Manat təzyiqlərə davam gətirə biləcəkmi?

441
Ötən ay Mərkəzi Bankın  valyuta ehtiyatları 1 milyard 77,5 milyon dollar və ya 7,8% azalaraq 12 milyard 680,8 milyon dollara düşüb. 
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara  yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə ötən ilin dekabr ayında baş verib. Noyabr ayı ilə müqayisədə dekabr ayında valyuta ehtiyatları 1 milyard 238 milyon dollar və ya 8,2% azalıb. Nəticədə son 2 ayda valyuta ehtiyatları 2,3 milyard dollar aşağı düşüb. Son bir il ərzində isə 1 milyard 539 milyon dollar və ya 10,8% azalıb.  Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2009-cu il istisna olmaqla ötən illər ərzində heç vaxt azalmayıb. Mərkəzi Bankdan açıqlanan statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, ötən il ərzində valyuta ehtiyatları 2,8% və ya 393,7 milyon dollar azalıb.

Məlumat üçün onu da bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyyatları 2008-ci il ərzində 2 dəfəyə yaxın (45%) artaraq 3 milyard 370,4 milyon dollardan 6 milyard 137 milyon dollara qədər yüksəldiyi halda, 2009-cu ildə 15,9% və ya 976 milyon dollar azalaraq 5 milyard 161 milyon dollara düşüb. Bundan başqa, valyuta ehtiyatları 2010-cu ildə 19,5% və ya 1 milyard 245,9 milyon dollar artaraq 6 milyard 407 milyon dollara, 2011-ci ildə isə 63,5% və ya 4 milyard 73,9 milyon dollar artaraq 10 milyard 481,5 milyon dollara yüksəlib. 2012-ci idə isə 11,5% və 1 milyard 213,3 milyon dollar artaraq 11 milyard 694,8 milyon dollara çatıb. 2013-cü ildə isə artım 35% və ya 3 milyard 670,5 milyon dollar təşkil edib. Ötən il isə qeyd etdiyimiz kimi 2,8% və ya 393,7 milyon dollar azalaraq 13 milyard 758,3 milyon dollara düşüb.

Valyuta ehtiyatları niyə azalır?

Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması satış yönlü müdaxilələr və “valyuta diversifikasiyasından irəli gələn amillər” ilə bağlıdır. Mərkəzi Bank daha əvvəl bəyan etmişdi ki,  dekabr ayında qonşu ölkələrdə, xüsusilə Rusiya Federasiyasında valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması, o cümlədən digər qonşu olkələrdə milli valyutaların məzənnəsinin əhəmiyyətli düşməsi Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərmişdir. Nəticədə 2014-cü ilin dekabr ayının ortalarında ABŞ dollarına tələbat yaranmış və bazarda yaranan yeni durumu tənzimləmək üçün öz funksiyasına uyğun olaraq Mərkəzi Bank qeyri-nağd və nağd şəkildə bazara 1 milyard 127 milyon dollar məbləğində satış yönlü müdaxilə etmişdir. Nəticədə manatın sabitliyi qorunmuşdur.

Mərkəzi Bankın açıqlamasında qeyd edilirdi ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının ümumi həcminin statistik azalması isə valyuta ehtiyatlarının idarə edilməsi strategiyasına uyğun olaraq valyuta diversifikasiyasından irəli gələn amillərlə bağlıdır. Belə ki, valyuta ehtiyatları Mərkəzi Bankın investisiya strategiyasına uyğun olaraq ehtiyatların qorunması və gəlirliliyin təmin edilməsi məqsədilə ABŞ dolları ilə yanaşı, əsasən avro və ingilis funt sterlinqi olmaqla müxtəlif sərbəst dönərli valyutalara diversifikasiya olunaraq idarə olunur. Məhz buna görə də ABŞ dollarının bu valyutalara qarşı möhkəmlənməsi təbii olaraq ABŞ dollarında yenidənqiymətləndirmə nəticəsində ehtiyatların nisbi dəyərinin dəyişməsinə gətirib çıxarır.

Mərkəzi Bank açıqlamalarında neft amılinə toxunmasa da valyuta ehtiyatlarının azalmasına dünya bazarlarında xam neftin kəskin şəkildə ucuzlaşması və buna müvafiq olaraq da gəlirlərin azalması da təsir edib. Bildiyimiz kimi, son 5-6 ay ərzində dünya bazarlarında xam neftin dəyəri sürətlə aşağı düşür. 2014-cü ilin ortalarında 1 bareli 115 dollara satılan xam neftin qiyməti 2 dəfədən çox azalaraq hazırda təxminən 50 dollara satılır. Bu isə neft ixrac edən ölkə olaraq Azərbaycana təsir etməyə bilməz. Neft gəlirlərinin azalması isə öz növbəsində ölkəyə daxil olan valyutanın (dolların) azalmasına gətirib çıxarır.

Mərkəzi Bank üçün yeganə çıxış yolu – manatın dollar qarşısında ucuzlaşmasına razı olmaqdır

Son 2 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatlarının 15%-ə yaxın azalması onu deməyə əsas verir ki, azalma tempi bu cür davam edərsə ilin sonuna kimi valyuta ehtiyatları tamamilə tükənə bilər. Eyni zamanda bu il Neft Fondunun büdcəsinin gəlirləri 10 milyard 246 milyon 611,9 min manat, xərcləri isə 11 milyard 813 milyon 909,2 min manat olacaq. Bu isə o deməkdir ki, Neft Fondunun büdcəsi də kəsrlə icra olunacaq. Belə olan halda da Neft Fondunun vəsaitlərindən istifadə imkanları da məhdudlaşır. Bildiyimiz kimi dolların digər valyutalar qarşısında bahalanmasının səbəbi neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Əgər neftin qiyməti yaxın zamanlarda yüksəlməzsə dolların ucuzlaşma ehtimalı da az olacaq.

Bu halda isə Mərkəzi Bank üçün yeganə çıxış yolu – manatın dollar qarşısında ucuzlaşmasına razı olmaqdır. Onu da qeyd edək ki, dollara tələbin artmasında ötən ay Prezidenti İlham Əliyevin manatın həddindən artıq bahalaşmasına etiraz etməsi də həlledici olub. Ölkə başçısı ötən ay “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib ki, dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır: “Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq”. Dövlət başçısı bildirib ki, bir manat bir avrodan daha qiymətlidir və bahalıdır: “Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil”. Dövlət başçısı deyib ki, bu vəziyətdə 1 manat 1 avroya bərabər olmalıdır: “Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”. Prezidentin bu açıqlamasından sonra insanlar belə düşünməyə başladılar ki, avro tezliklə bahalanacaq. Avronun bahalanması üçün isə dolların da bahalanması lazımdır. Ehtimal etmək olar ki, bu da valyuta bazarında dollar və avroya olan tələbi bir qədər də yüksəldib. Artan bu tələbi qarşılamaq üçün də Mərkəzi Bank dövriyyəyə hər ay 1 milyard dollardan çox vəsait buraxmalı olur.

Allahverdi Cəfərov