Manatla verilən qısamüddətli kreditlərdə problem daha böyükdür

Bu ilin ilk yarısına olan məlumata görə, ölkəmizdə fəaliyyət göstərən banklar tərəfindən ümumilikdə 16 milyard 755 milyon manat kredit verilib. 
Son bir ildə banklar tərəfindən verilən kreditlərin həcmi 21,6% və ya 2 milyard 981 milyon manat artıb. Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərdən məlum olur ki, bankların kredit qoyuluşları əsasən milli valyutada verilən uzunmüddətli kreditlər hesabına artıb. Belə ki, bu ilin birinci yarısında bu növ kreditlər 1 milyard 96 milyon manat artaraq 8 milyard 828 milyon manatdan 9 milyard 904 milyon manata yüksəlib. Eyni dövrdə, banklarda qısamüddətli kreditlər isə cüzi – 12,2 milyon manat artaraq 2 milyard 312 milyon manatdan 2 milyard 324 milyon manata qədər artıb. Bu ilin birinci yarısında xarici valyutada verilən qısamüddətli kreditlər 150 milyon manat artaraq 1 milyard 56 milyondan 1 milyard 206 milyon manata yüksəlib. Xarici valyutada verilən uzunmüddətli kreditlər isə 32 milyon manat artaraq 3 milyard 288 milyondan 3 milyard 320 milyon manata çıxıb.

Qeyd edək ki, qısamüddətli kreditlər 7 gündən -12 ayadək verilən kreditlərdir. Bu növ kreditlərin mənfi cəhəti faizlərinin yüksk olmasıdır. Uzunmüddətli kreditlər isə 12 aydan uzun müddətə verilən kreditlərdir.

İyun ayında bu il ərzində ilk dəfə olaraq problemli kreditlərin həcmi aşağı düşüb

Verilən kreditlərin 5,2%-i və ya 877,6 milyon manatı vaxtında geri qaytarılmayıb. MB-dən açıqlanan statistik göstəricilərdən belə görünür ki, vaxtında qaytarılmayan (problemli) kreditlər üzrə artım son bir ilə ərzində 12,2%-ə və ya 95,8 milyon manata bərabər olub. Ancaq onu da qeyd edək ki, hesabat dövrü ərzində problemli kreditlərin həcmi ümumi kreditlərə nisbətən aşağı düşüb. Belə ki, ötən ilin ilk iki rübünün nəticələrinə görə, problemli kreditlərin həcmi ümumi kreditlərin 5,7%-i səviyyəsində olub. Məlumat üçün onu da bildirək ki, iyun ayında bu il ərzində ilk dəfə olaraq problemli kreditlərin həcmi aşağı düşüb. Belə ki, may ayında həcmi 905 milyon manata çatan vaxtı keçmiş kreditlər, iyunda 27,4 milyon manat azalıb. Eyni zamanda milli valyuta ilə verilən 12 milyard 228 milyon manatlıq ümumi kreditlərin 5,7%-i və ya 695,4 milyonu, xarici valyuta ilə verilən 4 milyard 526 milyon manatlıq kreditlərin isə 4%-i və ya 182,2 milyonu vaxt keçmiş kreditlərin payına düşüb.

İyunda ödəmə vaxtı keçmiş kreditlərin azalmasının əsas səbəbi milli valyutada verilən qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin həcminin 37 milyon manat azalması olub. İyunda milli valyutada verilən uzunmüddətli kreditlər üzrə isə problemli kreditlərin həcmi 15,2 milyon manat artıb. Ümumilikdə bu ilin ilk yarısında milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin həcmi 2,5 milyon manat, milli valyutada verilən uzunmüddətli kreditlər üzrə isə 49,1 milyon manat artıb.

Problemli kreditlər baxımından ən pis vəziyyət manatla verilən qısamüddətli kreditlərdir. Belə ki, milli valyutada verilən 2 milyard 324 milyon manat qısamüddətli kreditin 297,2 milyon manatının və ya 12,7%-nin ödəmə vaxtı keçib. Qeyd edək ki, may ayında bu göstərici 334,3 milyon manat və ya 14,4% olub. Xarici valyutada verilən 1 milyard 206 milyon manatlıq  qısamüddətli kreditin isə 81,5 milyonunun və ya 6,7%-nin ödmə vaxtı keçib. Bundan başqa milli valyutada verilən 9 milyard 904 milyon manat uzunmüddətli kreditlərin 398,2 milyon manatının və ya 4%-nin, xarici valyutada verilən 3 milyard 320 milyon  manatlıq uzunmüddətli kreditin isə 100,7 milyonunun və ya 3%-nin ödəmə vaxtı keçib.

Allahverdi Cəfərov