Manna aldım, qurd çıxdı…

502
Biz jurnalistlər, adətən, oxucu şikayətlərini işıqlandırır, onları narahat edən məsələləri gündəmə gətirib, tədbir görülməsinə nail olmağa çalışırıq. Amma bu dəfə vəziyyət fərqlidir. Söhbət ondan gedir ki, bu yazımda şahidi olduğum, özümün başına gələnləri yazacağam.
Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Favorit” marketindən “Çar” əmtəə nişanlı manna aldım. Amma bu dəfə gördüyümdən, doğrudan da, dəhşətə gəldim. Belə ki, uzun illərdir sosial sahədən yazan jurnalist kimi keyfiyyətsiz qidalar mövzusunda məqalələr yazıram. Belə bir halın ilk dəfə idi ki, şəxsən şahidi olurdum. Belə ki, qablaşdırılmış mannanı açıb baxanda məlum oldu ki, içi qurd və həşəratlarla doludur.

Təsəvvür edin, biz o qidanı hazırlayıb, uşaqlara yedirtmək istəyirdik. Amma içindən həşərat çıxdı…

“Məhsulların hamısını bir-bir açıb baxa bilmərik ki?”

Baş verənlərlə bağlı, əvvəlcə, “Favorit” marketlər şəbəkəsinin baş ofisinə zəng vurub, məlumat verdim. Bizi dinləyən baş ofisin əməkdaşı az sonra telefonun dəstəyini başqa bir şəxsə verdi. Özünü Rüfət kimi təqdim edən şəxs insafən, dediklərimi diqqətlə dinlədi, haqlı olduğumu da təsdiq elədi, ancaq daha sonra bildirdi ki, buna görə mağaza deyil, istehsalçı şirkət məsuliyyət daşıyır: “Biz sizi başa düşürük, narahatçılığınız anlaşılandır. Ancaq buna görə market məsuliyyət daşımır. Çünki biz mağazaya gətirilən məhsulların hamısını bir-bir açıb baxa bilmərik”.

Komitə araşdırma aparır

Rüfət adlı şəxsə əlimdə marketin verdiyi çekin olduğunu da xatırlatdım. O: “Sizin həmin məhsulu aldığınız mağazanın rəhbərliyinə zəng vurub məlumat verim, həmin məhsulu başqası ilə dəyişdirsinlər”, – dedi.

Təbii ki, mən o biri manna məhsullarının keyfiyyətini bilmədiyimdən razılaşmadım. Mövzu ilə bağlı Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinə də müraciət etdim. Qurumun əməkdaşları həmin məhsulu aktlaşdırıb götürdülər. Hazırda komitənin müvafiq şöbəsi bununla bağlı araşdırma aparır. Yaxın vaxtlarda qurumun bununla bağlı geniş açıqlama verəcəyi gözlənilir.

Nicat İntiqam