ 1917-ci ilin noyabr ayında terroru özünün əsas mübarizə silahı kimi seçən Daşnaksutyun partiyasının liderlərindən biri olan Şaumyanın başçılıq etdiyi bolşeviklər tərəfindən hakimiyyətin ələ alınmasından sonra məlum oldu. Azərbaycan ərazisini aborigenlərdən təmizləmək və “dənizdən-dənizə” uzanan mifik erməni dövləti qurmaq terrorçu-bolşevik Şaumyan və onun əlaltılarının məqsədi idi.

Həmin dövrdə Bakıda I Dünya Müharibəsindən qayıdan 6-7 min erməni silahlısı vardı. Bundan əlavə, Şaumyan Türkiyə ilə müharibədən Rusiyaya qayıdan 8-10 min nəfər rus əsgərlərindən də dinc müsəlmanlara qarşı istifadə etdi. Bu məsələ barədə erməni alimi Q. Avetisyan yazmışdı ki, 1918-ci ilin əvvəllərində Bakıda 18 min döyüşçüdən ibarət Qızıl Ordunun dörd briqadası var idi. Qızıl Ordu döyüşçülərinin də 70 faizi erməni idi.

Belə bir vəziyyətdə 1918-ci ilin mart ayının 27-də general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Lənkəran şəhərində baş verən qarışıqlıqlar zamanı rus-erməni silahlı dəstələri tərəfindən öldürülmüş məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlunun dəfn mərasimində iştirak etmək üçün Bakıya gəldi. Müsəlman alayının Bakıya gələcəyindən öncədən xəbər tutan Şaumyan Moskvaya, Leninə özünün planları barədə məlumat vermişdi. Lenin isə Şaumyana dəstək verəcəyini bildirmişdi.

Planını həyata keçirmək üçün Şaumyan Bakıda olan müsəlman alayını təxribata çəkməyə cəhd etdi. Bunun üçün erməni daşnakları əhali arasında guya müsəlman alayının üsyana hazırlaşdığı və bütün qeyri-müsəlmanları qıracaqları barədə şayiə yaymışdılar. Şaumyanın təxribatını anlayan müsəlman alayının rəhbərləri şəhərdə qan tökülməsinə yol verməmək üçün “Evelina” gəmisinə minərək Lənkərana getmək qərarına gəldilər. Lakin Şaumyan dərhal gəmini mühasirəyə aldı, oradakı azsaylı əsgərləri tərksilah etdirdi. Bu isə Bakı müsəlmanları arasında narazılıqla qarşılandı. Martın 30-da Bakıda müsəlmanların dinc etiraz aksiyası başladı. Aksiya iştirakçıları müsəlman əsgərlərin silahlarının özlərinə qaytarılmasını və onların Lənkərana getməsinə icazə verilməsini tələb edirdilər.

Bundan bəhanə kimi istifadə edən Şaumyan quldur dəstələrini dinc əhali üzərinə yeritdi. Nəticədə bolşevik-daşnak quldur dəstələri şəhərdə qətliam törətdilər, minlərlə dinc insan bu vəhşiliyin qurbanı oldu. Üç gün ərzində Bakı qan ağladı. Bəzi məlumatlara görə quldur dəstələri Bakıda 18 mindən artıq müsəlmanı qətlə yetirdilər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyali bir alman Bakı qırğını barədə 1925-ci ildə yazırdı: “Ermənilər müsəlman məhəllələrinə hücum edərək hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı”.

Şaumyanın birbaşa göstərişi ilə məşhur İsmailliyyə binası yandırıldı. Bina yandırılmazdan əvvəl ermənilər yaralı müsəlmanları İsmailiyyənin zallarından birinə dolduraraq onları qətlə yetirdilər. Sonra isə meyitlərin üzərində vəhşicəsinə rəqs etdilər. Türksüz və müsəlmansız Azərbaycan yaratmaq istəyən Şaumyanın göstərişi ilə bolşevik-daşnak quldur dəstələri Şamaxıya, Salyana, Qubaya və Göyçaya göndərildi. Bu dəstələr adı çəkilən ərazilərdə əllərinə keçən bütün canlıları məhv etdilər, kəndləri yandıraraq xarabazara çevirdilər.

Şamaxı və Quba qırğınları

Şamaxıda soyqırımı planını Şaumyan Bakıdan əvvəl – 1918-ci il mart ayının 18-də işə salmışdı. Burada qırğınları həyata keçirməyi Şaumyan öz əlalatısı olan Stepan Lalayevin komandanlıq etdiyi erməni quldur dəstələrinə tapşırmışdı. Mart ayının 18-də sübh tezdən ermənilər Mədrəsədə yerləşdirilmiş toplardan Şamaxı şəhərinə atəş açdılar. Yuxudan ayılan şəhər əhalisi pal-paltarını geyinmədən hara gəldi qaçmağa başladı. Əhalinin bir hissəsi buradakı qədim məscidə sığındı. Onlar Allah evinə quldurların toxunmayacağına inanmışdılar. Amma Şamaxını ələ keçirən erməni quldur dəstələri Lalayevin əmri ilə məscidə od vurdular. Yüzlərlə dinc əhali, xüsusən qocalar, qadınlar, uşaqlar, bir sözlə, dəhşətli qırğından qaçıb canlarını xilas edə bilməyən insanlar diri-diri bu məsciddə yandırıldılar. Eşiyə qaçmaq istəyənlər isə dərhal güllələndilər.

Amma Şamaxıdakı qırğınlar Şaumyanı tam şəkildə qane etməmişdi. O, Şamaxının tamamilə müsəlman əhalidən təmizlənməsini tələb edirdi. Bu məqsədlə də Bakı qırğınlarının ardınca Şaumyan əksinqilaba qarşı mübarizə pərdəsi adı altında silahlı quldur dəstələrini yenidən Şamaxıya göndərdi. Bu dəstələrə komandanlığı Şaumyan S. Lalayansa tapşırmışdı. S. Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.

Şamaxıdan sonra Şaumyan nəzərini Qubaya yönəltdi. Qubada qırğınları həyata keçirəcək silahlı quldur dəstələrinə isə rəhbərlik Amazaspa tapşırılmışdı.

Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı bolşevik əsgərləri də iştirak edirdilər. Bu qırğınlarda əsas məqsəd Quba qəzasında da müsəlman əhalisini məhv edərək erməni idarəçiliyinə nail olmaq idi. İki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlman öldürülmüşdü. Amazaspın vəhşilikləri zamanı təkcə 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdi.

2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi və onların tədqiqi göstərdi ki, bu insanlar hər cür zorakılıqlara məruz qalaraq qətlə yetirilmişlər. Bu kütləvi məzarlıqlar 1918-ci ildə Qubada Amazasp tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımına əyani sübutdur.

Erməni-rus quldur dəstələri Şamaxıda 72, Qubada 122 kəndi yerlə-yeksan etdilər, əhalini isə qılıncdan keçirdilər.

Eyni vəhşilik Salyanda və Göyçayda da həyata keçirildi. Nəticədə, 100 minə yaxın dinc sakin erməni vəhşiliyinin qurbanı oldu. Ümumiyyətlə, erməni-bolşevik dəstələri mart, aprel və may aylarında 150 min müsəlmanı qətlə yetirdilər, 500 mindən artıq adam isə yurd-yuvalarından didərgin salındı.

Ermənilərin Azərbaycanda həyata keçirdikləri bu qətliamların üstü sovet dövründə ört-basdır edildi. Ancaq Azərbaycan müstəqilliyini yenidən əldə etdikdən sonra o dövrdə ermənilərin həyata keçirdikləri qətliamlar barədə həqiqətlər üzə çıxdı. 1998-ci il mart ayının 26-da isə Prezident Heydər Əliyev 31 martın Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunması barədə sərəncam imzaladı. O gündən də hər il Azərbaycan xalqı 1918-ci il mart qurbanlarının xatirəsini hüznlə yad edir.