Manatın “qatili” niyə cəzalandırılmır?

592

Son bir neçə aydır ölkənin bank sektorunda həyəcan təbili çalınır. Beynəlxalq maliyyə təşkilatlarından tutmuş yerli ekspertlərə qədər hər kəs təcili tədbirlərin görülməli olduğunu bildirir. Amma görünən odur ki, bu sektora cavabdeh olan qurumlar real addımlar atmaqda çətinlik çəkirlər. Bu sahəyə cavabdeh olan iki qurumdan biri – Mərkəzi Bank dolların məzənnəsini aşağı salmaqla məşğuldur. İkinci qurum – Maliyyə Bazarlarına Nəzarət Palatası isə dollarla kredit verilməsinin qarşısını almağa çalışır. Hesab eləyirlər ki, bu üsulla manata olan inamı bərpa edə biləcəklər. Dediyim kimi, son bir neçə aydır bu proses davam edir, amma ortada dəyişən heç nə yoxdur. Vəziyyət aydan-aya, hətta gündən-günə pisləşir. Kredit qoyuluşları azalır, manatla əmanətlər banklardan çıxarılaraq dollara çevrilir. İnsanlar artıq manata zərrə qədər olsun inanmırlar. “Moody’s” beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukova dünən bəyan edib ki, MDB məkanında xarici valyutada ən çox kredit verən ölkə Azərbaycandır. Bu o deməkdir ki, MDB-də öz puluna etibar etməyən ölkələrin başında Azərbaycan dayanır. Çünki heç bir ölkədə milli valyutaya qarşı bu cür “amansızlıq” edilmədi. Bir gecənin içərisində manatı 2 dəfədən çox dəyərsizləşdirmək bilirsiz nə deməkdir? Bu, manatın “qətl” edilməsidir, həm də “amansızlıqla”, “ağır işgəncələrlə” “qətl” etmək deməkdir. Bundan sonra hansı tədbir görülürsə görülsün, manata olan inamı geri qaytarmaq mümkün olmayacaq. Çünki manatı bu vəziyyətə salan şəxslər hələ də bu sahəyə rəhbərlik edirlər. Manatın “qətlində” iştirak edən şəxslərə necə inanmaq olar? Vəziyyətin düzəlməməsinin səbəbini, məncə, burada axtarmaq lazımdır. Banklar manatla kredit verə bilmir. Çünki banklarda manat qalmayıb və manatı olanlar da növbəti devalvasiyadan çəkinirlər. Banklar dollarla da kredit verə bilmir. Çünki qoymurlar, rəsmi qurumlar hər gün bir qadağa gətirir. Bəs bu bank necə pul qazanmalıdır? Ölkə iqtisadiyyatına haradan kredit cəlb olunmalıdır? Ölkə iqtisadiyyatı bu ilin ilk 4 ayında 4,5% geriləyib. Üstəlik, bu geriləmənin səbəbi neft və qaz olmayıb. Statistika Komitəsi deyir ki, geriləmənin əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının azalmasıdır. Yerli və beynəlxalq qurumların açıqladıqları statistik rəqəmlər vəziyyətin ürəkaçan olmadığını göstərir. Ancaq bu günə qədər buna görə bir nəfərə “gözün üstə qaşın var deyən” olmayıb. Problemin səbəbini soruşanda da deyirlər, bütün dünyada vəziyyət ağırdır. Amma izah etmirlər ki, dünyadakı “ağır vəziyyətlə” ölkənin bank sektorunda yaranmış ağır vəziyyət arasında nə əlaqə var. Camaat banklarda manatla əmanət saxlamaq istəmirlərsə, bunun qlobal iqtisadi böhranla nə əlaqəsi var? Bir də ki, bu qlobal iqtisadi böhran niyə elə həmişə ən çox bizə təsir edir? Uzağa getməyək, götürək bizimlə “eyni gündə” olan MDB ölkələrini. Bu ölkələrin hansının milli valyutası dollar qarşısında manat qədər dəyərsizləşdi. Səriştəsizliklərini ört-basdır etmək üçün ağıllarına gələn bəhanələri dilə gətirirlər. Amma mövcud vəziyyət onu göstərir ki, bu günə qədər deyilənlər və edilənlərin heç bir faydası yoxdur. Milli valyutaya olan inamı az da olsa bərpa etmək istəyirlərsə, manatı “qətl” edənlər cəzalandırılmalıdır. Bilirsiniz də, bəzi xalqlarda belə bir adət var: əgər bir şəxs öldürülərsə, onun qatili tapılıb öldürülmədikcə tərəflər arasındakı düşmənçilik davam edır. İndi manatla bağlı yaranmış vəziyyət də buna bənzəyir. Belə görünür ki, manatı “qətlə” yetirənlər cəzalandırılmadıqca bu “düşmənçilik” davam edəcək.

Allahverdi Cəfərov