Manatımızın dünəni və bu günü

0
257

 

Bu gün Azərbaycanın milli valyutasının – manatın dövriyyəyə buraxılmasından 26 il ötür

Milli valyuta dövlət müstəqilliyinin əsas atributlarından biridir. Bu baxımdan yenidən müstəqilliyini bərpa etmiş ölkəmizdə 1992-ci il avqustun 15-də Azərbaycan manatının (1, 10, 250 manatlıq əskinaslar) dövriyyəyə buraxılması mühüm hadisə idi. Həmin ilin noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq, 1993-cü ilin martında 50, 100, 500, 1000 manatlıq pul vahidləri də tədavülə buraxıldı. Lakin dövriyyəyə buraxıldığı ilk illərdə manat ölkədə yeganə ödəniş vasitəsi deyildi, o, dövriyyədə köhnə sovet rublu ilə paralel fəaliyyət göstərirdi. Yəni 1 manat 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu.

Ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı ilə manatın respublika ərazisində yeganə ödəniş vasitəsi olması təsbit edildi və ölkəmiz rubl zonasından tamamilə çıxdı. Manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul edilmiş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı. Bütün bunlar manatın məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi üçün münbit şərait yaratdı.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən manatın denominasiyası həyata keçirildi və tədavülə yeni nəsil pul nişanları buraxıldı. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu. Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanmışdır. Yəni yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilmişdir. Həmin kağız və metal pul nişanları ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, müstəqillik illərində dinamik inkişafını özündə əks etdirirdi. Mərkəzi Bankın məlumatına görə, köhnə nəsil əskinaslardan fərqli olaraq, yeni əskinaslarda optik dəyişən və s. müasir mühafizə elementlərindən də istifadə olunub.

13 il müddət keçməsinə baxmayaraq, milli pul nişanlarımız estetik görünüşünə, müasirliyinə görə öz aktuallığını qoruyur. Ölkədə həyata keçirilən denominasiyanı yüksək qiymətləndirən Prezident İlham Əliyev yüksək beynəlxalq standartlara cavab verən pul nişanlarının dövriyyəyə buraxılmasını həyata keçirilən mühüm milli layihələrdən biri olduğunu bildirmişdir.

Qeyd edək ki, bu ilin may ayında 200 manat dəyərində yeni əskinas da dövriyyəyə daxil edilib. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunub.

Milli Məclisin deputatı Vahid Əhmədov “İki sahil”ə bildirib ki, XX əsrin sonunda Azərbaycanın yenidən müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirib: “Bununla ölkəmiz  müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə edib ki, bu da qısa müddətdə ölkə iqtisadiyyatının inkişafina öz töhfəsini verib”.

Milli Məclisin deputatı daha sonra qeyd edib ki, ötən dövr ərzində müəyyən proseslər gedib: “Manata müəyyən zərbələr olub. Amma hazırda manat stabil olaraq qalmaqdadır. Halbuki qonşu dövlətlərdə – Türkiyədə, Rusiyada, İranda milli valyuta ilə bağlı ciddi problemlər yaşanır, yəni onların valyutaları dollar ilə müqayisədə ucuzlaşır. Bizim ölkədə isə bu istiqamətdə düzgün siyasət aparıldığı üçün belə bir təhlükə gözlənilmir. Belə ki, bizdə pul kütləsinə lazımi səviyyədə nəzarət mexanizmi həyata keçirilir, neftin qiyməti yüksəkdir, ötən il idxal-ixrac əməliyyatlarında da müsbət saldo olub. Bu tendensiya bu il də davam etməkdədir. Belə ki, birinci rübün nəticələrinə görə ölkədə iqtisadiyyat 2,3 faiz artıb, iqtisadiyyata 3,5 milyard dollar investisiya qoyulub. Nəticədə valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,3 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsi 31 faiz, ixracın həcmi 24 faiz artıb. İnflyasiya birinci rübdə cəmi 4 faiz olub, əhalinin gəlirləri isə 10 faiz artıb. Hazırda dünya bazarlarında Azərbaycan nefti 70 dollardan baha satılır. Digər tərəfdən ölkəmiz artıq iqtisadi artım dövrünə qədəm qoyub və bir sıra nüfuzlu beynəlxalq reytinq agentliklərinin proqnozlarında da qeyd edilir ki, Azərbaycanda iqtisadi artım davam edəcək. Odur ki, mən manatla bağlı elə bir ciddi problemlər görmürəm”.

Qvami Məhəbbətoğlu