“Mağazanı deyil, mövsümü bağlayırıq”

394

Hər il Yeni il öncəsi bir çox mağazalar endirim kampaniyasına başlayırlar. Müştərilər bu endirimlərdən yararlanmaq üçün sözügedən ünvanlara üz tuturlar. Lakin aldadılan, saxta endirim kampaniyası ilə üzləşən vətəndaşlar da az deyil. Bəzi müştərilər “onsuz da əziyyət çəkib mağazaya qədər gəlmişəm, heç olmasa bir şey alıb aparım” deyir və alış-veriş edirlər. Saxta endirim kampaniyası təşkil edən mağazalar müştərilərin bu psixologiyasını yaxşı bildikləri üçün məhz bu yola əl atırlar.
Yeri gəlmişkən, paytaxt sakinlərindən biri bu yaxınlarda maraqlı bir hadisənin şahidi olub. Dediyinə görə, bir mağazanın vitrinində “bağlayırıq” sözü yazılıbmış. Həmin şəxs düşünüb ki, yəqin mağaza bağlandığı üçündür ki, burada geyimlər endirimlə satılır. Mağazaya daxil olub, qiymətlərlə maraqlanıb, amma ciddi endirimin şahidi olmayıb. Mağaza işçilərindən soruşub ki, bəs vitrində bağlayırıq sözü niyə yazılıb? Ona cavab verilib ki, mağazanı deyil, mövsümü bağlayırıq – biz bunu nəzərdə tuturuq.
Əlbəttə, bu da müştərilərin aldadılmasının bir növüdür…
“Süni qiymət artımları kimi saxta endirimlər də ölkə qanunvericiliyinə ziddir”
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, saxta endirim kampaniyalarına qarşı ciddi tədbir görülsə, hər il təkrarlanmaz. İqtisadçı belə “kampaniya”ların Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil etdiyini söyləyib: “Süni qiymət artımları kimi saxta endirimlər də ölkə qanunvericiliyinə ziddir. Buna görə də, İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımları ilə yanaşı, saxta endirimlərlə də mübarizəni gücləndirməlidir”.
Ekspert bu məsələdə Rusiya təcrübəsini nümunə göstərib: “Rusiyada bayram endirimlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə qanunvericiliyə dəyişiklik edilib. Bu ölkədə saxta endirim edənlərə qarşı ciddi maliyyə sanksiyaları tətbiq edilir. MDB ölkələrində, bir çox Mərkəzi və Şərqi Avropa dövlətlərində qəbul edilən bu tip qanunlar effektli sayıla bilər. Hesab edirəm ki, bu çatışmazlığı Nazirlər Kabinetinin qəbul edəcəyi sənədlə də aradan qaldırmaq mümkündür”.
“Bizdə alıcıların çoxu heç bir reaksiya vermirlər”
İqtisadçı bəzi mağaza sahiblərinin fərqli üsula əl atdıqlarını qeyd edib: “Belələri mağazalarının vitrinlərinə ilin son endirim kampaniyalarına start verdiklərini və qiymətləri 50-60 faiz azaltdıqlarını yazırlar. Ancaq mağazaya daxil olub mal almaq istəyəndə məlum olur ki, endirim cəmi 5 faiz təşkil edir. Belələrinə qarşı tədbirlər görülməlidir. Belələri xüsusilə Yeni il öncəsi daha da aktivləşirlər”.
V. Bayramov bu məsələdə alıcıların diqqətsiz olmalarını da təəssüflə qeyd etdi: “Deyək ki, bir Avropa ölkəsində mağazaya daxil olan alıcı aldadıldığını görəndə etirazını bildirir və haqqının tapdanıldığını söyləyir. Ancaq bizdə alıcıların çoxu heç bir reaksiya vermirlər. Bu isə həmin sahibkarları saxtakarlığa daha da həvəsləndirir”.
Nicat