“Manatın devalvasiyası üçün əsas yoxdur”

0
596

ABŞ Federal Ehtiyat Sistemi (FES) dekabrın 16-da nəhayət ki, uçot dərəcəsini 0,25% artıraraq 0,5%-ə çatdırıb. Bu qərar bazar iştirakçılarının 97%-i tərəfindən gözlənilən olub. Qərardan sonra maliyyə bazarlarının aktivlərində ciddi dəyişiklik qeydə alınmayıb. İstər valyuta, istər fond birjaları, istərsə də xammal qiymətləri cüzi dəyişikliklə kifayətlənib. Hazırda isə hamını maraqlandıran sual bundan sonra FES-in atacağı addımlar və bazarın buna reaksiyasıdır.

Qeyd edək ki, FES rəhbəri Cannet Yellen dünənki çıxışında ABŞ iqtisadiyyatının bərpa olunduğunu, lakin monetar siyasətin normallaşma prosesinin tədricən baş verəcəyini bildirib. O, hazırkı aşağı inflyasiya həddinin keçici olduğunu, əmək bazarındakı müsbət tendensiyanın davam etməsinin gec-tez inflyasiyanı artıracağını və ortamüddətli perspektivdə hədəf səviyyə olan 2%-ə çatacağını qeyd edib.

C.Yellen açıqlamasında uçot dərəcəsinin artırılması tempinə toxunaraq bildirib ki, faiz artımı iqtisadi yavaşlama şəraitində aşağı tempdə, iqtisadi artım yüksəldikdə isə onun dərəcəsinə uyğun olaraq daha sürətlə həyata keçirəcək. Bununla bərabər, qlobal maliyyə bazarının buna reaksiyası da nəzərə alınacaq.

Mərkəzi Bank: “FES-in qərarı bizim milli valyutamıza öz təsirini göstərəcək”

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib. AMB-dən APA-ya verilən məlumata görə, FES-in qəbul etdiyi qərar gözlənilən idi: “Şübhəsiz ki, FES-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək. Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə, dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik”.

Son zamanlar ictimaiyyət arasında manatın növbəti dəfə devalvasiyaya uğraması, habelə üzən məzənnəyə keçidlə bağlı müxtəlif fikirlər səslənir. FES-in qərarı isə bu söz-söhbətlərin daha da böyüməsinə səbəb ol bilər. Buna münasibət bildirən Mərkəzi Bank rəsmisi deyib: “Hələlik bununla bağlı nə isə demək çox çətindir, proses hazırkı axarı ilə davam edəcək. Bununla bağlı daxili müzakirələr aparılır. Hadisələr çox sürətlə dəyişir və onlardan asılı olaraq, hökumətlə razılaşdırılmış, planlaşdırılmış şəkildə Mərkəzi Bank öz məzənnə siyasətini həyata keçirəcək”. AMB rəsmisi ona da əlavə edib ki, hələlik bivalyuta səbətində dollar və avronun payında dəyişiklik gözlənilmir.

Məlumat üçün onu da qeyd edək ki, dünən Mərkəzi Bank mətbuatda yer alan məlumatdan sonra daha bir açıqlama verib. Həmin açıqlamada deyilir ki, Mərkəzi Bankın Mətbuat Xidmətinə daxil olmuş sorğular ilə bağlı bildiririk ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməmişdir: “Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir”.

Ekspert: “FRS-nin qərarı manatın devalvasiyası üçün heç bir əsas yaratmır”

ABŞ Federal Rezerv Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırması barədə qərarının dünya ölkələrinin milli valyutalarına və iqtisadiyyatlarına təsiri dünya mətbuatının əsas mövzusuna çevrilib. Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Samir Əliyev hesab edir ki, FRS-nin qərarı manatın devalvasiyası üçün heç bir əsas yaratmır:

”Fikirləşirlər ki, manatın devalvasiyası olacaq, ancaq FRS qərarının bu tipli təsiri yoxdur, sadəcə məzənnə dəyişikliyi kimi təsiri var. Bu gün manatın məzənnəsini bazar müəyyən etmir. Əgər manatın məzənnəsini bazar müəyyən etsəydi, yəni üzən məzənnə olsaydı, FRS-nin qərarından sonra biz görərdik ki, dollar manata münasibətdə təxminən bir faizə qədər dəyişib. Azərbaycanda dolların məzənnəsini Mərkəzi Bank müəyyən etdiyinə görə, FRS-nin qərarının manata birbaşa təsiri yoxdur”.

İqtisadçı ekspert Vüqar Bayramov da FRS qərarının Azərbaycan manatına ciddi təsir etməyəcəyi qənaətindədir. V.Bayramov bildirib ki, FRS-nin qərarı heç də manatın kəskin itirəcəyi ilə bağlı əsas yaratmır: “Psixoloji təzyiqin artacağı gözlənilir, çünki FRS-nin hansı qərar qəbul edəcəyi uzun müddət idi ki, Azərbaycan cəmiyyətində müzakirə olunurdu. Hətta manatın məzənnəsini FRS-nin qərarı ilə əlaqələndirməyə çalışırdılar ki, bu da cəmiyyətdə manatla bağlı müəyyən psixoloji fikrin formalaşmasına gətirib çıxarmışdı. Bu baxımdan manata psixoloji təzyiq artacaq, amma iqtisadi baxımdan FRS-nin qərarı manata ciddi təsir etmir. Çünki Azərbaycanda valyuta bazarı inzibati yolla tənzimlənir. Azərbaycanda FRS-nin siyasəti tətbiq edilmir. Bu baxımdan manatın növbəti dövrlərdəki məzənnəsi Azərbaycan Mərkəzi Bankının qərarından və onun həyata keçirdiyi alətlərdən asılı olacaq