Manatın devalvasiyasından sonra avro 3,2% dəyərdən düşüb

489
Avro dünən 2003-cü ilin sentyabr ayından bu yana ilk dəfə 1,10 dollar səviyyəsindən aşağı – 1,0987 dollara düşüb. Daha sonrakı proseslərdə avro 1,1029 dollara qədər yüksəlib. 
Bu 2003-cü ildən bu yana görülən ən aşağı səviyyə kimi qəbul edilir. Avronun qiymətdən düşməsinə Avropa Mərkəzi Bankının Prezidenti Mario Draghinin dünənki açıqlamaları təsir göstərib. Draghi dünənki çıxışında Avropa Mərkəzi Bankının yumuşaq pul siyasəti çərçivəsində mənfi 0,2%-ə qədər olan istiqrazları satın alacağını bildirib. Draghi eyni zamanda AMB-nin istiqraz alışına martın 9-da başlayacağını da deyib. Avronun dollar və digər valyutalar qarşısında ucuzlaşması, paralel olaraq Azərbaycan Manatı qarşısında da ucuzlaşmasına səbəb olub. Azərbaycan Mərkəzi Bankının dünənə olan məzənnələrinə görə, bir gün əvvəl ilə müqayisədə avro manat qarşısında 0,0041 manat və ya 0,35% ucuzlaşaraq 1,1566 manat olub. Xatırladaq ki, 21 fevralda 1 avro 1,1950 manata bərabər idi. Bu isə o deməkdir ki, avro manatın 21 fevral tarixli devalvasiyasından sonra 3,2% dəyərdən düşüb. Dünən Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi də cüzi ucuzlaşıb. Ölkədə dolların rəsmi məzənnəsi 1,0490 manat səviyyəsində müəyyən edilib. Bu ötən gündən 0,0004 manat və ya 0,04% azdır. Qeyd edək ki, ekspertlər 1 avronun 1 dollara qədər ucuzlaşacağını proqnozlaşdırırlar. Belə olan halda avronun manat qarşısında daha da ucuzlaşacağını gözləmək olar.