Manatı gözləyən təhlükə

“Hazırda daşınmaz əmlak bazarında əmlak satan satıcılar devalvasiya nəticəsində manatın dəyərdən düşməsini kompensasiya etməyə çalışırlar. Bunun üçün onlar müxtəlif kombinasiyalardan istifadə edirlər”. Bunu daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirib. Onun sözlərinə görə, devalvasiyadan sonra daşınmaz əmlak bazarına diqqət xeyli artıb: “Bu diqqət özünü daha çox qiymət sorağında göstərir. Ancaq real alqı-satqı əməliyyatlarının sayının artmasından danışmaq tezdir. Araşdırmalarımız göstərir ki, alıcı qismində çıxış edənlərin əksəriyyəti əlində külli miqdarda manat olan şəxslərdir. Onlar mənzili almaqla manatın dəyərdən düşməsini sığortalamaq istəyirlər. Ancaq hələki real tələbdən söhbət getmir. Çünki onların mənzillərin qiyməti ilə maraqlanması qəti qərara gəlmələri demək deyil. Onlar pulu dollara çevirməyi və ya banka manatla depozitə qoymağada qərar verə bilərlər. Manatı gözləyən təhlükə, yəni devalvasiya artıq baş verib və bundan sonra manatı nədən qorumaq istədikləri aydın hiss olunmur. Əldəki vəsaiti qorumaq üçün 10-15% bahalaşmış mənzilin alınmasını anlamaq olar, ancaq 25-35% bahalaşmış mənzilin alınması anlaşılan deyil. Bazarda panika azaldıqca alıcılar artıq daha məntiqli addımlar atmağa başlayacaqlar. Hər şey manatın gələcək devalvasiya gözləntilərindən asılı olacaq…”

 Devalvasiyadan sonrakı dövrdə daşınmaz əmlakın qiyməti necə olacaq?

Ekspert bu qənaətdədir ki, dollar ifadəsində qiymətlərin enişini görən potensial alıcılar daşınmaz əmlakın hansı anda alınması haqda düşünəcəklər: “Əgər məlum olsa ki, devalvasiyadan sonra qiymətlər dollar ifadəsində 10% aşağı düşub, bu halda onlar daha çox gözləmə mövqeyi tutmağa üstünlük verəcəklər. Bu halda bank depozitinə pul qoyuluşu daha cəlbedici görsənir. Bazara giriş üçün ən azı 20-25%-lik qiymət enməsi müşahidə edilməlidir. Fikrimizcə, daşınmaz əmlak bazarında ilin sonuna kimi qiymət dəyişikliyi devalvasiyadan sonrakı dövrdə aşağıdakı ssenari üzrə ola bilər: 1. Dollarla ifadə olunmüş qiymətlər üzrə: 10% – 25% enmə. Ən çox enmə likvidliyi aşağı olan obyektlərdə olacaq.

2. Gözlənilməz hadisələr olmayacağı təqdirdə manatla ifadə olunmüş qiymətlər üzrə: 11% – 27% artım. Ən çox artım yüksək likvidliyə malik əmlaklar üzrə olacaq”.

Daşınmaz əmlakın qiyməti 3 amildən- neftin

qiyməti, bank sektorunun vəziyyəti və manatın gələcək məzənnəsindən asılı olacaq

“Orta qiymətlərin bu intervaldan kənara çıxması ehtimalı 3 amildən asılı olacaq: neftin qiyməti, bank sektorunun vəziyyəti və manatın gələcək məzənnəsi”, -deyən ekspertin sözlərinə görə, neftin qiymətinin ilin sonuna kimi 80-100 dollar intervalına qayıtsa qiymətlər həm manat, həm də dollar ifadəsində qalxmağa başlayacaq: “Bank sektorunun ümumi sabitliyi də qiymətlərə təsir edəcək. Çünki bank depozitləri investisiya aləti kimi daşınmaz əmlakın ən əsas rəqibidir. Bank sektorundakı vəziyyətin pisləşməsi nəinki depozitlərin investisiya cəlbediciliyini azalda bilər, həm də milyardlarla manatın ordan daşınmaz əmlak bazarına gəlməsinin nəticələrini sizdə təsəvvür edə bilərsiniz. Bununla yanaşı hesab edirik ki, bank sektorundakı durumun nəzarətdən çıxmasını proqnozlaşdırmırıq. Manatın məzənnəsinin sabitliyi də mühüm məsələdir. Yumşaq devalvasiya gözləntilərinin mövcudluğu bazarda manatla ifadə olunmuş qiymətlərin artımına səbəb ola bilər, ancaq dollar ifadəsində olan qiymətlərə ciddi təsir göstərə bilməyəcək”.