Manat üçün devalvasiya təhlükəsi varmı?

491

Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatları 127,2 milyon dollar və ya 3,08% azalaraq 4 milyard 5,5 milyon dollara düşüb. “Yeniavaz.az” Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, valyuta ehtiyatlarının həcmi 8 il 9 ay əvvəlki səviyyəyə enib. Belə ki, Mərkəzi Bankın valyuta ehtiyatları sonuncu dəfə 2008-ci ilin yanvar ayında bu səviyyədə olub. Ötən bir il ərzində isə valyuta ehtiyatları 2 milyard 829 milyon dollar və ya 41,4% azalıb. 2015-ci ilin noyabr ayının əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 834,6 milyon dollar həddində olub. Cari ilin əvvəli ilə müqayisədə isə valyuta ehtiyatları 1 milyard 11 milyon dollar və ya 20,2% aşağı düşüb.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.
Onu da bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyyatları 2008-ci il ərzində 2 dəfəyə yaxın (45%) artaraq 3 milyard 370,4 milyon dollardan 6 milyard 137 milyon dollara qədər yüksəldiyi halda, 2009-cu ildə 15,9% və ya 976 milyon dollar azalaraq 5 milyard 161 milyon dollara düşüb. Bundan başqa, valyuta ehtiyatları 2010-cu ildə 19,5% və ya 1 milyard 245,9 milyon dollar artaraq 6 milyard 407 milyon dollara, 2011-ci ildə isə 63,5% və ya 4 milyard 73,9 milyon dollar artaraq 10 milyard 481,5 milyon dollara yüksəlib. 2012-ci idə isə 11,5% və 1 milyard 213,3 milyon dollar artaraq 11 milyard 694,8 milyon dollara çatıb. 2013-cü ildə isə artım 35% və ya 3 milyard 670,5 milyon dollar təşkil edib. 2014-cü ildə 2,8% və ya 393,7 milyon dollar azalaraq 13 milyard 758,3 milyon dollara düşüb. Ötən il isə azalma 2,7 dəfə və ya 8 milyard 741,6 milyon dollar təşkil edib.
Noyabrda dollara tələbat oktyabr ayındakından çox olmayacaq
Mərkəzi Bankın valyuta ehtiyatlarının oktyabr ayı ərzində azalması milli valyutanın yenidən dollar qarşısında dəyərdən düşəcəyi ilə bağlı müzakirələrə səbəb olub. Eyni zamanda ötən gün dolların məzənnəsinin manat qarşısında tarixi zirvəyə (1 dollar – 1,490 manat) yüksəlməsi mövzunu yenidən aktuallaşdırıb. Bəs görəsən, manat üçün yeni devalvasiyası təhlükəsi nə qədər realdır? İlk növbədə qeyd edək ki, oktyabr ayında valyuta ehtiyatlarının 100 milyondan çox azalması bu il ərzində ilk dəfə qeyd alınmayıb. Yanvar ayında valyuta ehtiyatları daha çox – 372,2 milyon dollar azalıb. İyul ayında da 121 milyon dollar azalma olub. Belə görünür ki, oktyabr ayındakı azalmanın əsas səbəbi bağlanan banklar tərəfindən əhaliyə ödənilən kompensasiyaların dollara çevrilməsi ilə bağlıdır. Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabr ayında əmanətçilərə 390 milyon manata yaxın kompensasiya ödənilib ki, bunların da bir hissəsi sonradan dollara çevrildiyindən dollara təlabat artıb. Noyabr ayının 1-nə olan məlumata görə, əmanətçilərə ümumilikdə 650 milyon manat kompensasiya ödənilib. Bu isə o deməkdir ki, bağlanan banklarda saxlanılan əmanətlərin böyük hissəsi geri qaytarılıb. Məsələn, əmanətlərin ən çox saxlanıldığı “Bank Standard”da 460 milyon manat həcmində qorunan əmanət olub ki, bunun da artıq 368 milyon manatı geri qaytarılıb. Yaxın günlərdə qaytarılması gözlənilən təxminən 100 milyon manata yaxın əmanət var. Bu isə onu deməyə əsas verir ki, noyabrda dollara tələbat oktyabr ayındakından çox olmayacaq. Bu isə onu deməyə əsas verir ki, qarşıdakı günlərdə dolların bahalanacağı ilə bağlı əsas yoxdur.
Mövcud tələbi qarşılaya bilmək üçün kifayət qədər valyuta ehtiyatları mövcuddur
Dolların bahalanacağı ilə bağlı əsasın olmaması həm də onunla bağlıdır ki, valyuta bazarının dollara olan tələbini əsasən Neft Fondu qarşılayır. Neft Fondunda isə mövcud tələbi qarşılamaq üçün kifayət qədər vəsait var. Neft Fondundan verilən məlumata görə, bu ilin ilk 9 ayı ərzində Neft Fondu 2016-cı il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 3 milyard 260 milyon manat vəsait transfert edib. Bu isə o deməkdir ki, növbəti 3 ay ərzində dövlət büdcəsinə ediləcək transfertin həcmi 2 milyard 740 milyon manat təşkil edəcək.
Yəni mövcud məzənnə ilə Neft Fondu 3 ay üçün bazara 1 milyard 660 milyon dollardan çox vəsait çıxardacaq. Bu isə o deməkdir ki, mövcud tələbi (ayda 400-500 milyon dollar) qarşılaya bilmək üçün kifayət qədər valyuta ehtiyatları mövcuddur.
Dolların məzənnəsi ilə bağlı qərar verilərkən təkcə tələb və təklif nəzərə alınmır
Ancaq onu da qeyd edək ki, sadaladığımız rəqəmlər və arqumentlər manatı “qorumaya” bilər. Ötən il ərzində baş verən məlum devalvasiyalar zamanı da dollara olan tələbi qarşılamaq üçün kifayət qədər valyuta ehtiyatları mövcud idi. Ancaq buna baxmayaraq dolların məzənnəsi kəskin şəkildə qaldırıldı. Yaşadığımız bu təcrübə onu göstərir ki, dolların məzənnəsi ilə bağlı qərar verilərkən təkcə tələb və təklif nəzərə alınmır. Dolların məzənnəsinin artmasına ticarət tərəfdaşımız olan ölkələrin, xüsusən də Rusiyanın milli valyutası – rublun dollar qarşısındakı məzənnəsi ciddi təsir göstərir. Xatırlayırsınızsa, ötən ilin dekabr ayının 21-də baş verən devalvasiya zamanı Rusiya rublunun məzənnəsi dollar qarşısında kəskin şəkildə ucuzlaşmışdı. Bu ilin yanvar ayında 1 dollar 80 rubldan baha satılırdı. Ancaq sonrakı aylarda rublun dollar qarşısındakı dəyəri artdı. Hazırda 1 dollar 63-64 rubl arasında dəyişir və göründüyü kimi ilin əvvəli ilə müqayisədə aşağıdır. Bu da manatın dollar qarşısında kəskin bahalamayacağını deməyə əsas verən səbəblərdən biridir.
Bağlanan hər bir bank valyuta bazarında tələb-təklif balansını poza bilər
Qeyd etdiyimiz tələb, təklif və xarici amillər (indiki halda Rusiya rublunun məzənnəsi) dolların bahalanması üçün əsas vermir. Amma hazırkı məqamda qeyd etdiyimiz hər 3 amil çox qısa müddətdə manatın əleyhinə çevrilə bilər. Bildiyimiz kimi, indiyə kimi 10 bankın fəaliyyəti dayandırılıb və ehtimal olunur ki, bu proses davam edəcək. Belə olan halda bağlanan hər bir bank valyuta bazarında tələb-təklif balansını poza bilər. Nəzərə alsaq ki, indiyə qədər daha çox kiçik banklar bağlanıb, deməli bundan sonra bağlanacaq banklar daha böyük kapitala sahib banklar olacaqlar. Bu da valyuta bazarına ciddi təsir edə bilər. Qısa müddətdə manatın əleyhinə çevriləcək amilərdən biri də xarici ticarət tərəfdaşımız olan ölkələrin (daha çox Rusiya və Türkiyə) milli valyutalarının dollar qarşısında dəyərdən düşməsi ola bilər.
Allahverdi Cəfərov