Magistraturaya qəbulun ikinci mərhələsi keçirilir

542
 Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2014/2015-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir. Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 1-dən 8-dək aparılıb. Onlar qeyd olunan müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq ediblər.

Bu hüquqa malik olan bakalavrlardan 10159 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8900 nəfəri Azərbaycan bölməsi, 1259 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4269 nəfərini oğlanlar, 5890 nəfərini isə qızlar təşkil edir. 6101 nəfər ali təhsil müəssisələrinin builki, 4058 nəfər əvvəlki illərin məzunudur. Bakalavrlardan 8957 nəfəri Bakı şəhərində, 249 nəfəri Naxçıvan şəhərində, 953 nəfərinin isə Gəncə şəhərində imtahan verəcək.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.