“Mahir aradüzəldənlər”lə “görüş” olacaq

670

Yüksək səviyyəli təmir-bərpadan sonra teatrsevərlərin ixtiyarına verilən Şəki Dövlət Dram Teatrı yeni mövsümü sentyabrın 15-də ispan dramaturqu Xose Eçeqarayın “Mahir aradüzəldənlər” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə açacaq. Yaradıcı kollektiv məzuniyyətdən sonra Xalq Şairi Səməd Vurğunun “Vaqif” pyesi əsasında hazırlanan yeni tamaşanın məşqlərinə başlayacaq. Əsərə Moskvada yaşayan həmvətənimiz, Azərbaycanın və Rusiyanın Əməkdar İncəsənət Xadimi, rejissor Mərdan Feyzullayev quruluş verəcək.
Həmçinin bu ilin noyabrında teatr 4-5 tamaşa ilə Bakı şəhərinə qastrola gəlmək niyyətindədir. İlin sonunadək isə teatrda türk yazıçısı Hidayət Sayanın “Davul səsi” pyesi əsasında yeni səhnə əsəri hazırlanaraq teatrsevərlərə təqdim olunacaq.