Manatın monoloqu

416

– İki gün öncə mənim dəyərdən düşməyimin bir ayı tamam oldu.

Bəli, mən təxminən bir ay öncə (ötən ilin 21 dekabrında 47 faizlik devalvasiyaya uğradım) birdən-birə dəyərdən düşdüm. Sözün düzü, heç Dollar əmioğludan özümə qarşı belə sayğısızlıq gözləmirdim. O, birdən-birə məndən elə uzaqlaşdı ki… Nə yadına illərlə olan dostluğumuz düşdü, nə də onunla keçirdiyimiz o xoş günlər. Elə bil əzəldən aramızda heç bir bağlılıq yox imiş. Ay gidi dünya, gidi dünya…

Amma günah məndədir. Gərək Dollar əmioğlumun 2015-ci ilin əvvəlində vurduğu zərbədən sonra ayılaydım, ona göz-qulaq olaydım, başıma bir çarə qılaydım. Elə zənn etdim ki, o, bir daha mənə yaxınlaşmağa özündə cəsarət tapmaz. Amma, necə deyərlər, sən saydığını say, gör Dollar əmioğlu nələr sayır… Kim bilir, bəlkə bu, millətim kimi mənim də qonaqpərvər olmağımdan irəli gəlib. Deyəsən, fəlsəfi düşüncələrə daldım axı. Eh, heç belə düşüncələrin yeridir? (Camaat nə hayda, mən nə hayda).

Yaxşı dərk edirəm ki, belə düşməyimlə mən həm də sizin gözünüzdən düşdım. Siz də, maşallah, “şənimə” o qədər sözlər danışdınız ki, o qədər lətifələr, mahnılar qoşdunuz ki, o qədər fotolar, videoçarxlar yaydınız ki… Heç dövlətin atributunu da belə lağa qoyarlar? (Amma öz aramızdır, siz bununla xalq yaradıcılığına töhfələr vermiş oldunuz. Mənə elə gəlir ki, son 20 ildə folklorumuz bu qədər zənginləşməmişdi). Yox, mən buna görə sizi qınamıram, sizdən incimirəm. Bilirəm ki, bu və ya digər səbəblərdən hisslərinizi cilovlaya bilməmisiniz… Xüsusilə də dollarla aldığınız kreditlərə görə… Məhz belə etməklə siz psixoloji gərginliyinizi aradan qaldırmısınz. Yoxsa kim bilir, nələr baş verərdi.

A kişilər, siz elə bilirsiniz ki, mən öz xoşumla dəyərdən düşdüm, vallah-billah, yox. Hə, bir söz də deyim. Mənim belə düşməyimə görə bəziləri kimi əsla günahkar axtarmıram. Çünki zərərçəkmiş kimi mən daşın hansı tərəfdən atıldığını yaxşı bilirəm. Bəzi dövlətlər öz maraqlarına uyğun siyasət… bəli, bəli, siyasət aparmaq üçün neftin qiymətini aşağı salıb gərginlik yaratmadılarmı? Yaratdılar. Amma bir şeyi mütləq deməliyəm. Bu məsələdə ölkə iqtisadiyyatına cavabdeh olanları da məşhər ayağına çəkmək olardı. Çünki məhz onlar büdcə gəlirlərində neftin payını azaltmadılar. Azaltsaydılar, vallah, mənzərə başqa cür ola bilərdi. Ola bilərdi yox e, olardı.

Təbii ki, bu da mənə təsirsiz ötüşməyə bilməzdi. Mənə dəyən zərbə də istənilən sahədə özünü büruzə verdi: daxili bazarda 30-50 faizlik ciddi qiymət artımları oldu. Bütün bunlar da sizin o qədər də yaxşı olmayan sosial şəraitinizə mənfi təsir göstərdi. Bir tərəfdən də, bəzi işbazlar süni bahalaşma yaratmaqla bundan faydalanmaq eşqinə düşdülər. Vallah, sizin bu vəziyyətinizi görəndə ürəyim ağrıyır. Utandığımdan yerə girmək istəyirdim. Lakin bunu da mənə çox gördülər. Dedilər get, üz… İndi üzürəm… Hə, az qala unudacaqdım. Nə yaxşı ki, ölkə başçısı təcili müşavirələr keçirib, ciddi göstərişlər verməklə qısa zamanda devalvasiyanın ziyanlarını minimuma endirə bildi. Bununla həm də mən manatın məzənnəsinin dəyişməsindən sui-istifadə edib, pul qazanmaq istəyənlərin iştahına soğan doğradı. Buna da min şükür. Yoxsa, tamam urvatsız olardım.

Olan oldu. Başınıza dönüm, heç olmasa, məni bu səviyyədə saxlayın. Vallah-billah, mənim bu yerimdə möhkəmlənməyim, qalmağım sizdən asılıdır. Daha bundan da aşağı düşüb gərəksiz kağıza çevrilmək istəmirəm. Yalvarıram, nə olar, mənə yardım edin. İlk növbədə, sözüm sahibkarlaradır. Qoy onlar, heç olmasa, kənd təsərrüfatımızı inkişaf etdirsinlər ki, sabah kimlərsə çörəklə imtahan çəkilməsin. Bəli, indi mənim taleyim onların əlindədir. Onu da bilirəm ki, gömrük qaydalarını sadələşdirmədən, inhisarı ləğv etmədən, düzgün və ədalətli vergi sistemi tətbiq etmədən onlar məni xilas edə bilməyəcəklər. Əks halda, əziyyət çəkəcəyik. Yəni bunları “öldürmədən” məni enişimdən saxlaya bilməyəcəksiniz.

Bir də, ay camaat, sizdən xahiş edirəm. Xahiş edirəm ki, mənim düşməyimin qırxını qeyd etməyin. Çünki qorxuram ki, bunun düşər-düşməzi olar.

Qvami Məhəbbətoğlu