Maradona: “Top qovmayanların futbolu idarə etmələri anormal haldır”

0
497

Dahi, çılğın, tarix yazmış adam. Ancaq o, həyatını, davranışlarını insanların onun haqqında nə düşündüklərinə görə tənzimləmir, necə deyərlər, öz bildiyini edir. Budəfəki müsahib gözəl oyunların möhtəşəm qəhrəmanı Dieqo Armando Maradonadır.

– Nə vaxtsa kimsə sizə peşəkar olmayacağınızı deyibmi? Məsələn, boyca kiçik olduğunuza görə. Hazırda boyu kiçik olduğu üçün yetərincə uğur qazana bilməyəcəkləri bildirilən, ruhdan salınan uşaqlara nə demək istərdiniz?

– Kimsə bunu mənə söyləmədi. Çünki hər şey çox tez oldu. Mən deyərdim ki, boyunuz uzun da olsa, qısa da olsa, çox çalışmalısınız. İnsanların bu düşüncələrində yanıldıqlarını sübut etmək üçün iradəniz olmalıdır. Atam uşaq vaxtı məni daim məşqlərə aparar və məsuliyyət hiss etməyin, çalışqanlığın önəmini anlamağıma çalışardı. Çox vaxt mən getmək istəməzdim, ancaq o mənə uğur qazanmaq üçün fədakarlıq etməyim gərəkliliyini xatırladırdı. Şəxsən mən mənim kimilərinin, yəni fiziki cəhətdən bir qədər zəif olanların daha çox şanslı olduğunu düşünürəm. Bir futbolçu topa necə vurmaq lazım olduğunu bilmirsə, onun zərbələri daim tribunalara gedəcək. Amma bunun necə edilməli olduğunu bilən biri möhtəşəm qollar vura, hətta 40 metrlik məsafədən belə dəqiq ötürmələr verə bilər. Məhz bunları bilənlər, öyrənənlər lider olacaqlar.

– 1978-ci ildəki dünya çempionatında iştirak edən heyətdə sizcə, yer almalı idinizmi? O zaman 17 yaşında idiniz…

– Dünya çempionatından bir gün sonra “Argentinos Xuniors” forması ilə “Çaçarita”ya qarşı oynadım, 5:3 hesablı qələbə qazandıq. Həmin oyunda 3 qol vurdum. Buna qədər stadionlarda çox oyunlar izləmişdim. İtaliya ilə matça qardaşımla getmişdim. Hətta Hollandiya ilə oynanılan finalda da tribunada idim. Oyunçular və Argentina futbolu üçün çox sevinmişdim. Amma heyətdə olmağa layiq olduğuma da inanıram.

– Meksika-86-da zədələndiyiniz üçün iki fərqli nömrədə ayaqqabı geyindiyiniz doğrudurmu?

– Xeyr, doğru deyil. Zədələndiyim doğrudur, ancaq fərqli ölçüdə ayaqqabı geyinəcək qədər ağır deyildi. Ayaqqabı mövzusunda bir maraqlı məlumat verə bilərəm. Mən bütün oyunlarıma hər dəfə təzə ayaqqabıda çıxırdım. Hər dəfə! Oyunda geyindiyim ayaqqabını əsla ikinci dəfə geyinməzdim. Paltardəyişmə otağında mənim harada oturduğumu çox rahat bilərdiniz. Çünki orada həmişə 5 cüt yeni ayaqqabı hazır dururdu.

– Uzun illər ötsə də, vurduğunuz bəzi qollarla bağlı söz-söhbətlər səngimək bilmir…

– Mən argentinalı olaraq futbolu hiss etməyi bacarıram. Hətta uşaq ikən məhəllədə oynayanda belə, qələbə qazanmaq üçün hər şeyi edərdik. Əllə oynamaq, hakim arxasını çevirdiyi zaman rəqibi itələmək, dirsək atmaq və s. Çünki oyunda qalib gələnlər “koka-kola” və “buterbrod” qazanırdılar. İllər sonra dünya çempionatında oynayanda da özümü məhəllədə oynayırammış kimi hiss edirdim. Bəlkə elə ona görədir ki, hələ də müzakirə mövzusu olan o məşhur oyunda əllə oynaya biləcəyimi düşündüm. Həmçinin hakim də məni görmürdü və bu, əlavə bir fürsət idi. Bir şeyi də deyim ki, bu mənim əllə vurduğum tək qol deyildi. Bir qol da “Napoli”də ikən “Udineze”yə vurmuşdum. O qoldan sonra Ziko mənə doğru qaçaraq: “Dieqo, hakimə qolu əllə vurduğunu söyləməlisən. Əks təqdirdə dürüst olmayacaqsan” demişdi. Mən də onun əlini sıxıb: “Tanış olduğumuza məmnun oldum Ziko. Mən Dieqo Kələkbaz Maradona”, – deyərək cavab vermişdim.

– Hari Lineker Meksikadakı meydançanın qorxunc vəziyyətdə olduğunu və bunun İngiltərəyə vurduğunuz ikinci qolu daha möhtəşəm etdiyini söyləyirdi. Meydançanın o vaxtkı vəziyyətini xatırlayırsınızmı? Qaçarkən nələr düşündüyünüzü söyləyə bilərsinizmi?

– Bəli, Linekerin fikirləri ilə tamamilə razıyam. Stadionun yaşıl örtüyü bərbad vəziyyətdə idi. Pomidor tarlası kimi idi. 10 metrlik bir ötürmə vermək üçün belə, çox əziyyət çəkirdik. Mən deyərdim ki, o vəziyyətdə Allah mənə yardım etdi. Çünki yenidən o cür qaçmaq istəsəm, təkrarlaya biləcəyimi düşünmürəm.

– Yazdığınız bir kitabda başda Peter Şilton olmaqla sevmədiyiniz bəzi insanları “termos baş” olaraq qeyd etdiniz. “Termos baş” tam olaraq nə deməkdir?

– “Termos baş” axmaq, avam və çirkin anlamına gəlir. Bunu çox vaxt məni dəli edən biri haqqında deyirəm. Amma deyim ki, bu çox da yaxşı bir şey deyil, biləsiniz.

– Nəvəniz Benjamin haqqında nə düşünürsünüz?

– Onun barəsində danışarkən qürurlanıram. Həqiqətən! Nə demək istədiyimi anlatmaq üçün sizə tək bir misal deyəcəyəm. Bu yaxınlarda onunla birlikdə parka getdim. Orada anladım ki, o futbolu ən azı babası qədər sevir. Damarlarında futbol olduğunu anlaya bildim. Düşünün; çoxlu sayda oyuncağı var – maşınlar, motosikletlər, amma hər səfərində gedib topu alır. Bundan başqa, əksər uşaqlar topla çox kobud davranırlar, sərt zərbələr vururlar, amma o sağ ayağı ilə topla çox yaxşı davranır, oynayır. O, sağ ayağı ilə oynayır. Babasından gələn tək bu şeydir yəqin. Geri qalan özəlliklərini atasından alıb (gülür). Zərbə vurarkən “baba” deyə bağırır və topu daim ayaqlarımın arasından keçirir. Bir futbol ailəsindən gəlir və onun da futbolçu olmasını istəyirəm. Gələcəkdə meydançaya hər çıxdığı zaman hər kəs ondan 3 qol vurmasını gözləyə bilər. Çünki futbolçu bir babası, bir də atası var. Bu, Benjamin üçün qaldırması bir qədər çətin yük ola bilər. Ancaq kaş məndən və atasından daha yaxşı bir futbolçu olsun… İndiki halda əsl önəmli olan şey onun əylənməsidir. Əmin olduğum tək bir şey var – o da Benjaminin basketbolçu olmayacağıdır (gülür).

– Yeməklərlə əl-amanda qalan bir insan kimi görünürsünüz. Yaxşı, heç olmasa yemək bişirə bilirsinizmi?

– Heç nə bişirə bilmirəm. Yumurtanı belə qıra bilmərəm. Məncə, bunun səbəbi özümdən böyük 4 bacımın olmasıdır. Çünki nə zaman bir şey istəsəm, hazırlamaq üçün bir-birləri ilə yarışardılar.

– Əgər imkanınız olsaydı, futbol dünyasında dəyişdirəcəyiniz ilk şey nə olardı?

– Futbolun futbolçular tərəfindən idarə edilməsini istəyərdim. Bu qədər bəsit. Biz futbolçular səsimizi daha gur çıxarmalıyıq. Həyatında heç topa toxunmamış, məhəllə yarışlarında belə oynamamış adamların futbolu idarə etməsi anormal bir şeydir. Bizim kimi həyatını dünya çempionatında oynaya bilmək üçün sərf edənlərin yerinə onların qərar vermələri mənasızdır. Bir futbolçunun FİFA başqanı olduğunu görməmiş ölmək istəmirəm.

– Sizə görə gəlmiş-keçmiş ən yaxşı futbolçu kimdir?

– Bir səsvermədə Peledən üstün olmuşdum. Anam mənim yaxşı oyunçu olduğumu söyləyir. Bəlkə də, həqiqətən belədir. Ancaq bir çox oyunçular mənim kimi və ya məndən daha yaxşı idilər. O braziliyalının (Peleni nəzərdə tutur) adını çəkməyəcəyəm. Ancaq van Basten, Qullit, Zidan, Romario, Kriştianu Ronaldo, Messi, kök Ronaldo… Futbolu baxımlı edən bir çox futbolçular var. Mənə görə futbol məhz belə yaxşı oyunçulardan ibarət olur. Meydanda nə bacarırıqsa, onu etməli və azarkeşləri sevindirməliyik. Mən daim buna nail olmağa çalışmışam. Əylənmək və insanları əyləndirmək.

– Necə xatırlanmaq istəyirsiniz?

– Necə bir miras buraxdığımı düşünmək istəmirəm. Futbolçu kimi, onsuz da, çox yaxşı bir miras buraxdım. Ümid edirəm ki, məşqçi kimi də futbolda buraxdığım mirasa layiq bir nəticə ortaya qoyacağam. Özümü 20 yaşında imiş kimi hiss edirəm. Şanslıyam, amma iş bununla bitmir, şansın yanına bəzi şeylər qoymaq da lazımdır. Mən bunları qoya biləcəyimə inanıram və özümə güvənirəm.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here