Marketlərin “ucuz fırıldağı” çoxalır

0
524

Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi 21 fevral 2015-ci il tarixindən gücləndirilmiş nəzarət tədbirlərinə başladı. Həqiqətən, o dövrdə əhali arasında qiymətlərin bahalaşması ilə bağlı bir ajiotaj yaşandı və bu, müəyyən mənada normal idi. Qiymətləri ciddi şəkildə bahalaşdıran şirkətlər də oldu və məhz Prezidentin sərt xəbərdarlığından sonra bunun qarşısı alındı.

Qeyd edək ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də süni qiymət artıranlara qarşı ciddi tədbirlər həyata keçirir və bununla bağlı görülən işləri ictimaiyyətə açıqlayır.

Lakin bu o demək deyil ki, marketlər riskə gedib vətəndaşları daha aldatmırlar. Əksinə, həmin tendensiya bu gün də davam edir.

Bu günlərdə eyni hadisənin şəxsən şahidi oldum. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsində yerləşən “Gross market”də alış-veriş edərkən mobil telefonuma zəng gəldi. Evdən idi, dedilər ki, getmişkən böyük süzgəc al, lazımdır. Marketin vitrininə qoyulmuş süzgəcin üstündə qiymət 1 manat 69 qəpik göstərilirdi. Digər lazım olan ləvazimatları və süzgəci alıb kassaya yaxınlaşdım. Xanım satıcı malları bir-bir kassaya vurduqdan sonra ümumi məbləği mənə dedi və ödədikdən sonra çeki təqdim etdi. İnsafən, çeki aldıqdan sonra qiymətlərə baxmadım, birbaşa evə yollandım. Evdə süzgəcin üstündəki qiymətlə çekdəki qiyməti görənlər bir qədər təəccüblə: “Axı bu necə olur?”-dedilər. Özüm də təəccübləndim. Çekdə süzgəcin qiyməti 2 manat 8 qəpik göstərilirdi…

Marketdə olarkən digər məhsulların qiymətinə diqqət yetirmədiyimdən çekdə göstərilən qiymətdə aldadılıb-aldadılmadığımı dəqiqləşdirmək imkanım olmadı. Hər gün marketlərə yüzlərlə, minlərlə alıcı gəlir, hamısına aid deyil, ancaq bəzi marketlər müştəriləri bu cür aldatmaqla görəsən ayda nə qədər qazanırlar? Belə də insafsızlıq olarmı? Axı bu kimi hallar nə qədər davam edəcək? Vitrində qiyməti ucuz göstərib müştərini şirnikləndirməklə kassada aldatmaq nə qədər məntiqlidir?

Qeyd etdiyimiz kimi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti gündəlik monitorinqlər keçirməklə topdansatış müəssisələri tərəfindən ticarət obyektlərinə satış üçün paylanan ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırılması, alıcıların aldadılması ilə mübarizə aparır. Nazirlikdən aldığımız məlumata görə, aparılmış yoxlamalar zamanı bir sıra ticarət obyektlərində malların yarlığında göstərilən qiymətlərlə nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətlər arasında fərq yaradılmaqla əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadılması halları da aşkar edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barədə tədbirlər görülüb.

Qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görülür

Nazirlik intensiv nəzarət tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

İndi isə qurumun son vaxtlar açıqladığı faktlara diqqət yetirək:

– İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Səbail rayonu, M. Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən “Uşaq Aləmi” MMC-yə  məxsus uşaq geyimləri mağazasında malların nəzarət-kassa aparatının yaddaşında olan qiymətlərlə yarlıqda göstərilən qiymətlər arasında fərq yaratmaqla, istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib. Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

– Xidmət tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi, 28 ünvanında yerləşən “Fərid” Müstəqil Şirkətinə məxsus “Premiummart” marketdə və Binəqədi rayonu, S.S. Axundov küçəsi, 85A ünvanında Sevinc Məhərrəmovaya məxsus “Unimart” marketdə aparılan yoxlama zamanı nəzarət-kassa aparatının yaddaşındakı qiymətlərlə malların yarlığında göstərilən qiymətlər arasında fərq yaradılmaqla, istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

– Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi, 8A ünvanında Südabə Əsgərovaya  məxsus “Hiper” marketdə aparılan yoxlama zamanı təklif olunan malların nəzarət-kassa aparatının yaddaşında olan qiymətlərin yarlığındakı qiymətlərdən artıq göstərilməsi ilə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

– Bərdə şəhəri, Bakı küçəsində Mehman İsayevə məxsus “Dəniz” marketdə təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq göstərilməsi ilə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

– Sumqayıt şəhəri, Koroğlu küçəsində Dağbəy İsmayılova məxsus “Elmar” marketdə, eləcə də Zaqatala şəhəri, F.Əmirov küçəsində “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə aparılan yoxlamalar zamanı malların nəzarət-kassa aparatının yaddaşında olan qiymətlərin yarlıqdakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

– Bakı şəhəri, Pirallahı rayonunda Vəfa Abbasovaya məxsus “Laçın” marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.

– Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində “Ruslan 93” marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətlər arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

“Hüquqi şəxslər 3000 manat miqdarında cərimə edilirlər”

Nazirlik bildirir ki, qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Bəs “əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb” deyəndə İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri konkret olaraq nəyi nəzərdə tuturlar?

Bunu aydınlaşdırmaq üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, “qanunvericiliyə uyğun tədbirlər görülüb” deyiləndə İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinin (istehlakçıları aldatma) tətbiqi nəzərdə tutulur. Məcəllənin bu maddəsində bildirilir ki, mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə bu, az miqdarda olduqda – fiziki şəxslər 600 manat miqdarında, vəzifəli şəxslər 1000 manat miqdarında, hüquqi şəxslər 3000 manat miqdarında cərimə edilirlər.

“Bir az məntiqlə fikirləşən sahibkar istehlakçıları aldatmağa çalışmaz”

Xidmətin əməkdaşına ünvanladığımız “Eyni hal bir neçə dəfə təkrar olunduqda cərimələr sərtləşirmi?” sualımıza onun cavabı belə oldu: “Rəisimizin bu məsələdə müstəsna səlahiyyətləri var. Məsələn, ola bilər ki, bu hal ilk dəfə törədildikdə cərimə tətbiq edilməsin, xəbərdarlıq edilsin. Amma növbəti dəfələrdə artıq cərimə qaçılmaz olur. Lakin ilk dəfə hər kəsə cərimə tətbiq edilmir deyə bir şey də yoxdur. Ola bilər ki, eyni hal 6-7 dəfə təkrar olunar, hər birində də cərimə tətbiq edilər”.

Bəli, bir az məntiqlə fikirləşən sahibkar istehlakçıları aldatmağa çalışmaz. Niyə? Çünki cərimənin məbləği kifayət qədər yüksəkdir və hər dəfə cərimələndikcə qazandığından çox itirir. İkincisi, istehlakçıları çaşdıran, aldadan hər bir mağazanın adı ictimaiyyətə açıqlanır ki, bununla da həmin mağaza istehlakçıların gözündən düşür…

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here