“Manat… daha da ucuzlaşacaq”

698

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə sənədi imzalayıb. Sənədə əsasən, nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks etdirilir. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.

Əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılır. Məzənnənin dəyişdirilməsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla) şöbənin qeydiyyat jurnalında qeydə alınır və şöbədə quraşdırılmış lövhədə əks etdirilir. Məzənnənin müəyyən edilməsi barəsində sənəd mübadilə şöbəsində günün sənədlərinə tikilir. Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır. Mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

“Mərkəzi Bank əslində tələb artdığı halda manatın ucuzlaşmasına start verdi”

“Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın dəyişdirilməsinə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, Mərkəzi Bankın yeni addımı “qara bazar”ın yaranmasına təkan verəcək. Vüqar Bayramov bildirib ki, bu addımla Mərkəzi Bank dollara olan tələbi inzibatı yol ilə tənzimləməyə və öz valyuta ehtiyatlarına qənaətə etməyə çalışır. Amma kifayət qədər kiçik məbləğin limit kimi seçilməsi valyuta satışında ciddi çətinliklər yaradacaq. Belə ki, şəxsiyyət vəsiqəsi ilə dolların satılması valyuta dəyişmə məntəqələri üçün əlavə zaman alacaq və bu onların işini çətinləşdırəcək. Nəticədə valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələrin yaranacağı gözlənilir. Bu qərarın icrasında ən böyük risk “qara bazarın” yaranması ilə bağlıdır. Şəxsiyyət vəsiqəsi və ya növbəyə dayanaraq dollar almaq istəməyənlər “qara bazar”da daha yüksək kursla valyuta almaq məcburiyyətində qala bilərlər. Çünki qeydiyyatsız valyuta almaq istəyənlər qeyri-leqal yollar axtaracaq. Şəxsiyyət vəsiqəsi ilə dolların satılmasının 500 dollar deyil, daha yüksək məbləğdə olması daha məqsədəuyğun idi. Xarici valyutaya tələbin hər gün artdığını nəzərə aldıqda Mərkəzi Bankın 500 dollarlıq limiti seçməsi doğru qərar deyil. Xarici valyutaya tələb yüksək olduğu üçün ən azı 5000 dollardan artıq valyutanın alınmasına görə şəxsiyyət vəsiqəsinin tələb olunması daha məqsədəuyğun idi.

Onun fikrincə, “qara bazar”ın yaranmaması üçün Mərkəzi Bank valyutadəyişmə məntəqələrini və bankları xüsusi avadanlıqla təmin etməlidir ki, şəxsiyyət vəsiqəsi ilə dollar alışı vaxt aparmasın. Bir sıra inkişaf etmiş ölkələrdə şəxsiyyət vəsiqəsi ilə dollar satışı həyata keçirilir, amma şəxsiyyət vəsiqəsini xüsusi avadanlığa yaxınlaşdırmaqla onu qeydə alır. Bu da qısa zamanda elektron formada məlumatın hazırlanmasına səbəb olur. Prosesin elektronlaşmasına ehtiyac var ki bu növbələrin və ajotajın yaranmasına səbəb olmasın.

“Bu gün Mərkəzi Bank eyni zamanda kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verib. Bununla da, Mərkəzi Bank əslində tələb artdığı halda manatın ucuzlaşmasına start verdi. Düzdür, Mərkəzi Bank bununla həmçinin “qara bazarın” qarşısını almağa çalışır. Amma reallıq bundan ibarətdir ki, bu artıq manatın dollara nisbətən daha da ucuzlaşması mesajıdır”.

“Manatın məzənnəsi valyuta bazarında tələb və təklif əsasında formalaşır”

Dünən günün ikinci yarısında Mərkəzi Bankdan daha bir açıqlama verilib. Açıqlamada bildirilir ki, bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi, o cümlədən əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə daha geniş və kompleks tədbirlər üzərində iş aparılır. Mərkəzi Bankdan bildirilib ki, qəbul ediləcək qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: “Mərkəzi Bank eyni zamanda manatın ABŞ dollarına qarşı məzənnəsinin növbəti dəfə devalvasiyası ilə bağlı yayılmış şayiələrlə əlaqədar bildirir ki, bu şayiələrin heç bir əsası yoxdur. Belə ki, manatın məzənnəsi bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşır. Mərkəzi Bank valyuta bazarında hərraclar vasitəsilə valyuta satışı ilə iştirak edir”.