Marşrutlar vaxtında gələcək, basabas olmayacaq…

414

Bakıda gündəlik ictimai nəqliyyatdan, xüsusən də sərnişin avtobuslarının xidmətindən istifadə edənlər səbirsizliklə o günü gözləyirlər. Söhbət ictimai nəqliyyatda kart-ödəniş sisteminə tam keçidin baş tutacağı gündən gedir. Sürücülərdə də, sərnişinlərdə də belə bir fikir, inam var ki, bu keçiddən sonra bu günə qədər bizi təngə gətirən bir çox məqamlar aradan qalxacaq. Sərnişinlərin prizmasından yanaşanda söhbət avtobuslardakı basabasdan, avtobus şoferlərinin kobud qayda pozuntularından, yeri gəldi-gəlmədi avtobusu saxlamalarından, avtobusların ötüşmələrindən xilas olmaqdan gedir. Sürücülər isə ümidlidirlər ki, kart-ödəniş sisteminə tam keçid baş tutandan sonra onlar istirahət edə biləcək, normal maaş alacaq, avtobusu qrafikə uyğun sürəcək, fasiləli rejimlə çalışacaqlar. Dəfələrlə şahidi olmuşam ki, sürücü ilə mübahisə edən sərnişinə ikincinin cavabı belə olub: “Bircə kart sisteminə keçid olaydı, ondan sonra biz də adam kimi işləyə bilərik”.

Bəs ictimai nəqliyyatda kart-ödəniş sisteminə tam keçid niyə gecikdi? Axı məsələ bu qədər yubanmamalı idi. Bu istiqamətdə nə kimi yeniliklər olacaq? Nəqliyyat Nazirliyindən bildirirlər ki, sistemə keçidin 2015-ci ilin yayınadək başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, hələ bir müddət öncə gecikmə ilə əlaqədar nəqliyyat nazirinin müavini Musa Pənahov belə bir açıqlama vermişdi: “İctimai nəqliyyatda vahid kart sisteminin tətbiqi ilə əlaqədar ilk müqavilədə bağladığımı şirkətlərlə problemlər yaşandı və onlar bu layihəni sona çatdırmadılar. Hazırda bu sahədə daha böyük səriştəsi və təcrübəsi olan şirkətlərlə danışıqlar yekunlaşdırılır. İctimai nəqliyyatda elektron ödəniş sistemi tam tətbiq olunacaq. Biz bu layihəni 6 ay müddətində, təqribən gələn ilin 1 mart tarixinə qədər yekunlaşdırmağı nəzərdə tuturuq. Prosesin ləng getməsinin səbəblərindən biri validatorların gətirilməsi ilə bağlıdır. Belə ki, validatorlar Türkiyədən alınır və onların avtobuslara quraşdırılması vaxt tələb edir. Bundan başqa, istismar müddəti başa çatan avtobuslar xətdən çıxarılır. Avtobusların yenilənməsi ilə sahibkarlar məşğul olduğu üçün bu da müəyyən problemlər yaradır”. M. Pənahov hələ o vaxt bildirmişdi ki, 1000-dən çox avtobusda validator quraşdırılıb və proses davam edir: “Ləngimənin digər bir səbəbi də sərnişinlərin özləri ilə bağlıdır. Belə ki, satışa milyondan artıq kart çıxarılsa da, indiyədək təxminən 200 mini alınıb”.

 “Sistemə keçidin Avropa Oyunlarına qədər başa çatdırılması planlaşdırılır”

Nəqliyyat Naziliyinin son açıqlamaları göstərir ki, hazırda proses sürətlə davam edir. Avtobuslarda ödəniş tamamilə kart sisteminə keçənədək sərnişinlər gediş haqqını paralel olaraq nağd da ödəyə biləcəklər. Ümumiyyətlə, bu sistemə tam keçidin 2015-ci ilin yayınadək, Avropa Oyunlarına qədər başa çatdırılması planlaşdırılır.

Gediş haqqının kartla ödənişi sürücü-sərnişin ünsiyyətini minimuma endirəcək.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov jurnalistlərə açıqlamasında deyib ki, pik saatlarda avtobuslardakı sıxlıq zamanı problem yaranmasın deyə əlavə tədbirlər görüləcək: “Ödənişə nəzarət edilməsi, sürücülərin və sərnişinlərin bu prosesə öyrəşməsi üçün ilk mərhələdə hər avtobusda köməkçinin xidmətindən istifadə edilməsi nəzərdə tutulur”.

Paytaxt marşrutlarında gün ərzində 2100-2200 avtobus istismar olunur

Avtobus sürücülərinin əmək haqqı sisteminə keçidinə gəlincə, N. Həsənov bildirib ki, Nəqliyyat Nazirliyi burada birbaşa rol oynamasa da, hazırda bu istiqamətdə sahibkarlarla müvafiq danışıqlar aparılır: “Məsələ elə həll olunmalıdır ki, həm sürücülər, həm də avtobus sahibləri razı qalsınlar. Bu sistem sürücülərin qazancına mənfi təsir göstərməməlidir. Marşrut xəttinin səmərəliliyindən və məsafəsindən asılı olaraq, əməkhaqqının məbləği dəyişə bilər. Bu kimi hallar sahibkar ilə sürücü arasında bağlanan əmək müqaviləsində əksini tapacaq”.

Bildirək ki, ötən ilin əvvəllərinədək Bakı şəhərində 300-dək marşrut fəaliyyət göstərirdi. Sonra bu rəqəm 217-yə endirildi. Nəqliyyatın intellektual idarə edilməsi sisteminin tətbiqi ilə əlaqədar marşrut xətlərində yenidən dəyişikliklər aparılaraq, 217 marşrutun optimallaşdırılmasından sonra hazırda 172 marşrut saxlanılıb. Nazirliyin açıqlamasına görə, zərurət olduğu halda, yeni xətlər açılarsa, mümkündür ki, bu say artsın: “Əgər əvvəllər paytaxtda marşrutlarda 210-dək daşıyıcı var idisə, ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədilə bu rəqəm 30-a endirilib. Hazırda paytaxt marşrutlarında gün ərzində təxminən 2100-2200 avtobus istismar olunur ki, onların da 1487-si iritutumlu, 851-i orta tutumlu avtobusdur. Aparılan islahatlar nəticəsində kiçiktutumlu avtobuslar, demək olar ki, tamamilə xətlərdən yığışdırılıb.

 Bakı üzrə gündəlik sərnişin dövriyyəsi təxminən 1 milyon 400 nəfərə yaxındır

Rəsmi məlumatlara görə, hazırda Bakı şəhəri üzrə gündəlik sərnişin dövriyyəsi təxminən 1 milyon 400 nəfərə yaxındır. Belə planlaşdırılır ki, kart sistemi tətbiq olunandan sonra sərnişin ön qapıdan minərək gediş haqqını ödəyəcək və lazım olan ünvana çatdıqdan sonra arxa qapıdan düşəcək.

Paytaxtda ilkin olaraq, 5 minədək yerdə ödəmə məntəqəsi fəaliyyət göstərəcək. Kartları xüsusi məntəqələrdən, köşk və avtobus dayanacaqlarından, metro çıxışlarından əldə etmək, həm də həmin yerlərdə yükləmək mümkün olacaq. Gələcəkdə bank məhsulu olan bu kartlardan ticarət mərkəzlərində ödənişləri həyata keçirmək və Bakı Metropolitenində gediş haqqını ödəmək üçün də istifadə edilə bilər. Belə ehtimal etmək olar ki, kart sisteminə keçidlə əlaqədar avtobus sürücüləri bir-biriləri ilə yarışa girməmələri üçün avtobusların törətdikləri yol qəzalarının sayı da minimuma enəcək.

Kart-ödəniş sisteminə tam keçid baş tutandan sonra sərnişindaşımada qiymətlərin bahalaşıb-bahalaşmayacağını, digər hansı yeniliklərin olacağını indidən dəqiqliyi ilə demək mümkün deyil. Çünki bəzi məsələlər var ki, hələ də müzakirə mərhələsindədir. Hər halda bunu zaman göstərəcək…

Nicat İntiqam