Manatın bundan sonrakı məzənnəsi necə olacaq?

672
İqtisadçı-ekspert Samir Əliyev: “Manatın taleyini neftin qiyməti həll edəcək. Neftin qiyməti 50 dollardan aşağı düşməzsə və ya fövqəladə hadisə baş verməzsə, ilin sonuna kimi manat 10-15% daha ucuzlaşacaq”.
 

Ötən həftənin şənbə günü dolların məzənnəsi milli valyutamız qarşısında tarixi zirvəyə yüksəldi. Daha doğrusu Mərkəzi Bankın qərarı ilə manatın məzənnəsi dollar və digər valyutalar qarşısında aşağı salındı. Mərkəzi Bankın bu gün (dünən-red.) açıqladığı rəsmi məzənnələrə görə 1 dollar 1 manat 5 qəpik səviyyəsində olub. Bu kurs son 3 gündür dəyişilmir. Bu 3 gün ərzində manatın ucuzlaşdırılmasının səbəbləri və nəticələri barədə çox danışılır. Ekspertlər müxtəlif fikirlər səsləndirirlər. Son 3 gün ərzində səslənən fikirləri bir araya toplasaq ortaya çıxan mənzərə odur ki, manatın ucuzlşamasında neftin dünya bazarındakı qiyməti həlledici olub. Hazırda xam neftin 1 bareli dünya bazarında 60 dollara satılır. Ancaq 2015-ci ilin dövlət büdcəsində neftin bir bareli 90 dollardan hesablanıb. Nəzərdə tutulan qiymətlə real qiymət arasında 33,3% fərq var. Bu isə o deməkdir ki, bu cür davam edərsə dövlət büdcəsində neftdən daxil olan gəlirlərdə 33,3% azalma olacaq. Bu azalmanın olmaması üçün manatın məzənnəsi dollar qarşısında eyni nisbətdə 33,3% ucuzlaşdırıldı. Bildiyimiz kimi ötən həftənin cümə günü, yəni ayın 20-də 1 dollar 0,7862 manat olub. Bir gün sonra isə şənbə günü, 21 fevralda 1 dollar 1,05 manata yüksəlib. Aradakı fərq 0,2638 manat və ya 33,3% təşkil edir. Qeyd edək ki, bu ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat nəzərdə tutulub və bunun 10 milyard 388 milyon manatı Neft Fondundan transfertlər, 2 milyard 300 milyon manatı isə neft sektorundan toplanan vergilər hesabına formalaşacaq. Ümumilikdə neftin satışından büdcəyə daxil olacaq vəsait 12 milyard 688 milyon manat edir. Bu isə o deməkdir ki, ayın 20-dəki məzənnə ilə büdcəyə 16 milyard 138 milyon dollar, ayın 21-dəki məzənnə ilə 12 milyard 83 milyon dollar vəsait daxil olmalıdır ki, büdcədə kəsr olmasın. Beləliklə məzənnə dəyişikliyi nəticəsində ortadakı 4 milyard 55 milyon dollarlıq və ya 33,3%-lik kəsr ortadan qaldırılmış olur. Dövlət büdcələrinin yarıdan çoxu neft hesabına formalaşan ölkələrdə belə addımlar zaman-zaman atılır. Bunun ən son nümunəsi Rusiyada müşahidə olundu. Rusiyada rublun dollar qarşısında ucuzlaşmasının əsas səbəbi də dövlət büdcəsində neft gəlirlərini artırmağa yönəlib. Bəs, manatın dollar qarşısındakı məzənnəsi bundan sonra necə olacaq? Yuxarıdakı rəqəmlərə və bu rəqəmlər arasındakı fərqə baxdığımız zaman manatın məzənnəsinin neftin dünya bazarındakı və büdcədəki qiymətləri arasındakı nisbət əsasında müəyyən ediləcəyini görmək olar. Məsələn, dünya bazarında neftin qiyməti 70 dollar olarsa (16,6% bahalanar), dolların məzənnəsi 0,875 manata qədər düşə bilər (16,6% ucuzlaşar). Neftin qiyməti 50 dollara düşərsə (16,6% ucuzlaşar), o zaman dolların məzənnəsi 1,225 manata qədər yüksələ bilər (16,6% bahalanar).

… və ən çox nələr bahalanacaq?

Dolların yüksəlməsi ölkəyə gətirilən məhsulların eyni nisbətdə bahalanması deməkdir. Əvvəllər xaricdən gətirdiyimiz 100 dollarlıq məhsula 78 manat 62 qəpik xərcləyirdiksə, hazırda 105 manat xərcləyirik. Bu da idxal məhsullarının 33,3% bahalanması deməkdir. İdxal məhsullarından hər birimizin istefadə etdiyini nəzərə alsaq dövlət büdcəsindəki 4 milyard dollarlıq kəsirin ödənilməsində hər birimizin payı olacaq. Əhalinin 9,5 milyon nəfər olduğunu nəzərə alsaq büdcə kəsirini ödəmək üçün orta hesabla adambaşına il ərzində 420 dollar ödəyəcəyik. Çox pul xərcləyənlər daha çox, az xərcləyənlər də az ödəyəcəklər. Bəs, hansı məhsullar daha çox bahalana bilər? Azərbaycana hansı məhsullar daha çox idxal olunursa, həmin məhsullar da daha çox bahalanacaq. Gömrük Komitəsinin məlumatına görə, xarici ölkələrdən ən çox maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri gətirilib. Satın aldığımız bu məhsullar ümumi idxalın 28%-nə bərabərdir. Məlumdur ki, Azərbaycanda  elektrik aparatları və avadanlıqlarının istehsalı yox səviyyəsindədir. Mobil telefondan, planşetdən tutmuş, paltaryuyan maşına, soyuducuya kimi xaricdən gətirilir. Bunların hamısının qiyməti bahalanacaq. Bunlardan başqa xaricdən ən çox avtomobil gətiririk və onların da qiyməti artacaq. Tütün və tütün məhsulları, əczaçılıq məhsulları da çox idxal etdiyimiz məhsullar arasındadır ki, bunlarında qiyməti yüksələcək. Ərzaq məhsullarından ən çox buğda idxal edirik və bu da ilin sonuna kimi çörəyin bahalanması deməkdir. Manatın məzənnəsi yenidən yüksəlməzsə, sadaladığımız məhsulların və digər idxal məhsullarının qiyməti artacaq.

Allahverdi Cəfərov